Accessibility links

Qulu Məhərrəmli: Azərbaycan cəmiyyətinin gələcəyi azad mətbuatdadır


Qulu Məhərrəmli: Azərbaycan cəmiyyətinin gələcəyi azad mətbuatdadır
please wait

No media source currently available

0:00 0:12:30 0:00

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda təhqir və böhtan ittihamı ilə bağlı həbslərdən, diffamasiyanın dekriminalşadırılmasının vacibliyindən və media azadlığı sahəsində durumdan danışıb.

Amerikanın Səsi: Azərbaycanda son aylarda təhqir və böhtan ittihamı ilə bağlı həbslər çoxalıb. Sizcə bunun səbəbləri nədir?

Qulu Məhərrəmli: Mən bunda hansısa bir qanunauyğunluq görürəm. Necə? Yəni ifadə vasitələrinin sayı artdıqca, söz demək platformaları genişləndikcə, təbii ki, sözə basqılar da artır. Təəssüf ki, Azərbaycanda hələ diffamasiya problemi həll olunmayıb. Yəni, böhtan, şərəf-ləyaqətlə bağlı 147-ci maddə var. Özüm də o maddə ilə vaxtı ilə məhkəməyə verilmişəm. Yəni, onu Cinayət Məcəlləsindən çıxarmayıblar. Nə qədər ki, o maddə durur, düşünürəm ki, belə həbslərin sayı, məhkəmə proseslərinin sayı çox olacaq.

Amerikanın Səsi: Hökumət rəsmiləri beynəlxalq tənqidlərə baxmayaraq ölkədə söz və media azadlığının tam təmin edildiyini bildirir. Sizcə kim haqlıdır?

Qulu Məhərrəmli: Bilirsiniz, nə bu tərəfi, nə də o biri tərəfi tam haqlı hesab etmək olmur. Yəni, demək ki, Azərbaycanda mətbuat azadlığı yoxdur, bu yanlışdır. Amma demək ki, Azərbaycanda yüzə-yüz mətbuat tam azaddır, bunda da bir az şişirtmə var. Mübaliğəsiz demək olar ki, Azərbaycanda bəli, söz və mətbuat azadlığı var. Nə qədər ki, internet azaddır, mən belə hesab edirəm. Bilirsiniz, yəni insanlara təsir imkanları, insanlara çatımlı olan informasiya bu gün mənbə etibarı ilə internetdir, sosial şəbəkələrdir, internetin media platformalarıdır, youtube kanallarıdır, xəbər buraxılışlarıdır və s. Amma başqa məsələ ki, bəli qəzetlərlə bağlı, televiziyalarla bağlı xüsusən bir çərçivə var. Onların sərbəst fəaliyyət göstərdiyini demək çətindir.

Amerikanın Səsi: Beynəlxalq və yerli media qurumlarının tənqidlərinə baxmayaraq Azərbaycanda yeni “Media haqqında” qanun qəbul edildi. Hətta Avropa Şurasının Venesiya Komissiyası da qanunun Avropa standartlarına uyğun olmadığı qənatəindədir. Bu halda yeni qanunun icra mexanizmləri ölkədə söz azadlığının dərinləşməsinə xidmət edə bilərmi?

Qulu Məhərrəmli: “Media haqqında” qanun təəssüf ki, parlamentdə çox tələm-tələsik keçirildi. Yəni onun ilkin müzakirəsində etiraz edənlərdən biri də mən idim. Mənə sadəcə olaraq çatmırdı ki, sənəd parlamentə təqdim edildikdən sonra necə olur ki, bunun ictimai müzakirəsi keçrilir. Bu komissiyalarda, komitələrdə müzakirə olunmalı idi, bir işçi qrupu olmalı idi. Yəni media adamları bu qrupda olmalı idi. Amma, bu prosesdə özlərini baş bilən göstərən bəzi deputatlar, başladılar belə moizə oxumağa ki, bu belə olmalıdır və sair. Əlbəttə qanunun müsbət tərəfi odur ki, o indiki media reallıqlarını əks etdirməyə çalışır. Yəni yeni texnologiya, internet mediası, ondan qaynaqlanan bir çox platformaların tənzimlənməsi, bunlar öz əksini tapır. Bunu birmənalı demək olar. Amma, tutaq ki, bu reyestr məsələləri, yəni yalnız reyestrə alınanların media qurumu kimi qəbul olunması, digərlərinin mediadan kənar bir hadisə kimi qeyd olunması, bunlar əlbəttə ki, yolverilməszdir. Digər maddələr var. Narahatlıqlar var. Youtube kanalları ilə bağlı bəzi problemlər var. Təəssüf ki, bunlar qanunda çox da aydın şəkildə özünü göstərmir. Ona etiraz edən kiçik bir qrup oldu, mən də o qrupa daxiləm. Yeni Nəsil Jurnalistlər Birliyidir, İnternet Forumudur, yəni onu təmsil edən şəxslərdir. Bununla bağlı etirazlarını bildiriblər. Amma təəssüf edirik ki, müzakirə nə qədər işgüzar aparılsa da, amma və lakin orada göstərilən iddialar, deyilən iradlar nəzərə alınmadı.

Amerikanın Səsi: Azərbaycanda uzun illərdir diffamasiyanın dekriminallaşdırılacağından danışılır, digər tərəfdən isə internet mediası da daxil olmaqla qanunvericilikdə məhdulaşdırıcı düzəlişlər edilir. Bu əksiliklər ölkədə hansı problemlər yarada bilər?

İnternet bir fərqli gözdür. Yəni o elə gözdür ki, o qırpılmır, daim baxır. Sosial şəbəkələrdə hər an, hər zaman tənqid var.

Qulu Məhərrəmli: Bilirsiniz, burada parodoks ondadır ki, dünyanın heç harasında internet qanunla məhdudlaşdırılmır. Yəni, İnternet haqqında xüsusi qanun yoxdur. Tənzimləmə var, məsələn etik tənzimləmə mümkündür. Mən internet isitfadəçisiyəm, sosial şəbəkəyə girirəm, yəni mənim bir etik öhdəliklərim olmalıdır. Yəni, böhtan atmaq olmaz, təhqir olmaz, parnoqrafiya olmaz, dövlət hakimiyyətini zorla yıxmağa çağırış olmaz və sair. Qanunla qadağan olunan bir çox şeylər var ki, onlara əməl etməlisən. Ona görə də, bunlar olmayanda, bəzi yerlərdə bunu başlayırlar qanunla tənzimləməyə, onun da heç bir faydası yoxdur. Yəni ərəb ölkələrinin təcrübəsi də göstərdi. İndi dünyada bir çox proseslər də göstərir ki, hər şey aşkar şəraitdə olmalıdır. Məmur da, hər kəs də bilməlidir ki, onun üzərində cəmiyyətin ictimai nəzarəti var. İnternet bir fərqli gözdür. Yəni o elə gözdür ki, o qırpılmır, daim baxır. Sosial şəbəkələrdə hər an, hər zaman tənqid var. Ola bilər ki, dəqiqləşdirilməmiş məlumatlar da var. Peşəkar media ondan ötrüdür ki, bax, o məlumatları cəmiyyyətə faydalı şəkildə çatdıra bilsin. Bizdə bu dəqiqə o diffamasiyanın götürülməsi ilə bağlı digər bir məsələ media peşəkarlığının olmamasıdır. Media savadlılığının çatmamasıdır. Mətbuatın özündə media savadlılığı bir peoblemdir, amma daha böyük problem cəmiyyət üçündür. Biz cəmiyyəti savadlandırmalıyıq. Media savadlılığı, media təhsili olmalıdır ki, insanlar adi saxta xəbərlə, gerçək xəbəri bir-birindən ayırsın. Yalanla doğrunu ayıra bilsin. Nə doğrudur, nə gerçəkdir, nə yalandır, nə saxtadır, - bunu müəyyənləşdirə bilsin. Nə qədər ki, bax, bu səviyyə yüksəkliyi yoxdur, belə problemlər həmişə olacaq. Bu əlbəttə ki, informasiya mənbələrinin mötəbərliyinə ciddi bir şübhə yaradır. Problem və informasiya təhlükəsizyi bax buradan qaynaqlanır. Mən kiminsə dediyi sözə görə həbsinin qəti əleyhinəyəm. İndi görürsünüzmü, mediasiya, xüsusi bir struktur yaradılıb ki, məhz məhkəməyədək, böhtandır, şərəf-ləyaqətin alçaldılmasıdır, bu maddələr üçündür. Onlar aralıq mərhələdə, məhkəməyə kimi həll olunsun. Təəsüf ki, kütlələrin biliksizliyi səbəbindən o struktur da normal şəkildə işləmir.

Amerikanın Səsi: Ölkədə rupor mediası ilə həqiqi medianı ayırmaq necə mümkündür? Yəni “ura, hücum, biz gəlirik, bizdən güclüsü yoxdur, ölkəmiz qüdrətlidir” və sairə. Bu media ilə əsl medianı ayırmaq necə mümkündür?

İndi, təəssüf ki, təbliğat mediası bizdə güclüdür. Onların bir çoxu Media Agentliyindən maliyyə də alır.

Qulu Məhərrəmli: Buna rupor medasından daha çox təbliğat mediası deyərdim. Niyə? Ümumiyyətlə, bizim medianın kökündə təbliğat, təşviqat güclüdür. Niyə? Çünki bizim media sovet sisteminin bətnindən doğulan medadır. Təfəkkür, düşüncə, yanaşma tərzi həmin mediadır. Təəssüf ki, onların sayı çoxdur. O cür təbliğat aparan media qurumlarının sayı çoxdur. Azərbaycan mətbuatının gələcəyi və ümumiyyətlə cəmiyyətinin gələcəyi azad mətbuatdadır. Azad mətbuat olmasa biz heç nəyi doğru-dürüst cəmiyyətə çatdıra bilməyəcəyik. Yəni qərəz olmaz, yalan olmaz. İstər hakimiyətdəki olsun, istər müxalifətdəki olsun, heç kimə qərəzli şəkildə yanaşmaq olmaz. Azad medianın, müstəqil medianın prinsipləri var. Bax, onunla bağlı, o cür medianın qəbul etdiyi azadlıq və eyni zamanda məsuliyyət qoşa qanad kimi formalaşmasa mümkün olmayacaq. İndi, təəssüf ki, təbliğat mediası bizdə güclüdür. Onların bir çoxu Media Agentliyindən maliyyə də alır. Amma, onları nə qədər adam oxuyur? Onların verdiyi məlumatlar nə dərəcədə mötəbərdir? Cəmiyyət onlardan nə dərəcədə faydalanır? Bunu demək bir az çətindir.

Amerikanın Səsi: Hazırda Azərbaycanda informasiya cəmiyyətinin durumunu və ifadə azadlığı ilə bağlı vəziyyəti necə xarakterizə edərdiniz?

Qulu Məhərrəmli: Yenə də birmənalı yanaşmaq olmur. Yəni çox normal haldır ki, bəli cəmiyyətdə mətbuat azadlığını tamamilə boğmaq və sıradan çıxarmaq mümkün olmadı. Yəni, bizim az sayda müstəqil, azad media qurumalrımız var. Az sayda azad düşüncəli insanlar var. Bu dəqiqə çox şeyi kəmiyyət müəyyənləşdirmir, keyfiyyət müəyyənləşdirir. Azərbaycanda çox arzulanandır ki, bir-iki müstəqil televiziya kanalı olsun. Normal ictimai müzakirələr aparılsın. Orada cəmiyyəti düşündürən, narahat edən, hakimiyəytin, dövlətin özünə də kömək edə biləcək problemlər qaldırılsın. Amma, rəngləri götürəndə, bu ağdır, bu qaradır. Bax, yanaşmağın fundamental yanlışılığı buradadır. Biz yaşadığımız mühitə baxın, bəyəm iki rəngdən, ağ-qaradan ibarətdir? Bax, o ortadakı rənglər var ki, plüralizmi, fikir müxtəlifliyi olmayanda, yanaşma müxtəlifliyi olmayanda, alternativlik olmayanda insanlar məlumatları başqa yerlərdə axtarmağa başlayır. Sosial mediadan, ingilis dilində bilənlər ingilis platformalarından, fransızca, türkcə, rusca bilənlər məlumatları başqa mənbələrdə axtarırlar. Ona görə, mən hesab edirəm ki, informasiya cəmiyyətinin əsas fəlsəfəsi nədir? İnformasiya bizim üçün əsas əmtəədir. Bax, o əmtəə nə dərəcədə doğrudur? O əmtəə nə dərəcədə qiymətlidir? O əmtəə nə dərəcədə ona verilən parametrlərə uyğundur? Bu doğrudanmı dəqiq məlumatdır? Doğrudanmı bunun təbliğat çaları yoxdur? Doğrudanmı bu qərəzsizdir və informasiya dolğun şəkildə çatdırılıb? Bax, bunlar təmin olunmasa, biz elə yenə də keyfiyyətli informasiya haqqında uzun müddət danışmalı olacağıq.

Amerikanın Səsi: Azərbaycan mətbuatının mövcud durumunun Avropa standartlarına yaxınlaşdırılması üçün islahat yolları varmı?

Müharibə vaxtı kimə istinad edirdilər? Turan Agentliyinə istinad edirdilər. Bəyəm hökumətin maliyyələşdirdiyi qurumlara istinad edirdilər?

Qulu Məhərrəmli: Mediada hansısa standartı tətbiq etməkdən söhbət gedə bilməz. Media uşaq kimi doğulur. O əli ilə, ayağı ilə, başı ilə, gözü ilə doğulur. Ona görə, bax azad mətbuat o cür bütöv doğulmalıdır. O əgər kiməsə xidmət edirsə, kiminsə əlinin altındadırsa, kiminsə maraqlarına xidmət edirsə, bu, artıq mətbuatlıqdan çıxır, təbliğat maşınına çevrilir. Sizin dediyiniz rupora çevrilir. Ona görə, azad mətbuat haqqında danışmalıyıq. Ölkənin gələcəyi, mətbuatın gələcəyi azad mətbuatla bağlıdır. Media Agentliyi haqqında prezidentin fərmanında əsas maddələrdən biri budur ki, ölkədə söz və mətbuat azadlığının, müstəqil medianın inkişafı və onun tərəqqisi ilə bağlı Media Agentliyi müəyyən addımlar atmalıdır. Təəssüf ki, bunlar çox vaxt olmur. Yəni, biz də bu görüşlərimizdə məmurlara izah etməyə çalışırıq ki, azad mətbuat olmasa, ona istinadlar olmasa biz beynəlxalq aləmə çıxışımızı özümüz ləngidirik. Müharibə vaxtı kimə istinad edirdilər? Turan Agentliyinə istinad edirdilər. Bəyəm hökumətin maliyyələşdirdiyi qurumlara istinad edirdilər? Ona görə biz dünya ilə iç-içəyik. Biz dünyaya inteqrasiya olunuruq. Biz bu dünya ilə nəfəs alırıq. İndi Rusiya-Ukrayna müharibəsi çevrəsində, tendensiya ona doğru gedir ki, dünyada artıq demokratik dəyərlər önə çıxır. İnsan haqları önə çıxır. Demokratik cəmiyyətin də əsas şərtlərindən biri azad bazar iqtisadiyyatı ilə yanaşı, həm də demokratik, azad, plüralist media olmalıdır. Bu keyfiyyətdə media olmasa bizim həmişə çətinliklərimiz olacaq.

XS
SM
MD
LG