Accessibility links

Stefan Şennak: Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracağıq


Stefan Şennak
Stefan Şennak

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak jurnalist Aytən Məmmədovanın hücuma məruz qalmasına münasibət bildirib.

"Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracayıq" - deyə, o, Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar.

"Bu (jurnalistə hücum) yüksək səviyyəli cinayətdir və biz hökumətdən araşdırmanın gedişi ilə bağlı məlumat istəyəcəyik. Biz aydın hərəkətlər və addımlar görmək istəyirik” deyə o, bildirib.

Stefan Şennak əlavə edib ki, dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır.

"Bu, bizim ölkədə demokratiyanın səviyyəsi ilə bağlı ideyamızı formalaşdıracaq".

Jurnalist Aytən Məmmədova Bakıda mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin Amerikanın Səsinə verdiyi məlumata görə, hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib.

O deyir ki, yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.

Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib.

Məmmədovanın sözlərinə görə, boğazında iki xəsarət izi qalıb.

102 xidmətinə müraciət edən jurnalist ötən gecə polisə ifadə verib, mayın 9-da tibbi ekspertizadan keçəcək.

Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.

O, hücuma məruz qalmasının səbəbini hazırda məhkəmədə araşdırılan 10 yaşlı azyaşlının qətli işi ilə əlaqəli ola biləcəyini düşünür.

Aytən Məmmədova bu prosesi mütəmadi işıqlandıran jurnalistlərdən biridir, sosial mediada bu barədə paylaşımlar edir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən jurnalist Aytən Məmmədovanın bıçaqla təhdid edilməsi ilə bağlı Amerikanın Səsinə bildirilib ki, məsələ ilə əlaqəli araşdırma gedir.

Medianın İnkişafı Agentliyi də jurnalist Aytən Məmmədovaya qarşı hücum haqqında məlumatlı olduqlarını bildiriblər.

"Agentliyin nümayəndələri Məmmədova ilə telefonla əlaqə saxlayıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə edib. Medianın İnkişafı Agentliyi baş verən hadisəyə "həssaslıqla" yanaşır və məsələni diqqətdə saxlayır".

Qurumun məlumatında həmçinin xatırladılır ki, "Media haqqında" Qanunun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək.

XS
SM
MD
LG