Accessibility links

Bakı Apellyasiya məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun şikayətinə baxılacaq


Rüfət Səfərov, hüquq müdafiəçisi
Rüfət Səfərov, hüquq müdafiəçisi

Dekabrın 11-də Bakı Apellyasiya məhkəməsində "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun şikayətinə baxılacaq.

Vəkil Elçin Sadıqovun məlumatına görə, apellyasiya şikayəti hüquq müdafiəçisinin həbs edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin qərarından verilib.

Apellyasiya şikayətində bu qərarın ləğv edilməsi və Rüfət Səfərovun azad edilməsi göstərilib.

Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG