May ayında jurnalist Aytən Məmmədovanın fiziki hücuma məruz qalması Azərbaycanda jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini sual altına qoyur. Ölkənin müstəqil media ekspertləri, hüquq müdafiəçiləri bu qənaətdədirlər. Onlar hesab edir ki, əslində əvvəllər də Azərbaycanda jurnalistlərə, ictimai fəallara fiziki və mənəvi hücumlar olub. Bəs bu hücumların səbəbi nədir? Jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyətlərinin həyata keçirmələri üçün hansı hüquqi mexanizmlər yaradılmalıdır? Onların təhlükəsiz şəraitdə fəaliyyətləri üçün nələr edilməlidir?
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl hesab edir ki, jurnalistlərə qarşı hücumların səbəbi, o hücumların cəzasız qalmasıdır.
“Ölkədə olan cəzasızlıq mühiti əslində hamıya belə bir mesaj verir ki, jurnalisti istənilən adam hədəf ala bilər. Jurnalistə istənilən adam hücum edə bilər. Bəzi hallarda bu hücumların qaynağı birbaşa yuxarıdan gəlir. Adamlar prezidenti, onun ailə üzvlərini tənqid elədikləri üçün, gizli saxlamaq istədikləri mətləbləri aşkara çıxardığı üçün hədəfə alınırlar. Bəzi hallarda məmurlar belə özlərini çox rahat hiss edirlər. Misal üçün ölkədə toxunulmaz məqamlardan biri də Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyi ilə bağlı hər hansı bir neqativ halları aşkara çıxaranlar da hücumlara məruz qalır. Aytən Məmmədovanın da “keys”i sırf bununla bağlıdır. Çünki Daxili İşlər Nazirliyinin və onun adi bir əməkdaşının adı çəkilirsə, ondan sonra hücumlar olursa, sən artıq bunun sifarişli və yaxud bunun həmin mənbədən qaynaqlanmadığı barədə arxayın ola bilmirsən. Əlbəttə ki, şübhələr əsaslıdır. Sonrakı mərhələlərdə həmin cinayətin araşdırılması ilə bağlı polisin fəaliyyəti bunu göstərir ki, əvvəl də olduğu kimi bu hücüm cəzasız qalmağa məhkumdur.”
Baş redaktor hesab edir ki, jurnalistlərə hücumların davamı gözləniləndir. Bunun üçün mübarizə aparmaq lazımdır.
“Əlbəttə ki, o ənənə ortaya qoyulmayınca, fərqi yoxdur jurnalist və yaxud da ki, vətəndaş dediyi sözə görə, əgər hansısa zorakılığa məruz qalırsa və bu cəzalandırılmırsa, deməli, bu zorakılıqlar davam edəcək. Bu cür halların sonlanması üçün lazımdır ki, artıq bu ənənə başladılsın ki, bu cinayətlər cəzasız qalmasın. Azad sözə hücum edən heç kim cəzasız qalmasın.”
Xədicə İsmayıl bildirir ki, jurnalistlərin, blogerlərin, aktivistlərin təhlükəsiz şəraitdə fəaliyyətləri üçün açılan cinayət işləri araşdırılmalı və günahı olanlar cəzalandırılmalıdır.
“Birinci növbədə hücumlarla bağlı yarımçıq qalmış cinayət işləri var ki, deyək ki, Rafiq Tağının ölümü ilə bağlı, hər hansı jurnalistlərin oğurlanıb aparılması, onun döyülməsi faktları, Aytən Məmmədovaya hücum və yaxud mənim şəxsi həyatıma müdaxilə ilə bağlı cinayət. O cinayətlərin hamısı hətta arxivə qoyulubsa belə, oradan çıxarılıb açılmalıdır. Elmar Hüseynovun qətli indiyə kimi açılmayıb. Cinayətləri açmaq və cinayətkarları cəzasızına çatdırmaq. İlk addım budur. Növbəti addımlar prezident özünün mətbuata açıq olduğunu göstərsə və tənqidə tolerant olduğunu göstərsə, bu, digər məmurlar üçün nümunə olar. Biz məmurların mətbuatla dostcasına ünsiyyətini görürükmü? Bu dialoqu nümayiş etdirmək istəyirlərsə, deməli, onlarla cəmiyyət arasında körpü rolu oynaya biləcək jurnalistlərlə ünsiyyəti bərpa eləməlidirlər”.
Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində deyir ki, hər hansı bir jurnalist ciddi tədqiqatla, kriminal, korrupsiya, insan hüquqlarının pozulması, dövlət qurumlarının haqsız əməlləri, bu tipli mövzularla məşğul olursa gec-tez təzyiqlərə məruz qalır.
“Bu praktika uzun zamandır Azərbaycanda davam edir. Bunun da səbəbi kiminsə nə barədə yazmağı yox, bu sahədə həyata keçirilən dövlət siyasətidir. Müəyyən mövzular var ki, müəyyən təbəqə insanları var ki, onları tənqid eləmək, onlar barədə mənfi məlumat vermək yasaqdır. Bunu pozan jurnalist mütləq cəzalandırılır.”
O hesab edir ki, Azərbaycanda jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyət göstərilməsi üçün ölkədə siyasi mühit dəyişməlidir.
“Bu olmayanacan bu cür təhlükələr baş verəcək. Bu yalnız Azərbaycanda deyil, hər bir ölkədə, harada ki, təmin edilməyib, belə şeylər baş verir.”
O deyir ki, Azərbaycanda jurnalistlərin hüquqlarını müdafiə edən təşkilat demək olar ki, yoxdur.
“Bunlar kağızda, bəlkə də haradasa var. Lakin jurnalistlərin hüquqlarının, onların ailələrinin, onların özlərinə həm hüquqi cəhətdən, həm maddi cəhətdən müdafiə edən təşkilatlar Azərbaycanda yoxdur. Vaxtilə olub. Təəssüf ki, onların da fəaliyyətinin dayandırılması ölkədə aparılan siyasətin nəticəsidir”.
Müstəqil jurnalist Natiq Cavadlı Amerikanın Səsinə verdiyi açıqlamasında belə qənaətdədir ki, jurnalistlərə, ictimai fəallara fiziki və mənəvi hücumların səbəbi Azərbaycanda idarəetmədə axtarılmalıdır.
“Azərbaycanda qanunlar işləmir. Azərbaycanda qanunlar işləmirsə deməli səbəb idarəetmədədir. İllərdir Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər fiziki təzyiqə məruz qalır, o cümlədən fəallar”.
Onun sözlərinə görə, ölkədə jurnalistlərin, blogerlərin, aktivistlərin təhlükəsiz şəraitdə fəaliyyətləri üçün qanunlar işləməlidir.
“İllərdir vədlər verilir, heç bir nəticəsi olmur. Hansısa hadisə baş versə, prezident onu nəzarətinə götürürsə deməli o işin nəticəsi olmur. Çox qəribədir. Məsələn, Bəxtiyar Hacıyevə hücum olub. Oğurlanıb, döyülüb, nazir onu qəbul edib. Amma nə oldu, heç bir nəticəsi olmadı. O cümlədən, Tofiq Yaqublu. Tofiq Yaqublunu oğurlayıblar, polis idarəsinə aparıblar, adama işgəncə veriblər. Sonra da dedilər ki, o öz-özünü vurubdur. Bu qədər absurdluq olursa bu ölkədə, bu suallar adama bir az qəribə gəlir”.
Müstəqil jurnalist deyir ki, Azərbaycanda jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün heç bir şərait yoxdur.
“Jurnalistlər təhlükəli şəraitdə işləyirlər. Təkcə Aytən Məmmədovaya qarşı yox, bayaq sadaladıqlarım göstərdi ki, jurnalistlər təhlükəsiz deyillər. Azərbaycanda o zaman təhlükəsiz olacaqlar ki, hökümət jurnalistlərin fəaliyyətinə mane olmayacaq. Maneçilik başlayanda jurnalistlərin təhlükəli həyatı başlayır”.
Jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyətlərinin həyata keçirmələri üçün hansı hüquqi mexanizmlər yaradılmalıdır?
Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, bu hüquqi mexanizm üçün ifadə azadlığının maksimum təmin olunacağı bir mühit lazımdır.
“Əvvəla jurnalistlər ən böyük ifadə azadlığı daşıyıcılarıdır. Cəmiyyətdə ifadə azadlığı, demokratik mühit üçün çox vacibdir. Bu baxımdan ifadə azadlığının maksimum təmin olunacağı bir mühit lazımdır. Bu da nədir? Bu, informasiyalara çıxış hüququnun əldə olunması və həm də informasiyanın təhlükəsiz şəraitdə informasiya əldə etməkdir. Rəsmi qurumların bütün sorğulara və müraciətələrə adekvat, operativ cavab vermək imkanları, eyni zamanda açıq informasiyaların açıq mənbələrdə, açıq şəkildə əlçatan olmasıdır. Çünki sorğu vermədən belə əldə edilməli xüsusən online resurslarda. Bütün bunlar müasir jurnalistikada çox vacibdir.”
Hüquqşünas jurnalistlərin lazımı keyfiyyətli hüququ yardıma əlçatımı olması ilə bağlı suala cavab olaraq deyir ki, Azərbaycanda yalnız cinayətdə ittiham olunan şəxslərə hüquqi yardımı dövlət pulsuz verir.
“Hüquqi yardım mexanizmləri, bilirsiniz ki, bir az fərqli məqamdır. Çünki bəzi Avropa ölkələrində hüquqi yardımlar pulsuz təqdim olunur bütün cəmiyyətə, o cümlədən də jurnalistlərə. Bizim ölkəmizdə yalnız cinayətdə ittiham olunan şəxslərə hüquqi yardımı dövlət pulsuz verir. Bunun xaricində birbaşa hüquqi yardım yalnız hüquqi şəxslərin öz istəyi və öz pulları ilə mümkündür. Bu baxımdan Azərbaycanda hüquqi yardım çox məhdud şəkildə qeyri-hökümət təşkilatları tərəfindən mediaya təqdim olunur. Bu, əlbəttə məhdud əlçatımlıdır. Çünki bu nə bütün ölkə üzrə deyil, sadəcə Bakı şəhərində qismən mümkündür. Həm də dediyim kimi məhduddur. Çünki bu yardımın özü də iki pilləlidir. Biri hüquqi məsləhətdir, digəri isə məhkəmə müdafiəsinin təşkilidir. Məhkəmə müdafiəsinin təşkili üçün hökmən hüquqşünaslar Vəkillər Kollegiyasının üzvü olmalıdır.”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda dövlət jurnalistin təhlükəsziliyinə təminat verir.
“Azərbaycan Respublikası ərazisində Kütləvi İnformasiya Vasitəsi, informasiya istehsalı və bu informasiya istehsalı ilə məşğul olan şəxslərin, o cümlədən jurnalistlərin təhlükəsizliyi qanunlarla təminat altına alınır. Bu sahədə Azərbaycan Respublikasının özünün qəbul etdiyi qanunlar, eyni zamanda tərəfdar çıxdığı beynəlxalq konvensiyalar əsas rol oynayır. Azərbaycanın daxilində bu sahədə bir nömrəli sənəd olaraq biz Azərbaycan Respublikasının Konstitusiyasına və “Media haqqında” Azərbaycan Respublikasının qanununa əsaslanırıq. Azərbaycan xüsusi olaraq jurnalist təhlükəsizliyinə deyil, ümumilikdə Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təminat verir. Ölkədə təhlükəsizlik yüksək səviyyədə təmin olunur, o cümlədən jurnalistin fəaliyyəti ilə bağlı və media fəaliyyəti ilə bağlı. Bunu isbat etmək üçün xırda bir rəqəm göstərirəm. Həm Azərbaycanda jurnalistlərin sayına baxsaq və il ərzində jurnalistlərin üzləşdikləri insidentlərin statistikasını baxıb müqayisə etsək görürərik ki, burada kifayət qədər böyük məsafə var. Yəni jurnalistlərin, hətta ümumi o insidentlə jurnalistlərin qarşılaşdığı problemli hallar jurnalistlərin sayının heç 0,1 faizini də əhatə etmir. Yəni ən azı bu statistikaya əsaslanaraq biz deyə bilərik ki, əlbəttə Azərbaycan Respublikasının ərazisində jurnalistlərin təhlükəsizlik fəalliyəti üçün kifayət qədər şərait yaradılıb.”
Onun fikrinə görə, ölkədə jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün bir sıra real mexanizmlər yaradılıb.
“Ölkədə jurnalist təşkilatı, jurnalistlərlə bağlı hər hansı bir insident olanda qeydə götürülür, aktlaşdırılır və həmin jurnalistin ətrafında həmrəylik təmin olunur ki, bu məsələ müsbət sonluqla sonlandırıla bilsin. Azərbaycan Respublikasının donor təşkilatları, o cümlədən QHT-lərə Dəstək Agentliyi və məxsusi olaraq Media İnkişaf Agentliyi vasitəsilə jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün çoxsaylı seminarlar, kurslar keçirilir. Jurnalistlərin təhlükəsizliyi baxımından təlimatlandırılması və bu təhlükəziliyə təminat verilməsi üçün Azərbaycan Respublikası ərazisində kifayət qədər mexanizmlər mövcuddur. Bu işlər həyata keçirilir.”
Jurnalist Aytən Məmmədovaya hücum
Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib.
Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan “məhkəmədən yazmamağı” tələb edib.
Rəsmi qurumların cavabı
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə Daxili İşlər Nazirliyi barədə söhbətlərə münasibət bildirib.
“Bütün bu iddialar subyektiv mülahizələrdir, fakta əsaslanmır. Qanuna müvafiq olaraq bütün tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Həmin şəxslərə qarşı hansısa neqativ hərəkətləri, ictimai təhlükəli əməllərin, o əməlləri törədənlərin tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir,” o bildirib.
Bundan əlavə ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyib.
Azərbaycanın hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu deyir. O cümlədən beynəlxalq təşkilatların hesabatlarını qərəzli və qeyri-obyektiv hesab edirlər.
Beynəlxalq təşkilatların gözündə Azərbaycan
Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.
Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.
RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.
Təşkilat qeyd edir ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.
Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.
Bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.
Öz növbəsində Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) ötən il açıqladığı hesabatda mətbuat azadlığı üzrə ekspertlərin illərdir dedikləri təsdiqlənib: Jurnalist qatilləri çox vaxt cəzasız qalır. Jurnalistləri Müdafiə Komitəsi bunu peşə üçün “dəhşətli siqnal” adlandırıb.
Məlumata görə son 10 il ərzində təşkilatın hesablamalarına görə, 278 jurnalist öldürülüb. İşlərin 81 faizində cinayətə görə heç kim mühakimə olunmayıb.
“Bu, jurnalistika üçün dəhşətli siqnaldır, çünki jurnalisti susdurmaq istəyən istənilən hökumət, hər hansı cinayətkar qrup bir sui-qəsdçi tutmaqla bunu cəmi bir neçə min dollara edə bilər”, - deyə, qurumun icraçı direktorunun müavini Robert Mahoni Amerikanın Səsinə bildirib.
İndeks də əvvəlki kimi eyni ölkələrin olduğunu göstərir. Jurnalist qatillərinin mühakimə olunma ehtimalının ən az olduğu ölkələr siyahısında Somali, Suriya və İraq ön yerləri tutur.