Accessibility links

Arif Əliyev: Xəbərdarlıqlar yeni qəbul edilmiş qanunun birinci dalğasıdır


Arif Əliyev
Arif Əliyev

“Multikulturalizm” və “tolerantlıq” dəyərlərini əsas gətirərək Azərbaycan Baş Prokurorluğu mediada və sosial şəbəkələrdə “fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına görə” bir sıra şəxslərə xəbərdarlıq edib.

Rəsmi qurumun yaydığı məlumatda vurğulanır ki, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, “Abşeron rayon sakini Təyyar Hüseynli fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslərin barəsində kəskin və təhqiramiz ifadələr işlədib”.

Təyyar Hüseynli sosial mediada yazdığı şərhlərin birində çimərliklərə öz həyat yoldaşları ilə gələn kişiləri qınayıb və təhqir edib. O, gender prinsipi üzrə ayrı-ayrı çimərliklərin yaradılmasını təklif edib.

Yazı ilə bağlı müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən “təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan” məlumatlar yayıldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, həmin şəxslərlə “aparılan söhbət zamanı belə yazıların yanlış olduğunu dərk etdiklərini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq” onlara xəbərdarlıq elan edilib.

Baş Prokurorluq bildirib ki, media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə “bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlər görüləcək”.

Arif Əliyev: Xəbərdarlıqlar yeni qəbul edilmiş qanunun birinci dalğasıdır
please wait

No media source currently available

0:00 0:06:55 0:00

Yeni Nəsil Jurnalist Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Baş Prokurorluğun jurnalistlərə və sosial şəbəkə iştirakçılarına xəbrdarlıq etməsi söz azadlığına çəkindirici təsir edir.

“Bu xəbərdarlıqlar yeni qəbul edilmiş “Media haqqında” qanunun birinci dalğasıdır ki, onu artıq hiss edirik. Qanunda bir maddə var ki, orada jurnalistin təqdim etdiyi məlumat obyektiv olmalıdır yazılıb. Bu elə kateqoriyadır ki, qanun bunu özündə ehtiva edə bilməz. Çünki obyektivliyi müxtəlif baxışlar müxtəlif cür yoza bilər. Ona görə də qanunun 14.1 maddəsini əldıə rəhbər tutaraq xəbərdarlıq edilir. Bir daha deyim ki, yeni qanunun fəsadlarını artıq hiss etməyə başlayırıq,” o qeyd edib.

Arif Əliyev xatırladıb ki, son zamanlar prokurorluğun xəbərdarlıqlarının bir çoxu cəbhə bölgəsindəki vəziyyətlə bağlı olub. O, yeni qanunun əsas təsirlərinin “qarşıda olduğunu” düşündüyünü deyib.

“Çünki qanunun bir sıra müddəları, o cümlədən reyestrlə bağlı müddəaları hələ tətbiq edilməyib. Reyestrə alınma ilə bağlı işlər başlayanda biz qanunun əsas çətinliklərini hiss edəcəyik. Qanunun digər çətinliyi ondan ibarətdfir ki, yozum üçün çoxlu imkanlar verir və ölkədəki siyasi vəziyyətə uyğun olaraq sərt və liberal formada tətbiqi siyasi iradən asılı olacaq.”

Arif Əliyev sosial şəbəkələrdə söz azadlığı ilə bağlı üstünlüklər, eyni zamanda, problemlərə toxunub.

“Biz sosial şəbəkələri jurnalistika ilə eyniləşdirə bilmərik. Jurmalistlərin tabe olduğu qanunları, etik prinsipləri social şəbəkələrdə görə bilmərik. Sosial şəbəkələr söz azadlığı sahəsində böyük üstünlüklər verirsə böyük problemlər də yaradır. Sosial şəbəkələr çox keyfiyyətsiz materiallar, feyk materiallar, manipulyasiya üçün əsas verən materiallar tirajlayır. Bu gün hesab edirəm ki, sosial şəbəkələrdən manipulyasiya məqsədi ilə istifadə edənlər böyük nəticələr əldə edir, nəinki real məqsədlərlə istifadə edənlər,” o qeyd edib.

Ekspert sosial şəbəkələrin müsbət cəhətlərindən danışarkən deyib ki, sosial şəbəkələr ifadə azadlığı sahəsində, məlumatların gizlədilməsinin qarşısının alınmasında çox güclü alətdir.

“Sosial şəbəkələr bir tərəfdən hakimiyyətlərə təsir etmək üçün istifadə edilirsə, digər tərəfdən avtoritar və demokratik rejimlər olmasına baxmayaraq öz “orduları” vasitəsi ilə ictimai rəyə öz xeyirlərinə təsir edirlər. Bu gün bir çox ölkələrdə faktiki olaraq social şəbəkələrə təsir edən “ordular” var,” Arif Əliyev bildirib.

XS
SM
MD
LG