Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyiş yoxdur.
Bu barədə Azərbaycan Demokratik Təşəbbüslər İnstitutunun araşdırmasında deyilir.
İnstitut “Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair” araşdırma sənədi hazırlayıb. Araşdırmada 2021-ci il üçün vəziyyət təhlil edilib.
“Azərbaycanda ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmayıb. Qanunvericilikdə heç bir pozitiv dəyişiklik qeydə alınmayıb, eləcə də praktiki səviyyədə dövlət qurumları səlahiyyətlərindən sui-istifadə edərək ifadə azadlığına legitim olmayan müdaxilələr ediblər,” sənəddə deyilir.
Bəzən də cəzalandırma səlahiyyətlərini şəxsin ifadə azadlığını məhdudlaşdırmaq üçün əsassız təzyiq vasitəsi kimi istifadə ediblər. Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşahidə olunub. Belə ki, 2021 -ci il ərzində 6 nəfər paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Ən böyük problemlərdən biri qanunvericilikdə diffamasiyaya görə cinayət məsuliyyətinin olması və praktikada bu maddənin tətbiq olunmasıdır, araşdırma müəllifləri hesab edirlər.
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı bir çox işdə əsas pozuntu tapdığı məqamlardan biri cəzaların mütənasib olmamasıdır.
“Belə ki, həmin qərarlarda yerli məhkəmələrin ən ağır sanksiyaları seçdiyi, mövzunun ictimai debata töhfə vermə və şəxsin ictimai həyatdakı rolu kimi faktorları nəzərə almadığı bildirilib,” araşdırmada deyilir.
2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi ümumilikdə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Ümumilikdə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib.
Hökumət Strasburq məhkəməsinin qərarlarını tam icra etmir.
Qərarların kompensasiya hissəsi əsasən icra olunsa da, qanunvericilik normaları Avropa İnsan Hüquqları Məhkəməsinin göstərişlərinə və Avropa Konvensiyasının müddəalarına uyğunlaşdırılmayıb, vəzifəli şəxslərin vətəndaşların hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətləri araşdırılmır.
Araşdırmanın sonunda bir sıra tövsiyələr irəli sürülüb.
Əsasən Cinayət Məcəlləsindən 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin çıxarılması və diffamasiyaya görə yalnız mülki məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.
Jurnalistlərin həbs cəzalarına məhkum olunduğu cinayət işləri də yenidən araşdırılmalı və sonradan qanunsuz olaraq bu cəzaya məhkum edilmiş şəxslər azadlığa buraxılmalıdırlar.
Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən müdafiəsi, onların informasiya əldə etməsinin təmin olunması haqda qanunlar praktikada tətbiq edilməlidir.
Hakimiyyət siyasi iradə nümayiş etdirməli, siyasi məhbusların azad edilməsilə bağlı Avropa Şurası Parlament Assambleyası və yerli hüquq müdafiəçilərinin hesabatlarını nəzərə almalıdır.
İfadə azadlığının təmin edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı ümumi göstərişlər yerinə yetirilməli, sosial şəbəkə istifadəçilərinə qarşı təqiblər dayandırılmalıdır, araşdırmanın sonunda deyilir.
Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ildə təsis edilib. İnstituta Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov rəhbərlik edir.
Bununla yanaşı, Azərbaycan hökuməti bir qayda olaraq azadlıqlarla bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı fundamnetal azadlıqlarla bağlı konstitusion və beynəlxalq öhdəliklərinin tam yerinə yetirildiyini, insanların əqidələrinə, fikirlərinə görə təqib edilmədiyini bildirir. Bununla yanaşı, son illərdə çoxsaylı jurnalistlər, blogerlər və bir sıra siyasətçilər Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə ittiham olunub. Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 167-ci yeri bölüşür.