Accessibility links

"Elçin Sadıqovun evində aparılan axtarışda vəkilin iştirakı təmin olunmayıb"


Elçin Sadıqov
Elçin Sadıqov

Sentyabrın 10-da Baş Prokurorluq əməkdaşları “Xural” İnternet Televiziyasının rəhbəri Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun ofisində və evində axtarış aparıb. Axtarışdan sonra prokurorluq əməkdaşları vəkilə və jurnalistə məxsus sənədləri, kompüterləri götürüb. Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıblar.

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Əvəz Zeynallının bir şəxslə telefon danışığının audio yazısını yayımlayıb. Həmin audio yazıda iddia olunur ki, jurnalist hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat alıb. Rasim Məmmədovun vəkili Elçin Sadıqov bu iddianı Rasim Məmmədovun ailəsinə istinadən təkzib edib.

Əvəz Zeynallı da özünün “Xural TV” Youtube kanalında bu ittihamaları rədd edərək, onları sifariş” adlandırıb.

Sentyabrın 10-da jurnalist Əvəz Zeynallı saxlanıldıqdan sonra Respublika Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

Səməd Rəhimli
Səməd Rəhimli

Vəkillərin evində və ofisində də bir neçə saat axtarış aparılıb. Vəkil Elçin Sadıqov və onun həyat yoldaşı, vəkil Zibeydə Sadıqovanın evində aparılan axtarışda iştirak edən hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, axtarış zamanı prosessual pozuntular olub:

“Biz hal şahidləri kimi iştirak etməklə bağlı cəhd göstərdik, amma müstəntiq Əsgər İsgəndərov buna imkan vermədi. Ancaq öz gətirdiyi hal şahidlərinin iştirakına şərait yaratdı”.

Hüquqşünas bildirib ki, fakt üzrə cinayət işi açmaq, həmin ittihamı vermək üçün əllərində olan sübut nədən ibarətdir şübhəlidir. O deyir ki, verilən cinayət ittihamının tövsifi də şübhəlidir.

“Bu səsyazma qeyri-qanuni yollarla əldə edilibsə sübut kimi istifadə oluna bilməz, bu birmənalıdır. Bu səs yazısının qanunla əldə olunub olunmadığı ilə bağlı mübahisələr var”, deyə Rəhimli bildirib.

Emin Abbasov
Emin Abbasov

Vəkil Elçin Sadıqov və onun həyat yoldaşı, vəkil Zibeydə Sadıqovanın evində aparılan axtarışda iştirak edən digər hüquqşünas Emin Abbasov Amerikanın Səsinə bildirib ki, Zibeydə Sadıqova və Elçin Sadıqovun ofisi və evi ortaqdır, Zibeydə Sadıqovanın da iş materiallarının axtarışa məruz qalması qanun pozuntusudur:

“Digər pozuntu isə, Cinayət Prosessual Məcəlləyə görə axtarış zamanı təqsirləndirilən və şübhəli şəxsin vəkilinə imkan tanınmalıdır ki, axtarışda iştirak etsin, lakin axtarışı aparan müstəntiq vəkili gözləmədən axtarışa başladı. Biz dedik ki, vəkil gəlir, o vəkili gözləmədən, vəkilin iştirakını təmin etmədən işə başladı. Bu, əsas prosedur pozuntusudur”.

Vəkil Elçin Sadıqov saxlanılarkən (Foto Türkan Bəşirindir)
Vəkil Elçin Sadıqov saxlanılarkən (Foto Türkan Bəşirindir)

Qeyd edək ki, fakt üzrə Cinayət Məcəlləsinin 311.3.3 maddəsi (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) ilə cinayət işi başlanılıb.

Vəkil Elçin Sadıqov axtarışdan sonra ofisindən Baş Prokurorluğa aparılarkən günahsız olduğunu deyib:

“Yəqin protokol tərtib edəcəklər. Mən heç nə etməmişəm, bunların hamısı uydurmalardır. Hələ suallar verilməyib, axtarış-götürmə aparılıb,” o qeyd edib.

Baş Prokurorluq hələ axtarışın nəticələri, Əvəz Zeynallı və Elçin Sadıqovun hansı qismdə saxlanılması ilə bağlı məlumat verməyib.

XS
SM
MD
LG