Accessibility links

Arif Hacılı: "Siyasi Partiyalar haqqında" qanun avtoritar mühiti daha da möhkəmləndirəcək


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib ki, "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi ölkədə siyasi mübarizə mühitini aradan qaldırmağa, avtoritarizmin möhkəmləndirilməsinə xidmət edəcək.

Arif Hacılı: "Siyasi Partiyalar haqqında" qanun avtoritar mühiti daha da möhkəmləndirəcək
please wait

No media source currently available

0:00 0:08:29 0:00

Amerikanın Səsi: "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması hansı zərurətdən irəli gəlir? Yeni qanun layihəsini qüvvədə olan qanunla müqayisədə mütərəqqi saymaq olarmı?

Arif Hacılı: Bu qanun əslində 1992-ci ildə qəbul edilmişdi. Xeyli müzakirələrdən sonra bizim parlament üzvü olduğumuz dövrdə qəbul olunan bir qanun idi. Əslində ölkədə siyasi partiyaların fəaliyyəti üçün bu qanunun hər hansı bir maneəçiliyi yox idi. Ancaq istənilən halda qanunlar təkmilləşdirilər, bu istiqamətdə yeni qərarlar qəbul edilə bilər. Hər halda əlimizdə olan layihə göstərir ki, qanunda edilən dəyişikliklər və oraya edilən əlavələr heç də siyasi partiyaların fəaliyyətini asanlaşdırmaq yox, onların fəaliyyətinə əngəllər törətmək məqsədi ilə edilən dəyişikliklərdir.

Amerikanın Səsi: Bəs, bu qanun layihəsinin irəli sürülməsi hansı zərurətdən irəli gəlir?

Dəyişikliklər hər dəfə qanunların və konstitusiya maddələrinin mürtəceləşməsi ilə nəticələnir.

Arif Hacılı: Hakimiyyət zaman-zaman ölkədə olan demokratik dəyərləri, demokratik institutların fəaliyyətini məhdudlaşdırmaq xətti götürür. Bu məqsədlə zaman-zaman referendumlar keçirilir, qanunlarda dəyişikliklər edilir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu dəyişikliklər hər dəfə qanunların və konstitusiya maddələrinin mürtəceləşməsi ilə nəticələnir.

Amerikanın Səsi: Fikrinizcə yeni qanunun qəbulu siyasi mübarizə mühitinə necə təsir edə bilər?

Azərbaycan hakimiyyəti avtoritar rejimi möhkəmləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Arif Hacılı: Xüsusi bir təsir edəcəyini düşünmürəm. Çünki, onsuz da Azərbaycanda demokratik hüquqlar xeyli dərəcədə məhdudlaşdırılıb. Azərbaycan hakimiyyəti hətta qanunlarda, konstitusiyada olan müəyyən müsbət müddəalara da əməl etmir. Dövləti, cəmiyyəti istədiyi kimi idarə edir.

Yəni, bu baxımdan əsaslı bir dəyişiklik olacağını düşünmürəm. Ancaq bütövlükdə qanun layihəsində verilən təkliflər onu göstərir ki, Azərbaycan hakimiyyəti ölkədə demokratik mühiti məhdudlaşdırmaq istiqamətində, avtoritar mühiti, avtoritar rejimi möhkəmləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Amerikanın Səsi: Qanun layihəsinin mətni Milli Məclisin rəsmi internet saytında yayılıb. Amma qanunvericilik təşəbbüsü ilə kimin çıxış etdiyi qeyd edilməyib? Münasibətiniz necədir?

Prezident Administrasiyasından gələn bir layihədir.

Arif Hacılı: Əslində bu tamamilə anormal bir haldır. Çünki, kiminsə bu layihənin müəllifi olduğu qeyd edilməlidir. Qanunvericilik təşəbbüsü olan şəxslərin və qurumların adları Azərbaycanın konstitusiyasında, qanunlarında bəllidir. Burada müəllifin göstərilməməsi açıq-aydın onu göstərir ki, bu, Prezident Administrasiyasından gələn bir layihədir. Konkret müəllifini müəyyənləşdirmək istəsək Azərbaycanın hakimiyyətinin başında duran şəxlsərin göstərişi və onların müəllifliyi ilə hazırlanmış bir layihədir.

Amerikanın Səsi: Bu sənəd qəbul edilərsə Azərbaycanın ən qocaman siyasi partyiyası olan Müsavat üçün hansı müsbət məqamlar və problemlər yarana bilər?

Azərbaycanın əsas müxalifət partiyası olan Müsavat Partiyasına da mənfi təsir göstərəcək.

Arif Hacılı: Əslində burada qeydiyyatla bağlı müəyyən məhdudiyyətlər qoyulur. Müsavat Partiyası çoxdan qeydiyyata alınmış bir siyasi partiyadır. Qanunun geriyə qüvvəsi yoxdur. Bu baxımdan Müsavat Partiyası üçün xüsusi fərqli problemlər ola bilməz. Ancaq bütövlükdə ölkədə demokratik ab-havanın məhdudlaşdırılması, ölkədə avtoritar mühitin möhkəmləndirilməsi, təbii ki, Azərbaycanın əsas müxalifət partiyası olan Müsavat Partiyasına da mənfi təsir göstərəcək.

Amerikanın Səsi: Ölkə konstitusiyasında prezident seçilmək üçün Azərbaycanda 10 il yaşamaq, vətəndaşların səsvermədə iştirakı üçün 18 yaş həddi kimi hüquqi norma var. Amma siyasi partiya yaratmaq üçün ölkədə azı 20 il yaşamalısan və yaş həddi 20-dən çox olmalıdır. Bu nə dərəcədə doğru normadır?

Bu tamamailə məntiqsizdir, absurddur.

Arif Hacılı: Elə bu müddəanın özü göstərir ki, hakimiyyət nümayəndələri bu layihəni hazırlayarkən cəmiyyəti yox, ayrı-ayrı fərdləri, ayrı-ayrı şəxsləri, hakimiyyətin maraqlarını nəzərə alıblar. Məsələn, əgər 2003-cü ildə prezident seçilmək üçün 20 il davamlı olaraq Azərbaycanda yaşamaq zərurəti olsaydı İlham Əliyev namizəd ola bilməzdi. Ona görə, onun şəxsiyyətinə uyğun olaraq 10 il oraya daxil edilmişdi. İndi bu məsələlərlə bağlı hakimiyyətin bir problemi yoxdur. Bu baxımdan belə bir müddəa ortaya atmaqla, məsələn, indi mühacirət həyatı yaşamaq məcburiyyətində qalan bir çox şəxslərin Azərbaycana qayıtdıqdan sonra uzun müddət gerçək bir siyasi fəaliyyətlə məşğul olmalarını məhdudlaşdırmaq, eyni zamanda siyasi partiya nümayəndələrinin toplaşması üçün əlavə çətinliklər yaratmaq məqsədi ilə belə bir müddəa daxil edilib. Bu da tamamilə bir absurddur. Əgər dövlətin başçısı olmaq, on miltonluq xalqın taleyini etibar etmək üçün o şəxsin ölkədə 10 il yaşaması yetərlidirsə, necə ola bilər ki, birdən-birə hansısa bir partiyanın 200 təsisçisindən hər birinin 20 il Azərbaycanda yaşaması tələbi irəli sürülüb. Bu, tamamailə məntiqsizdir, absurddur.

Amerikanın Səsi: Siyasi partiyaların üzvlərinin sayı və maliyyələşdirilməsi ilə bağlı yeni qanun layihəsindəki normalar sizi qane edirmi?

Arif Hacılı: Təbii ki, bu normalar düzgün normalar deyil. Müsavat Partiyasının üzvlərinin sayı təbii ki, on minlərlədir. Bu Müsavat Partiyası üçün problem yarada bilməz. Ancaq problem başqadır. Onlar xüsusilə gerçək müxalifət partiyalarının üzvlərinin siyahısını əldə etmək, onlar barədə məlumatları əldə etmək və daha çox sayda olan müsavatçı haqqında, digər müxalifət partiyalarının üzvləri barədə məlumat almaqla təzyiq etmək imkanları əldə edirlər. Təbii ki, xüsusilə gerçək müxalifət partiyaları üçün problemdir.

Amerikanın Səsi: Sənəddə reyestrlə bağlı da bir norma var. Bu nə deməkdir?

Partiyaların maliyyələşdirilməsi ilə bağlı hakimiyyətin narahatçılığı var.

Arif Hacılı: Partiyaların maliyyələşdirilməsi ilə bağlı hakimiyyətin narahatçılığı var. Onsuz da Azərbaycanda gerçək müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşdirilmir. Məsələn, hazırda Azərbaycan parlamentində olan partiyaların sayı ondan artıqdır. Ancaq Azərbaycanın əsas siyasi partiyaları, o cümlədən Müsavat Partiyası parlamentdə olmadığı üçün dövlət büdcəsindən maliyyələşdirilmir. İndi üzvlük haqları, ianələr hesabına gerçək müxalifət partiyalarının maliyyələşməsi ehtimallarının qarşısını alamq üçün maliyyə məsələlərində də məhdudiyyətlər qoyublar. Yəni, bütövlükdə qanun layihəsinə edilən əlavə və dəyişikliklər gerçək müxalifət partiyalarının, o cümlədən Müsavat Partiyasının fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır.

Ameirkanın Səsi: Təklifləriniz nədir?

Arif Hacılı: Biz təbii ki, mövcud qanunun olduğu kimi qalmasını istəyirik. O, daha demokratik bir qanundur. Bu qanun əslində Azərbaycanda çoxpartiyalı siyasi sistemin qurulması və fəaliyyəti üçün ciddi problemlər yaratmır. Təkliflərimiz isə paket halındadır. Yalnız "Siyasi Partiyalar haqqında" qanuna dəyikliklər etməklə ölkədə ümumi demokratik ab-havanı dəyişmək mümkün deyil. Ümumi demokratik ab-havanı dəyişmək üçün referendum keçirilməlidir. Konstitusiya dəyişiklikləri edilməlidir. Parlamentə seçkilərdə majoritar sistemlə yanaşı, proprsional seçki sistemi tətbiq edilməlidir. Ölkədə sərbəst toplaşmaq azadlığı, söz və ifadə azadlığı təmin olunmaldır. Başlıcası "Seçki Məclləsi"ndə çox ciddi dəyişikliklər edilməli və iddiaçı tərəflərin bərabərhüquqlu olaraq seçki komissiyalarında, seçki administrasiyasında iştirakına şərait yaradılmalıdır. Eyni zamanda, seçki kampaniyaları dövründə bütün iddiaçı tərəflərə bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılmalıdır. Azərbaycan hakimiyyəti nəinki ölkədə siyasi rəqabət üçün bərabərhüquqlu şəriat yaratmır, əksinə bu hüquqların hakimiyyətin xeyrinə müsbətə doğru, müxalifət partiyalarının ziyanına dəyişməsi üçün əlindən gələni edir. İndi, "Siyasi Partiyalar haqqında" qanuna edilən əlavə və dəyişikliklər də həmin məqsədə xidmət edir.

Qeyd: Bu Müsavat Partiyasının başqanı Arif Hacılının fikirləridir. Bununla yanaşı iqtidarda olan Yeni Azərbaycan Partiyasının funksionerləri yeni qanunun qəbulunun ölkədə demokatiyanın, seçki azadlığının dərinləşməsinə xidmət edəcəyini bildirir.

XS
SM
MD
LG