Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Amnest International, Sərhədsiz Reportyorlar bütün diplomatları dekabrın 17-də Azərbaycanda Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan "Abzas Media"ya qarşı məhkəmə prosesində iştirak etməyə çağırıb. Bu təşkilatlar Azərbaycan hökümətini bir daha "Abzas Media” və digər həbs edilən jurnalistləri azad etməyə çağırıb.
"Biz həmçinin Azərbaycan hakimiyyətini “Abzas Media” komandasına qarşı irəli sürülən ittihamları götürmöyə, onları, eləcə də həbsdə olan digər jurnalistləri azad etməyə çağırırıq”, Amnesty International-ın bəyanatında deyilir.
AzadlıqRadiosunun prezidenti Stive Kapus da radionun jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırıb.
Kapus bu bəyanatı dekabrın 17-də "AbzasMedia işi" üzrə başlanan məhkəmədən öncə verib.
"Dekabrın 17-də AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə əsassız və absurd ittihamlarla məhkəmə qarşısına çıxarılacaq. Fərid Azərbaycan iqtisadiyyatı haqqında acı həqiqətləri yazdığına görə cəzalandırılır. Azərbaycan bu saxta məhkəməyə son qoymalı, Fəridi ailəsinin yanına buraxmalıdır", bəyanatda deyilir.
Öz növbəsində Sərhədsiz Reportyorlar (RSF) da bir il sonra bu gün Azərbaycanda "Abzas Media"nın əməkdaşlarının məhkəməsinin başlanılmasını xatırladıb.
RSF qondarma ittihamları pisləyir və Azərbaycanın səlahiyyətli orqanların onları azad etməyə çağırıb.
Azərbaycan höküməti deyilənələrə hələ şərh etməyib.
Son bir ildə Azərbaycanda qrup halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
“Abzas Media” işi ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərin məhkəməsi başlayır. Hazırlıq iclası dekabrın 17-də hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.
Daha sonra direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Forum