"Azərbaycanda medianın, KİV-lərin inkişafı üçün bütün zəruri şərait yaradılıb."
Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda deyib.
Baş prokuror qeyd edib ki, Azərbaycan media sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub. Onun fikrincə müasir media demək olar ki, artıq formalaşıb:
“Medianın cəmiyyətdə rolu doğrudan da böyükdür. Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət yetirir, medianın gündəlik fəaliyyəti ilə maraqlanır. Müasir şəraitdə medianın inkişafı olmadan cəmiyyətin inkişafı mümkün ola bilməz. Medianı klassik olaraq hakimiyyətin dördüncü qolu adlandırmışıq. Müşahidələr onu göstərir ki, bu, yalnız sözdə belə deyil. Azərbaycanda media demək olar ki, artıq dördüncü hakimiyyətdir.”
O həmçinin qeyd edib ki, son vaxtlar mətbuatda gedən cinayət faktları ilə bağlı məlumatları diqqətlə izlənilir:
“Bu bizim gündəlik fəaliyyət istiqamətlərimizdən biridir. Çalışırıq ki, orada gedən kriminal xarakterli məlumatlara dərhal reaksiya verək və qanunla nəzərdə tutulmuş tədbirlər görək”.
Azərbaycanın müstəqil nümayəndələri, ekspertlər isə, baş prokurorun sözləri ilə razılaşmır. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində deyir ki, medianın inkişafı və onun şəraitin olması o deməkdir ki, media müstəqil biznes kimi fəaliyyət göstərə bilsin.
“Media ümumi rəyə təsir göstərə bilməlidir. İşi məhdudlaşdırılmamalıdır. Təbii ki, jurnalist etikası gözlənilməlidir. Bütün bu faktorlar Azərbaycanda demək olar ki, yoxdur. Media nəzarət altındadır. Faktiki olaraq senzura var. Biznes kimi tamamilə əlverişli deyil" deyə ekspert qeyd edir.
O deyir ki, medianın inkişafı üçün iqtisadi azadlıq olmalıdır.
“Media pulu özü qazanmalıdır. Dövlət hesabına yaşamamalıdır. Siyasi nəzarət olmamalıdır. Jurnalistlər ifadə azadlığına görə təqib olunmamalıdır. Ən əsası, medianın rolu ictimai rəyi formalaşdırmaqdır. Buna təsir eləməkdir. Bu yoxdursa deməli o media deyil" o,bildirir.
Beynəlxalq təşkilatların gözündə Azərbaycan
Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.
Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.
RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.
Təşkilat qeyd edir ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.
Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.
Bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.
Öz növbəsində RSF və Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökümətini ölkədə jurnslistlərə edilən hücumların araşdırılmasına və günahkarların cəzalandırılmasına çağırıb. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) ötən il açıqladığı hesabatda mətbuat azadlığı üzrə ekspertlərin illərdir dedikləri təsdiqlənib: Jurnalist qatilləri çox vaxt cəzasız qalır. Jurnalistləri Müdafiə Komitəsi bunu peşə üçün “dəhşətli siqnal” adlandırıb.
Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür
Ancaq Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.
Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.
“Media haqqında” yeni qanun
Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.