Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətinin, həmçinin Qərb mediasının, o cümlədən Amerikanın Səsinin və Azadlıq Radiosunun tənqidinə böyük yer verib.
Onun sözlərinə görə, Bayden administrasiyası tarixə israrçı düşüb - lazım olmayan yerdə kömək etmək istəyir.
"Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.
Prezident deyib ki, Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib:
"Biz hər şeyi başa düşürük, buna görə də hər şeyi nizamlamışıq. Məsələn, Azərbaycan mediası xarici mənbələrdən 1% belə maliyyələşə bilməz. Niyə maliyyələşsin? Biz ABŞ mediasını maliyyələşdirmirik, onlar niyə bizim mediamızı maliyyələşdirsin?"
"Onlar onsuz da "Amerikanın Səsi", "Azadlıq Radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə çirkab axıdır və Ermənistana qarşı qələbəmizə kölgə salır", Əliyev qeyd edib.
Prezident Əliyev daha sonra COP29 iqlim konfransının keçirilməsi ilə əlaqədar Qərb mediasında Azərbaycana qarşı "təbliğat kampaniyası" aparıldığını deyib. Bununla əlaqədar olaraq, o, Washington Post, New York Times, Figaro və Le Monde-ni "yalançı dördlük" adlandırıb.
Prezident Əliyev həmçinin ABŞ və Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib. Fransanın Ermənistana hücum silahları tədarük etməsi Azərbaycan üçün təhlükə yaradır.
"Biz dəfələrlə Ermənistanın və onun ABŞ Dövlət Departamentindəki himayədarlarının nəzərinə çatdırmışıq ki, buna son qoyulmalıdır. Lakin, təəssüf ki, bizim səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sürətlə davam edir", o qeyd edib.
Bununla yanaşı, Əliyev Rusiyanı Azərbaycanın "etibarlı tərəfdaşı" adlandırıb.
"Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır", o qeyd edib.
“Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə vəziyyətə anlayış göstərmişik və özümüzü dost kimi aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq", o deyib.
Əliyev qeyd edib ki, "Rusiyanın müdafiə sənayesi hazır olan kimi" Azərbaycan Rusiyadan silah almağı bərpa edəcək. O, Putin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirməkdə "qətiyyətlilik" arzu edib.
Qeyd edək ki, 2022-ci il iyunun 4-də RİA Novosti agentliyinin Azərbaycanda yayımı bloklanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, RİA Novosti agentliyi tərəfindən "təxribatçı açıqlamaların tirajlanması, həmçinin, Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır".
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur", Xarici İşlər Nazirliyinin rəsmisinin bəyanatında deyilir.
Forum