"Azərbaycanı ölkədə media azadlıqlarına hörmət etməyə çağırırıq".
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dekabrın 17-də ənənəvi brifinqdə Turanın müxbirinin “Azadlıq radiosunun jurnalisti Fərid Mehrəlizadəyə qarşı məhkəmə işi ilə bağlı sualına cavabda bildirib.
“Biz bu işdən hələ də çox narahatıq və Azərbaycanı ölkədə hər kəsi insan hüquqlarına, sözsüz ki, media azadlıqlarına hörmət etməyə çağırırıq", o qeyd edib.
Rəsmi Bakı bu deyilənələrə hələ şərh etməyib.
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” ilə bağlı həbs olunan jurnalistlərin məhkəməsi başlayıb.
AzadlıqRadiosunun prezidenti Stive Kapus da radionun jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırıb.
Kapus bu bəyanatı dekabrın 17-də "AbzasMedia işi" üzrə başlanan məhkəmədən öncə verib.
Son bir ildə Azərbaycanda qrup halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də həbs olunub.
Daha sonra direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Forum