ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Dövlət Televiziyasının (AZTV) "Həftə" proqramında ABŞ administrasiyasını ittiham edən süjetə cavab verib. Süjetdə ABŞ administrasiyasının, o cümlədən Dövlət katibi Antoni Blinkenin ünvanına ittihamlar yer alıb. Öz növbəsində, ABŞ səfirliyinin cavabına Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi münasibət bildirib.
ABŞ səfirliyi AZTV-nin süjetinin linkini Facebook səhifəsində əks etdirərək ittihamlara aşağıdakı cavabı verib.
“Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? "Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”, səfirliyin X Platformasında yaydığı məlumatda deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə ABŞ-ın Azərbaycandakı səfirliyinin AZTV-nin iddialarına cavabına münasibət bildirib.
“Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır. Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir. Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir,” Hacızadə X Platformasında qeyd edib.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfər çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyashıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.
Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dekabrın 17-də ənənəvi brifinqdə “Azadlıq radiosunun jurnalisti Fərid Mehrəlizadəyə qarşı məhkəmə işi ilə bağlı suala cavabda Azərbaycan hökumətini ölkədə media azadlıqlarına hörmət etməyə çağırıb.
Bundan bir həftə öncə Vaşinqtonda düzənlənən mərasimlərdə ABŞ Dövlət Katibi hazırda Azərbaycanda həbsdə olan "Abzas Media" jurnalisti Sevinc Vaqifqızıya Korrupsiyaya Qarşı Mübarizə Çempionu və həbsdə olan hüquq müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərova ABŞ Dövlət Departmentinin İnsan Hüquqları Müdafiəçisi mükafatları təqdim edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinken dekabrın 11-də yaydığı bəyanatda bildirib.
Forum