Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətin mətnini onun ailəsi Amerikanın Səsinə təqdim edib.
Fazil Qasımov 70 gündür aclıq edir. O, “qanunsuz həbsinə” etiraz edir.
“Mən Sizin və komandanızın Azərbaycan xalqını qaranlıq orta əsrlərə deyil, aydınlıq gələcəyə, müasir sivilizasiyalara doğru aparmağınızı arzu edir, bir-birimizə qisasçılıq duyğuları ilə deyil, insanpərvərlik prinsipləri ilə yanaşmağın və səylərimizi birləşdirməyin Azərbaycana fayda gətirəcəyinə inanıram. Mən bir daha iqtisadçı alim Qubad İbadoğlunun və mənim barəmdə açılan siyasi motivli cinayət işilərinə xitam verilməsini, Azərbaycan Demokratiya və Rifah Partiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmasını, təhlükəsiz şəkildə İstanbul Universitetində elmi fəaliyyətimi davam etdirməyə icazə verməyinizi və xalqıma aid insanpərvərlik dəyərlərini qorumaq üçün apardığım mübarizəyə dəstək olmağınızı xahiş edirəm”, müraciətdə qeyd edilir.
Qasımov yazır ki, BMT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY-un üzvü olan bir ölkədə, İslam dünyasının mədəniyyət paytaxdında Türkiyənin ən qədim, ən mötəbər elm ocağı olan İstanbul Universitetinin azərbaycanlı doktorantı, UN GSP məzunu, Azərbaycanın qeyri-maddi mədəni irs üzrə ilk UNESCO kafedransının qurucusu şərlənərək həbs edildiyinə görə 70 gündür acdır,
“Həqiqətən sözün bitdiyi yerdəyik. Mən əminəm ki, Siz siyasi iradə ortaya qoysanız, Azərbaycanda bütün vətəndaşların konstitusion hüquqları tam şəkildə təmin olunar. Mən bu müraciətimlə Sizdən bu yöndə siyasi iradə ortaya qoymağınızı xahiş edirəm. İnsanpərvərlik zəiflik göstəricisi deyil, əksinə güclü insanlara xas dəyərlərdir. İnkişaf etmiş ölkələrin əhalisi güclü və bəsirətli liderlərin sayəsində qadınları tonqalda qalayan, yoxsul insanları kölə bazarında satan, uşaqları qul kimi işlədən, elm adamlarını xalqın gözündə şeytanlaşdıran cahil insanların hökmranlığından xilas edib. Mən bir elm adamı olaraq vətənim Azərbaycanda gündən-günə geniş vüsət alan cəhalətdən, mənəvi deqredasiyadan, avtoritar, kriminal təfəkkürdən, anti-demokratik qaydalardan, insan hüquqları pozuntularından, siyasi repressiyalardan narahatam. Azərbaycanın polis idarələrində və Pentensiar Xidmətin Müəssisələrində sübutların saxtalaşdırılması məqsədilə təqsirləndirilən şəxslərin çayına, yeməyinə psixotrop maddələr qatılması, ailəsi ilə, cinsi istismarla, zorakılıqla hədələnməsi, ağır işgəncələrə məruz qalması dəhşət vericidir və dövlət dövlət içindəki mafioz qruplar tərəfindən vətəndaşalara sistemli formada aparılan siyasi repressiyalar mənəvi terrordur”, o müraciətində qeyd edir.
Fazil Qasımov müraciətində Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), Penitensiar Xidmətin istintaq təcrdixanasında çoxsaylı işgəncələrə məruz qaldığını bildirir.
“Nə mənə hədə-qorxu ilə yalan ifadə yazdıranlar, nə mənə işgəncələr verib ləyaqətimi alçaldanlar, nə məni ailəmlə, cinsi zorakılıqla hədələyənlər, nə çayıma, yeməyimə psixotrop maddələr qatanlar, nə ailəmdən hüquqi xidmət haqqı alsa da məni müdafiəsiz qoyanlar və ya BMCMİ-nin İstintaq İdarəsinin tapşırığı ilə məni manipulyasiya edib qanuni mənafeyimə zidd davrananlar, nə də 62 gün ac olduğumu bilə-bilə qollarımı arxadan qandallayıb müalicə müəssisəsindən məhkəməyə aparanlar (avqustun 15-də keçirlən məhkəmə iclası-red) və bu tapşırığı onlara verənlər vicdan əzabı çəkmir. Bunları yazaraq əvvəla istəyirəm ki, sizi ölkəmizin hüquq-mühafizə, ədliyyə sistemində vəziyyətin kritikliyindən xəbərdar edim. Həm də istəyirəm ki, bu qeydlərim tarixdə qalsın”, İstanbul Universitetinin doktorantı Azərbaycan Prezidentinə müraciətində qeyd edir.
Fazil Qasımov müraciətində həbsinin səbəbləri, istintaq dövründə çoxsaylı işgəncələrə məruz qalması, çayına və yeməyinə psixotrop maddələr qatılaraq ondan yalan ifadəyə imza atdırılması, vəkilinin onu müdafiə etməməsi, istintaq təcridxanasında cinsi zorakılıqla hədələnməsi, ittihamın uydurma olmasını geniş və xronoloji ardıcıllıqla işıqlandırıb.
“Şərlənərək həbs edilmiş azərbaycanlı elm adamının, iradəsinə zidd davranmağa məcbur etmək üçün türmə rəisi tərəfindən dustaqların cinsi istismarına məruz qoyulmaqla hədələnməsi 1930-cü illərdə Sovet Azərbaycanında intellektual soydaşlarımıza qarşı NKVD tərəfindən aparılmış repressiyalardan daha vahiməlidir. Çünki, mənəvi terror güllələnməkdən, sürgündən daha betərdir”, o qeyd edib.
Qasımov psixotrop maddələrlə zəhərlənməsi ilə bağlı saçından nümunələrin BMT-nin laboratoriyalarında analiz üçün göndərildiyini də diqqətə çatdırıb.
Öz növbəsində Daxili İşlər Nazirliyi Fazil Qasımovun istintaq zamanı işgəncələrə, qeyti-insani rəftara məruz qalması ilə bağlı iddiaları barədə Amerikanın Səsinin sorğusuna cavab verməyib. Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.
Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Qasımovun cinayət işi üzrə hazırlıq iclası başlayıb. Növbəti məhkəmə iclası avqustun 29-na təyin edilib.
Forum