Vəkil Nemət Kərimli dekabrın 16-da 3 saylı Bakı İsitintaq Təcridxanasında (Şüvəlan təcridxanası) “Meydan TV”nin jurnalistı Ramin Deko ilə görüşüb.
Nemət Kərimlinin sözlərinə görə, jurnalistin səhhəti normaldır, ailəsi ilə görüşüb.
Vəkilin dediyinə görə, jurnalist özünü ona verilən ittiham üzrə təqsirli bilmir.
Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Meydan TV”nin jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətləri təmin etməyib.
Nemət Kərimli qeyd edib ki, Ramin Dekonun ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verəcək.
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücuma məruz qalıb, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin hazırladığış Pgasus casus proqramı vasitəsiə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Forum