Accessibility links

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovla bağlı Prezident İlham Əliyevə müraciət edilib


Sentyabrın 11-də Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək sentyabrın 10-da həbs olunan "Xural" İnternet Televiziyasının rəhbəri Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırış ilə müraciət edib.

Çağırışda deyilir ki, Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib: "Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur. Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başlayıb və işdə konkret şikayətçi yoxdur".

Elçin Sadıqov və Əvəz Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hüquq müdafiəçilərinin yaydığı müraciətdə bildirilir ki, həbs qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.

"Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Zeynallı 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil"- deyə, çağırışda qeyd olunub.

Hüquq müdafiəçilərinin sözlərinə görə, ittihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib: "Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil".

Müraciətdə qeyd edilir ki, Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar. Hüquq müdafiəçiləri onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndirirlər.

Prezidentə edilən müraciətdə hüquq müdafiəçiləri həbs qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik etməsinə çağırış ediblər.

Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri:

1. Novella Cəfərova

2. Səidə Qocamanlı

3. Səadət Bənənyarlı

4. Arzu Abdullayeva

5. Mirvari Qəhrəmanlı

6. Hilal Məmmədov

7. Elçin Həsənzadə

8. Sevinc Sadıqova

9. Mehman Əliyev

Əvəz Zeynallı da özünün "Xural TV" Youtube kanalında bu ittihamaları rədd edərək, onları "sifariş” adlandırıb.

Sentyabrın 10-da jurnalist Əvəz Zeynallı saxlanıldıqdan sonra Respublika Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

"Xural" qəzetinin baş redaktoru olan Əvəz Zeynallı bundan öncə 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub. 2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 3-də yaydığı məlumata görə, "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov saxlanılıb. Məlumatda bildirilib ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib, rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə

"Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib, təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsi olub, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb. Şirkətin polad istehsalına görə illik istehsal gücü bir milyon ton olub. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edib.

Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə məqalələr dərc olunub.

XS
SM
MD
LG