Accessibility links

Elşad Hacıyev: Aytən Məmmədovanın işi üzrə istintaq hərəkətləri davam etdirilir


Hazırda jurnalist Aytən Məmmədovaya qarşı hücumla bağlı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinin bu cinayət işinin gedişatı ilə bağlı sualına cavabında bildirib.

"Daxili İşlər Nazirliyinin mətbuat xidmətində istintaqın gedişatı və təfərrüatı barədə hər hansı bir məlumat yoxdur," o qeyd edib.

Öz növbəsində, Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları, müstəqil media ekspertləri Aytən Məmmədovaya qarşı hücumla bağlı açılmış cinayət işində günahkar bilinənlərin cəzasız qalacağı qənaətindədirlər.

Bu məsələ ilə bağlı jurnalist Aytən Məmmədovadan şərh almaq mümkün olmayıb.

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib.

Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan "məhkəmədən yazmamağı" tələb edib.

ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyib.

XS
SM
MD
LG