Accessibility links

ABŞ senatoru və beynəlxalq təşkilatlar Qubad İbadoğlunun azad edilməsinə çağırıb


Senator Bek Kardin
Senator Bek Kardin

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini iqtisadçı alim Qubad İbadoğlunu azad etməyə çağırıb.

“Beynəlxalq miqyasda tanınmış alim və siyasi fəal olan doktor Qubad İbadoğlu Azərbaycanda korrupsiyanı ifşa etdiyinə görə 274 gün həbsdə qaldıqdan sonra bu gün 53 yaşını ev dustaqlığında keçirir. Mən bir daha hakimiyyəti Qubadı azad etməyə çağırıram”, Senator Ben Kardin X səhifəsində yazıb.

Sentyabrın 12-də 53 yaşını qeyd edən Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılaraq saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.

Həbsdə olarkən səhhəti pisləşən İbadoğlunun azad edilməsi üçün bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT Azərbaycan hakimiyyətinə çağırışlar edib.

Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğlunun azad edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı sanksiyalara çağıran iki qətnamə qəbul edib.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

“Hazırda o, ev dustaqlığındadır. Lakin onun səhhəti üçün həqiqətən ehtiyac duyduğu tibbi müalicəyə hələ də icazə verilməyib. Odur ki, Qubad dərhal və qeyd-şərtsiz azad edilməli, ailəsinə qovuşmalı və gördüyü vacib işi davam etdirə bilməlidir”, Crude Accountability təşkilatının icraçı direktoru Keyt Uotters qeyd edib.

X sosial şəbəkəsində Qubad İbadoğluna təbriklərini ünvanlayan Dünya Demokratiya Hərəkatı beynəlxalq qeyri-hökumət təşkilatı da onun azad edilməsinə çağırıb.

“Bu gün doktor Qubad İbadoğlunun doğum günüdür. Dünya Demokratiya Hərəkatı onunla həmrəydir. Azərbaycan məhkəmələri onun işini dondurub. O, hələ də məhkəməni gözləyir və həbsdə olarkən həyati vacib tibbi yardım ala bilmir. Biz onun tam və birmənalı şəkildə azad edilməsinə çağırırıq”, təşkilat qeyd edib.

Azərbaycanın hakimiyyət nümayəndələri bu çağırışlara hələlik hər hansı münasibət bildirməsə də, rəsmi Bakı həbs edilən fəalların, jurnalistlərin və hökumət tənqidçilərinin azad edilməsinə dair əvvəlki çağırışları qərəzli hesab etdiyini, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG