Accessibility links

Avropa Şurası-Azərbaycan əməkdaşlığının demokratik təsisatlara təsiri - müxtəlif baxışlar


Avropa Şurası-Azərbaycan əməkdaşlığının demokratik təsisatlara təsiri - müxtəlif baxışlar
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Avropa Şurası-Azərbaycan əməkdaşlığının demokratik təsisatlara təsiri - müxtəlif baxışlar

Aprelin 5-də Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı təqdim olunub. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.

Təqdimat mərasimində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Xarici İşlər Nazirliyinin, Avropa Şurasının Bakı ofisinin nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Fəlaliyyət planına siyasi sistemdə islahatlar və seçki islahatları məsələləri də daxil olmasına baxmayaraq, mərasimdə hər hansı siyasi partiyanın təmsilçisi iştirak etməyib.

Maria Peycinovic Buric
Maria Peycinovic Buric

Mariya Buriç: Məqsəd demokratik təsisatların inkişafını sürətləndirməkdir

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bildirib ki, fəaliyyət planı Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanır.

“Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir. Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır.

"Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb. Əvvəlki planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var.”

Baş katib problemlərdən danışarkən deyib ki, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir. Yeni fəaliyyət planı yeni sahələri də əhatə edəcək, bura, süni zəka, ekologiya və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir.”

O vurğulayıb ki, Avropa Şurası, Avropa İttifaqı və Azərbaycan insan haqlarının və demokratiyanın inkişafında öhdəliyi bölüşür.

Fikrat Mamedov
Fikrat Mamedov

Ədliyyə naziri: Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir

Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Məmmədov islahatlardan danışarkən deyib ki, məhkəmə islahatları sahəsində böyük işlər görülüb, hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərliyi istiqamətində irəliləyiş olub.

“Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunub. Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır," nazir vurğulayıb.

Onun fikrincə, Azərbaycanda pentensiar sistemdə vərəmlə mübarizədə uğurlar əldə olunub.

"Ümumdünya Səhiyyə Təşkilatı müxtəlif ölkələrin bizim təcrübəmizi öyrənməsi üçün təlim mərkəzi yaradıb. Onlarla ölkənin nümayəndələri bu mərkəzdə bizim təcrübəmizi öyrənib."

Samed Seyidov
Samed Seyidov

Səməd Seyidov: Bizim bütün qanunvericilik Avropa Şurasının ekspertizasından keçir

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Amerikanın Səsinə bildirib ki, Azərbaycan Avropa Şurasına qəbul edildikdən sonra qanunvericilik sahəsində çoxsaylı müsbət dəyişikliklər baş verib.

“Bizim bütün qanunvericilik Avropa Şurasının ekspertizasından keçir. Bizim vətəndaş cəmiyyəti ilə əlaqələrimiz Avropa Şurası standartlarına uyğun olaraq təşkil olunur. Azərbaycan-Avropa Şurası münasibətləri bu nöqteyi-nəzərdən bizim üçün çox vacib və əhəmiyyətlidir,” o qeyd edib.

Seyidov Amerikanın Səsinin Azərbaycanın Avropa Şurasına üzv qəbul edildikdən sonra azadlıq indekslərində mövqeyinin geriləməsi ilə bağlı sualının cavabında deyib ki, problemlər də var.

“Təbii ki, problemlər var. Məhz ona görə də əlaqələrimizi qururuq ki, problemləri həll edək. Azərbaycan həm beynəlxalq səviyyədə, həm daxildə təqdim etdiyi siyasət, həm korrupsiyaya qarşı, həm hansısa xoşagəlməz hadisələrlə bağlı, insan haqlarının pozulması ilə bağlı müntəzəm olaraq işlər görür. Dünyada gedən proseslər çox mürəkkəbdir. Reytinqlərlə bağlı məsələlər ciddi təhlil olunmalıdır. Biz gördüyümüz məsələlər ona dəlalət edir ki, bu gün Azərbaycanın gördüyü işlər düz istiqamətdə təşkil olunur,” o qeyd edib.

Aflatun Amaşov
Aflatun Amaşov

Əflatun Amaşov: “Diffamasiya haqqında” qanun qəbul ediləcək

Mətbuat Şurasının sədri Əflatun Amaşov Amerikanın Səsinə deyib ki, Avropa Şurası ilə növbəti fəaliyyət proqramı müddətində “Diffamasiya haqqında” qanun qəbul ediləcək.

“Jurnalistlər öz fəaliyyyətlərinə görə, cinayət məsuliyyətinə yox, digər qanunvericilik aktları ilə cavab verməli olacaqlar. Məsuliyyət yalnız “Mülki Məcəllə” ilə müəyyən ediləcək,” o qeyd edib.

Novella Cafaroglu
Novella Cafaroglu

Novella Cəfəroğlu: Daha kütləvi həbslər yoxdur

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, Avropa Şurasına üzvlük ölkədə insan hüquqları ilə bağlı problemin birgə həllinə kömək edir. Onun fikrincə, Azərbaycan Avropa Şurasına qəbul edilən zaman ölkədə mindən çox insan azadlığa buraxılıb.

“Bu gün də insanların həbsindən çəkinirlər. Çox adam həbs etmirlər. Daha kütləvi həbslər yoxdur,” o qeyd edib.

Hafiz Hasanov
Hafiz Hasanov

Hafiz Həsənov: Fundamental məsələlərin həllində irəliləyişdən danışmaq olmaz

Hüquqşünas Hafiz Həsənov hesab edir ki, Avropa Şurasına üzvlük Azərbaycanda insan hüquqları, demokratiya, seçki islahatları, media azadlığı sahəsində ciddi dəyişikliklərə səbəb olmayıb.

“Nə demokratikləşmə sahəsində, nə insan hüquqları sahəsində, nə qanunun aliliyi, nə məhkəmələrin müstəqilliyi, nə ədalət mühakiməsinin müstəqilliyi və səmərəliliyi, nə sərbəst toplaşmaq azadlığı, nə vətəndaş cəmiyyətinin inkişafı və nə də digər məsələlər baxımından irəliləyişlər olmayıb. Yəni, bir sözlə üzvlük dövründə fundamental əhəmiyyətli məsələlərin həllində hər hansı irəliləyişdən danışmaq olmaz.”

Onun firkincə layihələr formal olaraq həyata keçirilir.

“Bu layhihələrin təsirləri nədir? Seçkilər sahəsində inkişaf varmı? Sərbəst toplaşmaq azadlığı ilə bağlı inkişaf varmı? Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı nələrə təsir edib? Vətəndaş cəmiyyəti ilə dövlət arasında davamlı dialoq yaranıbmı? Bütün bunlar Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləridir. Bu sahələrdə müsbət təsirlər olmayıb.”

O hesab edir ki, siyasi sistem və seçki islahatları ilə bağlı siyasi partiyalarla ayrıca müzakirələr aparılmalıdır. Həsənovun firkincə, həmçinin vətəndaş cəmiyyəti ilə müzakirələrə ehtiyac var.

Shahin Haciyev
Shahin Haciyev

Şahin Hacıyev: Avropa Şurası əməkdaşlığı hökumətyönümlü qurumlarla aparır

Turan Agentliyinin siyasi şöbəsinin rəhbəri Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Avropa Şurasının Azərbaycanla demokratiya sahəsində əməkdaşlığı daha çox formal xarakter daşıyır.

“Yəni kazğız üzərində qəbul edilmiş qanunlar, konvensiyalar, yaxud hansısa tədbirlər, bunların Azərbaycanda söz azadlığına təsiri, demokratiyanın inkişafına yardımı sıfıra yaxındır. Çünki ildən-ilə söz azadlığı imkanları, müstəqil medianın inkişafı, tədqiqatçı jurnalislərin fəailiyyətləri məhdudlaşır. Nəticələr tədbir keçirməklə, konvensiyaya qoşulmaqla, bəyanat verməklə müəyyən edilmir. Təəssüf ki, Avropa Şurası əməkdaşlığı məhz hökumətyönümlü və yaxud hökumətə işləyən qurumlarla aparır,” o qeyd edib.

XS
SM
MD
LG