Accessibility links

Avropa Şurası Azərbaycanı jurnalistləri həbsxanada saxlayan ölkələr sırasında göstərib - ekspertin şərhi


Avropa Şurasının Jurnalistikanın müdafiəsinə və jurnalistlərin təhlükəsizliyinə yardım Platforması aprelin 26-da Strasburqda illik məruzəsini açıqlayıb.

Araşdırmada Avropa Şurasının iştirakçısı olan ölkələrdə jurnalistlərin və medianın problemləri, KİV nümayəndələrinin peşə fəaliyyətlərinə görə təqibi faktları əksini tapıb.

Araşdırmanın müəllifləri Avropa Şurasının tərəfdaşı olan, KİV azadlığı məsələləri ilə məşğul olan 15 QHT-dir. Məruzədə Avropa Şurasına üzv ölkələrdə KİV azadlığının vəziyyəti qiymətləndirilir.

Azərbaycanda Əfqan Sadıqov, Aslan Qurbanov (bloger), Elçin Məmməd və Polad Aslanov həbsdə saxlanılır.
Avropa Şurasının hesabatından sitat

Platforma 2015-ci ildə Avropa Şurası tərəfindən KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdid haqqında məlumatların toplanması və yayılması, media azadlığının müdafiəsi sahəsində işləyən beynəlxalq QHT-lərlə birlikdə yaradılıb.

Platformada müntəzəm olaraq Avropa Şurasına üzv ölkələrdə jurnalistlərə və mətbuata qarşı təhdidlər, ölkələrin bu faktlara cavabları işıqlandırılır.

Hazırkı araşdırma 2021-ci ili əhatə etsə də, sənəddə 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması da əksini tapıb.

Məruzədə Azərbaycandakı vəziyyətə də diqqət yetirilib. Xüsusən, Azərbaycan jurnalistlərin (ümumilikdə 56 nəfər) həbsxanalarda saxlanıldığı ölkələr sırasında göstərilib.

Azərbaycanda Əfqan Sadıqov, Aslan Qurbanov (bloger), Elçin Məmməd və Polad Aslanov həbsdə saxlanılır.

Rusiya tərəfindən ilhaq olunmuş Krımda həbsxanada olan 11 jurnalistdən 10-u Krım tatarıdır.

Azərbaycan, Rusiya, Türkiyə və Ukraynada (Krım) dövlət qulluqçularını təhqir etməkdə, icazəsiz etiraz aksiyalarında iştirakda, hökuməti tənqid etməkdə, polisə tabe olmaqdan imtina etməkdə, məxfi məlumatı yaymaqda və ya terror təşkilatını dəstəkləməkdə ittiham olunan jurnalistlər barəsində 11 hökm çıxarılıb.

Bundan başqa, Azərbaycan hökuməti təzyiq və dövlət resurslarından - subsidiyalardan, reklamdan və s. istifadə etməklə özəl KİV-lər üzərində nəzarət qurduğu ölkələr qrupuna daxil edilib.

Bunun nəticəsində ictimai rəyi formalaşdıran, müxalifətin fikrini və fərqli düşüncəni istisna edən hökumətyönümlü KİV-lər formalaşıb.

Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə bu qrupa daxildir. Macarıstan və Polşada da eyni model tətbiq edilməyə başlayır, bu ölkələr hazırda Avropa Şurasının diqqət mərkəzindədir. Sloveniya da bu yolla gedir.

Məruzə müəllifləri Azərbaycan, Polşa və Macarıstanda jurnalistlərin izlənməsində casus proqramlarından istifadə edildiyini qeyd edib.

Xalid Ağaliyev
Xalid Ağaliyev

Araşdırmada Azərbaycanda AzərTAc dövlət informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun və AzTV dövlət telekanalının operatoru Sirac Abışovun 4 iyun 2021-ci ildə Azərbaycanın azad olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən dağıdılan ərazilərlə bağlı material hazırlayarkən minaya düşərək həlak olduğu qeyd edilir.

Azərbaycanın hökumət qurumlarından bu hesabata müasibət almaq mümkün olmayıb. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri ölkədə bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının tam təmin edildiyini bəyan edir.

Media hüquqları qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, sənəd bir təşkilatın apardığı monitorinqin nəticəsinə deyil, media azadlığı sahəsində çalışan əsas beynəlxalq təşkilatların araşdırmalarının nəticələrinə söykənir.

Hesabat reallığı aydın ifadə edən sənəddir.
Xalid Ağaliyev, ekspert

"Sənəd il boyunca ayrı-ayrı ölkələrdə baş vermis, mediada geniş ifadəsini tapmış, təkzib edilməmiş xəbərlərin, açıqlamaların analizi əsasında hazırlanıb. Ona görə, orada ifadəsini tapan xüsusatları təkzib etmək demək olar ki, mümkün deyil. Fikrimcə, reallığı aydın ifadə edən sənəddir."

Onun fikrincə, sənəddə faktlara əsaslan nəticələr də əsaslıdır.

"Azad medianın var olması üçün əsas məsələlərdən olan müstəqil maliyyə qaynaqlarına sahib olmaq Azərbaycanda on illərdir ki, əsas problem olaraq qarşımıza çıxmaqdadır. Reklam bazarı yoxdur, rəsmi bilgilərə görə, medianın reklam bazarının ümumi həcmi qonşu Gürcüstan, Ermənistanla müqayəsədə 10 dəfələrlə azdır. Bu ölkədə yürüdülən media siyasətinin nəticəsidir, hökumət, bu yolla median nəzarət altında saxlayır. Bütün bunlar yekun nəticədə medianın öz gerçək funksiyalarını yerinə yetirməsini əngəlləyir, media ictimai nəzarətçi funksiyasını itirir və fərqli rəyləri ehtiva etməyən, qeyri-plüralist informasiya axını yanlış ictimai rəy formalaşdırır. Bütün bu məsələlərlə bağlı sənəddə gəlinmiş nəticələri də bölüşməyə bilmərik" - deyə, o, Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG