Accessibility links

Natalia Nozadze: "Əfv fərmanı Azərbaycanın üzləşdiyi böyük problemi həll etmir"


Azərbaycan Prezidenti İlham Əliyev ötən ay bir sıra məhkum edilmiş şəxslərin, o cümlədən bəzi siyasi məhbusların əfv edilməsi haqqında sərəncam imzalayıb. Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze Amerikanın Səsinə müsahibəsində bu əfv sərəncamının Azərbaycanda insan hüquqları vəziyyətinə təsirlərini dəyərləndirib.

"Hesab edirəm ki, ilk dəfə deyil ki, bu cür əfv fərmanı imzalanır və bu, Azərbaycanın üzləşdiyi böyük problemi həll etmir," deyən Nozadzenin sözlərinə görə, ölkədə əsl problem ondan ibarətdir ki, hökuməti tənqid edən insanların siyasi motivli təqibləri davam edir. O deyir ki, Azərbaycanda siyasi motivli və ya uydurma ittihamlarla həbs olunan şəxslər ədalətli şəkildə mühakimə olunmur.

"Bu cür əfvlər hökumətin əlamətdar jestidir. Azərbaycanda ifadə azadlığı və ədalətli məhkəmə prosesini həll etmək üçün hökumət ilk növbədə bu cür siyasi motivli təqiblərdən çəkinməlidir. Hökumət həmçinin ədalətsiz məhkəmə prosesi ilə nahaq məhkum edilmiş şəxslərə təzminat ödəmir," Nozadze deyib.

Bu səbəblə də o hesab edir ki, əfv sərəncamı düzgün istiqamətdə bir addım olsa da, Azərbaycanda mövcud olan böyük ifadə azadlığı və müstəqil məhkəmə sisteminin olmaması probleminin həlli deyil.

Azərbaycanda son bir ildə insan hüquqları sahəsində baş verən dəyişiklikləri dəyərləndirən tədqiqatçı deyib ki, hər il yeni çətinliklər yaranır.

"Düşünürəm ki, bu il bu, jurnalistlərin işinə nəzarət edən mübahisəli qanunun qəbuludur. Yerli hüquq müdafiəçiləri tərəfindən fəalların siyasi motivli hesab etdikləri həbsləri ilə bağlı yeni məlumatlar da var," o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları vəziyyətində bir addım irəliləyiş olursa, iki geriyə doğru addım olur.

"Bu əfv fərmanı irəliyə doğru atılan bir addımdır, tənqidçilərin davamlı təqibi isə geriyə doğru atılan iki addım," o bildirib.

Nozadze, həmçinin beynəlxalq ictimiayyətin Azərbaycanda insan hüquqları və siyasi azadlıqlar vəziyyətinin yaxşılaşdırılması üçün görə biləcəyi tədbirləri şərh edib.

"Bu məsələlərə daha çox nəzarət etmək olardı, ki, bu gün bu mümkün deyil, çünki bildiyiniz kimi Azərbaycanda çoxlu yerli QHT-lər sıradan çıxarılıb," o deyib və əlavə edib ki, beynəlxalq təşkilatlar, o cümlədən Amnesty International ifadə azadlığı vəziyyətini öyrənmək üçün ölkəyə daxil ola bilmir.

"Düşünürəm ki, bəlkə də Avropa İttifaqı və Qərb hökumətləri kimi daha böyük oyunçular əllərində olan vasitələrlə Azərbaycanda insan haqları və demokratiyanın təşviqi üçün daha çox resurs və daha çox səy göstərə bilərlər," Nozadze deyib.

XS
SM
MD
LG