Accessibility links

Dövlət Departamenti Azərbaycanı vətəndaşlara fikirlərini dinc şəkildə ifadə etmək imkanı verməyə çağırıb


US Department of State
US Department of State

“Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır.”

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı Turan agentliyinin mayın 14-də Bakıda dinc etiraz aksiyası zamanı zorakılıq haqqında sorğusuna cavabda bildirib.

“Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik,” Dövlət Departamentinin nümayəndəsi Turan agentliyinə bildirib.

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq”, deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Bundan öncə mayın 14-də Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi fəalların Bakıda, Fəvvarələr Meydanında keçirdiyi etiraz aksiyası ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır.

“May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır,” Böyük Britaniya Səfirliynin bəyanatında deyilir.

Bu gün, mayın 17-də Azərbaycan Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırıb.

“Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcəkdir,” nazirliyin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyi hesab edir ki, aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil.

“Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk,” sənəddə qeyd edilir.

Mayın 14-də bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.

Aksiyanın başlanmasından öncə Fəvvarələr Meydanına və ətraf ərazilərə çoxsaylı polis qüvvələri cəmləşdirilib. Çox sayda insan saxlanılsa da, aksiya baş tutub. Polis daha sonra saxlanılan etirazçıların hamısını sərbəst buraxıb.

Etirazçılar “Öldürmə ədaləti , dayandır cinayəti!”, “Siyasi məhbuslara azadlıq!”, “Mafiya dövləti istəmirik!”, “Kriminal dövlət istəmirik!”, “Polis haqqa yol ver!”, “Qanunu ayaqlama, jurnalisti bıçaqlama!”, “Rədd olsun diktatura!”, “Biz milli hakimiyyət quracağıq!”, “Millətə azadlıq!” və başqa şüarlar səsləndirib. Aksiyada həmçinin bu kimi digər şüarlar da qaldırılıb.

Etirazçıların ön cərgəsində siyasi fəal Tofiq Yaqublu, ictimai fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçiləri Rüfət Səfərov, Zaur Əkbər, fəallar Nərmin Şahmarzadə, Fatma Mövlamlı, Rəbiyyə Məmmədova və digərləri olub.

Polis qüvvələri aksiya iştirakçılarını dövrəyə alıb və geniş əraziyə yayılmasına imkan verməyib. Polis etirazçıların Fəvvarələr Meydanından Daxili İşlər Nazirliyinin binasının yerləşdiyi Azərbaycan prospektinədək irəliləməsinə imkan verib.

Öz növbəsində Daxili İşlər Nazirliyi Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, aksiya zamanı heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG