Accessibility links

Aytən Məmmədova: İstintaqdan razı olmaq üçün nəticə olmalıdır, cinayətkarlar tapılmalıdır


"Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır… Amma narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacam."

Bu barədə mayın 8-də naməlum şəxsin hücumuna məruz qalan jurnalist Aytən Məmmədova bu gün, mayın 11-də Facebook səhifəsində bildirib.

Jurnalist öncə onu dəstəkləyənlərə minnətdarlıq bildirib.

"Sağlıq durumum imkan verən kimi hər birinizə ayrı-ayrılıqda mütləq yazacam. Sizlər olmasanız, belə mərhələləri adlamaq da çətin olar. Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir: "Sən ağıllanmadın da..." Arxasınca öz əxlaqına, öz ailəsinin tərbiyəsinə uyğun ifadə tərzilə 12 yaşlı övladımı ölümlə hədələyir," jurnalist başına gələnləri belə təsvir edib.

O yazıb ki, hadisədən üç gün keçməsinə baxmayaraq hələ stress yaşayır.

"Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim."

Jurnalist istintaqın gedişi ilə bağlı bildirib ki, iki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olub, izahat verib, başqa qurumlarda görüşüb.

"Hadisənin ertəsi günü ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum. Mən izahatlarımda da bildirmişəm, bir daha bəyan edirəm: mənim şəxsi zəmində heç kiminlə ədavətim, düşmənçiliyim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır!" , o qeyd edib.

Jurnalist fəaliyyətini davam etdirəcəyi barədə də mesaj verib.

"Sonda bir daha qayıdıram "ağıllanmaq" məsələsinə. Əgər "ağıllanmaq" deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur" , Məmmədova bəyan edib.

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Öz növbəsində, bu gün, mayın 11-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, cinayət işi üzrə zəruri olan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Jurnalistə qarşı hücum geniş rezonans doğurub. İctimai-siyasi xadimlıər, beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, media qurumları, həmçinin ABŞ Dövlət Departamenti Aytən Məmmədovaya qarşı hücumu pisləyən və hökuməti baş verən hadisəni araşdırmağa çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG