Accessibility links

Nazim Qasımov: Qardaşımın səhhəti çox ağırdır. Aclığı isə sona qədər davam edəcək


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

İstanbul Universitetinin doktorantı Fazil Qasımov artıq 91 gündür aclığı davam etdirir. O, “qanunsuz həbsinə” etiraz edir.

Bu barədə onun qardaşı Nazim Qasımov Amerikanın Səsinə bildirib.

Nazim Qasımovun sözlərinə görə, sentyabrın 13-də qardaşı ilə görüşəcək.

O, Fazil Qasımovun aclığı sona qədər davam etdirəcəyini bildirib.

“Qardaşımın səhhəti çox ağırdır. O, hər an həyatını itirə bilər. Yalvarışlarımıza baxmayaraq, inadından dönmür. Sentyabrın 19-da Fazilin növbəti məhkəməsidir. O, bütün vəsatətlər təmin olunmayana qədər aclığı davam etdirəcəyini bildirib” , Nazim Qasımov bildirib.

Qardaşının dediyinə görə, müalicə müəssisəsində Fazil Qasımovun vəkilləri ilə danışıqlarına qulaq asılır.

“Yazdığı müraciətlər, vəsatətlər də senzuraya məruz qalır. Nəzarətçilər onun yazdılarını oxuyur və lazım bilmədiklərini əlindən alırlar”, Nazim Qasımov qardaşına istinadən bildirib.

Vəkil Rövşanə Rəhimli də Amerikanın Səsinə müdafiə etdiyi Fazil Qasımovun durumunun çox ağır olduğunu deyib.

Bununla yanaşı, Fazil Qasımovun səhhəti ilə bağlı Penitensiar Xidmətin Müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Forum

XS
SM
MD
LG