Accessibility links

Vəkilin və jurnalistin həbsinə rəsmi və ekspert baxışları


Elçin Sadıqov və Əvəz Zeynallı
Elçin Sadıqov və Əvəz Zeynallı

Azərbaycanda vəkil Elçin Sadıqovun və jurnalsit Əvəz Zeynallının həbsi geniş ictimai tənqidlərlə qarşılanıb. Hüquq müdafiəçiləri, ictimai xadimlər, media rəhbərləri həbsin siyasi sifariş olduğunu bildirir. Rəsmi məlumatlarda isə hər iki şəxs rüşvətdə ittiham edilirlər.

Mehman Əliyev: Vəkil Elçin Sadıqovun və jurnalist Əvəz Zeynallının həbsi ölkədə söz azadlığına ziddir
please wait

No media source currently available

0:00 0:05:10 0:00

Mehman Əliyev: Həbslər söz azadlığını məhdudlaşdırmağa xidmət edir

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində jurnalistin və vəkilin həbsinin hökumətin söz azadlığı ilə bağlı bəyanatına zidd olduğunu bildirib.

"Bu həbsin arxasında Əvəz Zeynallının bir jurnalist kimi aktiv fəaliyyətinin qabağının alınması durur. Son zamanlar o çox aktiv şəkildə öz verilişlərini aparıb. Auditoriyasını yığıb. İctimai əhəmiyyət kəsb edən məsələlərə diqqət yetirib, populyarlıq qazanıb. Bu, Azərbaycan hakimiyyətinin apardığı siyasətə, media, söz azadlığı sahəsində siyasətinə ziddir. Ona görə də bu cür addımların atılması gözlənilən idi. Mən gözləyirdim ki, bu, baş verəcək. Elçin Sadıqova gəldikdə isə, o nadir vəkillərdəndir ki, ictimai siyasi məsələlərə çıxa bilirlər".

Mehman Əliyev hesab edir ki, "Media haqqında" qanun qəbul olunandan sonra bu qanunun tətbiqi təkcə jurnalistlərə yox, blogerlərə, youtube kanalında çıxış edənlərə, hamıya şamil olunmağa başlayıb. Bu qanunun qəbul olunmasının məqsədi əlbəttə ki, cəmiyyətdə geniş hal alan, genişlənən bir informasiya fəaliyyətinin qabağını almaqdır.

O, həbslərə beynəlxlaq reaksiyalardan danışarkən deyib ki, Azərbaycanın beynəlxalq imici onsuz da sıfır vəziyyətindədir, kifayət qədər pisdir. "Məhz ona görə ki, insan haqları pozulur, biz korrupsiya üzrə liderik" , Əliyev qeyd edib.

Rüfət Səfərov: Cinayət təqibi siyasi hakimiyyətin direktivi əsasında baş tutub
please wait

No media source currently available

0:00 0:06:56 0:00

Rüfət Səfərov: Cinayət təqibi siyasi hakimiyyətin direktivi əsasında baş tutub

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində son həbslərin insan hüquqları sahəsində duruma təsirlərindən danışıb.

"Siyasi ağırlıqlı cinayət mühakimə icraatları Azərbaycan hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Son həbslər isə düşünürəm ki, Azərbaycanda siyasi məhbusların tərkibini daha da genişləndirəcək. Çox təəssüf ki, onsuz da xoş görünməyən hüquqi siması, yüngül ifadə etsək, daha da naxoş bir sifət alacaq. Hesab edirəm ki, həm vəkil Elçin Sadıqov, həm də jurnalist Əvəz Zeynallının hazırda məruz qaldığı cinayət təqibi sırf siyasi ağırlığa malikdir və Cinayət Prossesual Məcəlləsinin tələbləri ilə bir araya gəlməyən bir siyasi addımın nəticəsidir".

Ekspertin firkincə, Əvəz Zeynallı və Elçin Sadıqov indiki halda korrupsiyanın subyekti deyil.

"Cinayət qanunvericiliyində rüşvət alma, yəni passiv rüşvətxorluq vəzifəli şəxsin öz səlahiyyətlərini icra etməsi zamanı müəyyən maddi nemət, pul və sair müqabilində hərəkətlər etməsi, ümumi himayədarlıq etməsi nəticəsində baş verə bilər. Vəzifəli şəxs və hakimiyyət nümayəndəsi olmadan korrupsiyanın, rüşvətin subyekti olmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, prokurorluğun hazırkı cinayət təqibi siyasi hakimiyyətin direktivi əsasında baş tutub. Bu sualın ətrafında son bir cümləni də qeyd edim ki, bu onsuz da ağır olan vəkillik instirutunun və azad medianın əməllərini qazmağa xidmət edən bir addımdır".

Hüquq müdafiəçisi vəkilin ofisində axtarış aparılmasını və sənədlərin götürülməsini qanunvericiliyə zidd hesab edir.

"Vəkil peşə fəaliyyətini icra edərkən əldə etdiyi materiallar, ümumiyyətlə dosye, icraat məhkəmə və istintaq tərəfindən götürülə bilməz. Bu qanunun tələbinə birbaşa ziddir. Amma Elçin Sadıqovun mənzilində və ofisində axtarış aparılarkən, hansı ki, biz özümüz də orada 5-6 saat ərzində bunu müşahidə etmişik, Elçin Sadıqova aid olan, onun peşə fəaliyyəti ilə bağlı olan sənədlər götürüldü və burada digər hissə də var ki, orada peşə, şəxsi, ailə, kommersiya sirri olan məlumatlar da ola bilər. Hansı ki, Elçin Sadıqovun hansı müvəkkilərlə, şəxslərlə hüquqi xidmət formasında müqaviləsi var. Bir sözlə bu hissədə Baş Prokurorluğun təqibi, istintaq hərəkəti olaraq axtarış və götürməsi qanuna ziddir".

Həbs edilən şəxslərin hüquqlarının ictimai müdafiə komitəsinin fəaliyyətinə gəlincə, o deyib ki, birinci mərhələdə heç olmasa həbs qəti imkan tədbirini alternativ qəti imkan tədbirlərindən biri ilə dəyişdirməyə nail olmaq lazımdır.

"Bu gün, biz, bir qrup ictimai fəal, hüquq müdafiəçisi Müsavat Partiyasının qərargahında toplaşdıq. Orada jurnalist Əvəz Zeynallının, eləcə də vəkil Elçin Sadıqovun hüquqlarını ictimai müdafiə komitəsini elan etdik. Təklif etdim ki, ictimai fəal Bəxtiyar Hacıyev komitənin sədri seçilsin. Təklifim müsbət həllini tardı. Düşünürəm ki, Bəxtiyar bəyin rəhbərliyi ilə müdafiə komitəsində təmsil olunan şəxslər həm yerli, həm də beynəlxalq miqyasda tam saxta, qurama ittihamlarla bu gün mühakimə olunan Əvəz Zeynallı və Elçin Sadıqovun konstitusion və konvensianal haqqı olan azadlıq hüququnu bərpa edə biləcəklər", o qeyd edib.

Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli
Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli

Ələsgər Məmmədli: Jurnalist mənbələrinin gizliliyinə ciddi müdaxilə var

Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, Elçin Sadıqovun həbs olunması Azərbaycanda peşəkar vəkillərin fəaliyyətinə heç bir imkanın olmadığını göstərir.

please wait

No media source currently available

0:00 0:04:22 0:00

"Onlara ciddi basqı var. Çünki vəkillik fəliyyəti xüsusilə Elçin Sadıqov kimi bir şəxs uzun illərdir siyasi məhbusları, insan hüquqları baxımından hüquqları pozulanları müdafiə edir. Bir çox halda hökümətin hansısa formada qanundankənar, yaxud hüquqazidd şəkildə həbs etdiyi şəxslərin hüquqlarını qoruyur. Məhz onun bu formada həbs olunması onu göstərir ki, onun fəaliyyəti kimlərisə narahat edir".

Ekspert hesab edir ki, vəkilin həbsi vəkillik fəaliyyəti haqqında qanunun 7-ci maddəsi olan vəkillik fəaliyyətinin təminatı ilə birbaşa ziddiyyət təşkil edir.

"Çünki peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkil tərəfindən toplanan sənədlər, vəkilin dosyeləri, istintaqla bağlı və sair heç bir halda istinaq orqanları təeəfindən tələb oluna və götürülə bilməz. Halbuki biz gördük ki onun ofisindən qalaq-qalaq sənədlər torbada toplandı və aparıdlı. Bu bilabasitə vəkilin fəaliyyətinjn təminatı olan maddənin pozuntusudur".

Məmmədli hesab edir ki, Elçin Sadıqovun həbsi siyasidir.

"Həbs onun peşə fəaliyyəti ilə bağlıdır. Bilavasitə bu həbs hansısa sənədlərin ictimailləşdirilməsini önləmək məqsədilə atılmış addımdır. Bənzər yanaşma eynilə Əvəz Zeynallı üçün də keçərlidir. Ölkədə kifayət qədər tənqidi mövqeyi ilə qısa müddətdə 200 mindən çox audotoriya toplayan Xural tv-ni yaradan bir jurnalistin həbsi onu göstərir ki, həbs siyasidir. Hər iki iş sifarişlidir. Hər iki həbsin arxasında dayanan məqam əslində gerçək korrupsiyanın, gerçək özbaşınalığın ifşasını önləmək məqsədi daşıyır. Çünki yaxın günlərdə cəmiyyətdə ciddi şəkildə rahatsız edən faktorlar açıqlanacaqdı. Bu da onu göstərir ki, jurnalist mənbələrinin gizliliyinə ciddi müdaxilə var. Əgər redaksiyada araşdırma aparılırsa, istintaq redaksiya məktublarını götürür və onu seçirsə, bu o deməkdir ki həmin şəxslərin əlaqəsini əldə etmək və həmin şəxslərə başqa formada müdaxilə etmək istəyirlər".

Azərbaycan Respublikası Baş Prokurorluğu: Elçin Sadıqov və Əvəz Zeynalova təqsirləndirilən şəxs qismində ittiham elan edilib

Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikası Baş Prokurorluğu

Baş Prokurorluq jurnalistin və vəkilin həbsinə siaysi kontekstdən yanaşmanı qəbul etmir. Prokurorluq həbsin sırf cinayət xarakteri daşıması ilə bağlı rəsmi məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

"İstintaqla vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru əvəz Zeynalovun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib."

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə prokurorluq media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırır ki, istintaq aparılan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əflatun Amaşov: Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun

Əflatun Amaşov
Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov Amerikanın Səsinə bildirib ki, hazırda Şuranın fəaliyyətində gərgin dövrdür.

"Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir. Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın" - deyə, o qeyd edib.

Anar Bağırov: Vəkilin həbsi Vəkillər Kollegiyasının diqqətindədir

Anar Bağırov
Anar Bağırov

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası əsassız şayiələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman obyektiv olmağa çalışır.

"Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkilin həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək" , o qeyd edib.

Bəhruz Məhərrəmov: Proses heç bir halda siyasi mahiyyət daşımır

Millət vəkili Bəhruz Məhərrəmov
Millət vəkili Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vəkilin və jurnalistin həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, Cinayət-prosessual qanunvericiliyinə əsasən KİV məlumatları cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini güman etməyə əsas verdikdə öz səlahiyyətləri daxilində təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

"Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqov barədə cinayət təqibinə məhz KİV-də yayılan məlumatlar və daxil olmuş müraciət üzrə aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi üçün başlayıb. Yəni, proses heç bir halda siyasi mahiyyət daşımır, ortada konkret əməllər üzrə əsaslı şübhələr, eyni zamanda vətəndaş Rasim Məmmədovun ifadəsi var. Əvəz Zeynallı təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək bu ilin avqustunda Rasim Məmmədovun yaxınlarından 20 min manatı rüşvət qismində almaqda, Elçin Sadıqov isə vasitəçilik etməklə, ehtimal olunan əməlin törədilməsində köməkçi qismində iştirakçılıqda təqsirləndirilmiş və cinayət məsuliyyətinin və cinayət mühakimə icraatının prinsipləri rəhbər tutulmaqla onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təbii ki, onların təqsirli olub-olmadıqlarına məhkəmə qərar verəcək. Bütün bunların fonunda təəssüf ki, bəzi "ictimai-siyasi xadimlərin", o cümlədən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş pafoslu məlumatları yaymaq, məqsədli manipulyasiyalarla cəmiyyəti çaşdırmaq cəhdlərinin şahidi olmaqdayıq. Baxmayaraq ki, bu vətəndaşlar hansısa siyasi fəaliyyətə görə yox, konkret ictimai təhlükəli əməli törətməkdə ittiham edilir. Hər kəs birdəfəlik anlasın ki, Azərbaycan hakimiyyətinin Əvəz Zeynallı və Elçin Sadıqov adlı problemi yoxdur və ümumiyyətlə bu gün Azərbaycanda hamı kimi vəkillər də, jurnalistlər də əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdir və hər kəs kimi onlar da yalnız törətdikləri ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunduqda cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər" , deputat bildirib.

XS
SM
MD
LG