Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Meydan TV”nin jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətləri təmin etməyib.
Apellyasiya şikayətlərində, qərarın ləğv edilməsi və jurnalistlərin həbsdən azad edilməsi və ya ev dustaqlığına buraxılması göstərilib.
Bakı Apelyasiya Məhkəməsinin bu gün keçirilən iclaslarında jurnalistlərin özləri də iştirak edib.
Bu barədə vəkillər Amerikanın Səsinə bildirib.
Xəyalə Ağayevanın haqqında həbs qərarından verilmiş şikayətə hakim Zaur Hüseynovun sədrliyilə baxılıb.
Vəkil Nazim Musayevin sözlərinə görə, müdafiə tərəfi, məhkəmədə onun haqqında həbs qərarının ləğvini istəyib.
Müdafiəçi bildirib ki, Xəyalə Ağayevanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. O, müvəkkili haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.
Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi apelyasiya şikayətinə etiraz edib və jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın qüvvədə saxlanmasını xahiş edib. O bildirib ki, jurnalist həbsdən buraxılarsa, istintaqdan yayına bilər, şahidlərə təsir göstərə bilər.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qaçaqmalçılıq ittihamı verilib, lakin onun ölkəyə qanunsuz yolla valyuta gətirməsi və yaxud bu cinayətdə iştirakı barədə heç bir sübut ortaya qoyulmayıb.
Məhkəmə isə onun barəsində apelyasiya şikayətini təmin etməyib. Xəyalə Ağayeva haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Vəkil qeyd edir ki, məhkəmədə Xəyalə Ağayeva iştirak edərək, çıxışında həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
“Meydan TV”nin əməkdaşı Aytac Tapdığın (Əhmədova) haqqında həbs qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmədə vəkil Cavad Cavadov bildirib ki, jurnalistlərin, o cümlədən Aytac Tapdığın valyuta qaçaqmalçılığında iştirakı barədə sübut-dəlil olmadan onun haqqında həbs qərarı İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-cı (azadlıq və toxunulmazlıq hüququ), 18-ci (konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozulmasıdır.
Aytac Tapdığın özü də jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.
Onun sözlərinə görə, jurnalist saxlanma şəraitindən narazı olmadığını və ailəsi ilə əlaqə saxladığını bildirib.
Eyni zamanda, jurnalist Ramin Dekonun da apellyasiya şikayəti təmin edilməyib.
Vəkili Nemət Kərimli Dekoya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Dekonun saxlanma şəraiti ilə bağlı şikayəti olmasa da, məhkəmədə onunla konfidensial ünsiyyətə imkan verilməməsindən narazılıq edib. Həmçinin əlavə edib ki, Ramin Dekonun ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verəcək.
Bu gün Apellyasiya Məhkəməsi media eksperti Ülvi Tahirovun həbsi barədə qərarı da qüvvədə saxlayıb, onun vəkili Bəhruz Bayramov bildirib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalist Natiq Cavadlının apellyasiya şikayəti də təmin edilməyib. Vəkil şikayətdə birinci instansiya məhkəməsinin Cavadlıya qarşı şübhələrin əsaslılığını və həbs üçün əsasın mövcudluğunu araşdırmadığını bildirib.
Natiq Cavadlı özü də məhkəmədə çıxış edərək bildirib ki, jurnalist fəaliyyətinə görə həbsdədir. O bildirib ki, 33 ildən çoxdur jurnalistdir. Bu müddətdə peşəkar fəaliyyətinə görə mükafatlara layiq görülüb.
“Mənim əlim heç vaxt haram pula dəyməyib. Mən deputatlardan müsahibələr götürürdüm, dövlət qurumlarından açıqlamalar alırdım. Əgər cinayətkar fəaliyyətlə məşğul idimsə, niyə mənə müsahibələr, açıqlamalar verirdilər?” Natiq Cavadlı məhkəmədə deyib.
Aynur Elgünəş haqqında həbs qərarından şikayətə hakim Fərid Əyyubovun sədrliyilə baxılıb.
Məhkəmədə məlum olub ki, Fərid Əyyubov apellyasiya şikayətinə baxır, amma araşdırdığı məsələ ilə bağlı cinayət işinin materialları məhkəməyə gətirilməyib. Müdafiə tərəfinin etirazına baxmayaraq, o, bu vəziyyətdə də məhkəmə prosesi keçirib və bir neçə dəqiqə ərzində jurnalist haqqında 4 aylıq həbs qətimkan tədbiri qərarının qüvvədə saxlandığını elan edib.
Aynur Elgünəş bildirib ki, heç bir cinayət törətməyib. Amma Azərbaycanda tənqidi jurnalistika cinayət, peşəkar jurnalistlər də cinayətkar elan olunduğuna görə bu gün o həbsdədir. Vəkili Elçin Sadıqov məhkəmə qərarının əsassız olduğunu vurğulayıb.
Bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsi Meydan TV-nin digər jurnalisti Aysel Umudovanın həbsini də qüvvədə saxlayıb.
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Forum