Accessibility links

Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyaları müzakirə edəcək


Avropa Parlamenti, Strasburq
Avropa Parlamenti, Strasburq

Avropa Parlamentinin önümüzdəki həftə keçiriləcək plenar iclasında Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar mövzusu müzakirə ediləcək.

Dekabrın 18-də baş tutacaq müzakirələrdə vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçilərinin, o cümlədən Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV jurnalistlərinin işlərinə diqqət yetiriləcək.

Parlamentin insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə keçirilən müzakirələrin yekunu olaraq dekabrın 19-da parlamentarlar qeyri-icbari qətnamə layihəsinə səs verəcək.

Dekabrın 5-də Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin iclasında azərbaycanlı və beynəlxalq vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə keçirilən dinləmələrdə Azərbaycanda ötən bir il ərzində insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyi, hökumətin vətəndaş cəmiyyəti və müstəqil medianın son qalıqlarına qarşı “hərtərəfli hücuma” keçdiyi vurğulanıb.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Jülyen Burtemburq dinləmələrin sonunda Aİ-nin Azərbaycanın beynəlxalq insan hüquqlarına əməl etməsinə dair çağırışlarını yeniləyib.

“Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmaqda və bu mesajın bütün aktyorlar tərəfindən ardıcıl şəkildə çatdırılmasını təmin etməyə davam edəcəyik. Biz müstəqil vətəndaş cəmiyyəti subyektlərini və müstəqil medianı dəstəkləməyə və onlarla əlaqə saxlamağa davam edəcəyik”, Burtemburq deyib.

Gələn həftə Strasburqda həmçinin Saxarov Düşüncə Azadlığı mükafatının təqdimetmə mərasimi baş tutacaq. Bu il Venesuellanın demokratik qüvvələrinin qalib elan edildiyi mükafatın üç finalçısından biri azərbaycanlı professor, anti-korrupsiya eksperti Qubad İbadoğlu olub.

Avropa Parlamentinin prezidenti Roberta Metsola Qubad İbadoğluya məktub ünvanlayaraq onu Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib.

Ancaq İbadoğlu barəsindəki cinayət işi çərçivəsində tətbiq edilən səyahət qadağasına görə ölkəni tərk edə bilmir. Dekabrın 3-də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi onun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı müraciətini təmin etməyib.

Saxarov mükafatının dekabrın 17-də keçiriləcək təqdimetmə mərasimində Qubad İbadoğlunu övladları təmsil edəcək.

Azərbaycanda ötən bir il ərzində vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı insan hüquqları qruplarının siyasi motivli kimi qiymətləndirdiyi cinayət təqibləri, Abzas Media, Toplum TV kimi müstəqil media orqanlarının redaksiyalarının qapadılması fonunda 30-dən çox jurnalist və fəalın həbs edilib.

Yerli insan hüquqları təşkilatlarının yaydığı son siyahıya əsasən, hazırda Azərbaycanda 331 siyasi məhbus var.

Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.

Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Forum

XS
SM
MD
LG