Accessibility links

Azərbaycan mediasında siyasi fikir plüralizmi - Ekspertlərin baxışı


media qəzet
media qəzet

147 il əvvəl, iyulun 22-də (1875-ci il) Həsən bəy Zərdabinin nəşrə başladığı "Əkinçi" qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlandığı deyilir. Məhz bu tarix Azərbaycanda ənənəvi Milli Mətbuat Günü kimi qeyd edilir.

Beynəlxalq və yerli media təşkilatları, ekspertlər deyir ki, Azərbaycanda hər il mətbuatın durumu pisləşir. Media hüquqları üzrə müdafiə təşkilatlarının açıqladığı hesabatlarda qeyd edilir ki, medianın durumunu daha da ağırlaşdıracaq hallardan biri yeni "Media haqqında” qanunun qəbul edilməsidir. Onlar hesab edir ki, bu qanun ölkədə söz azadlığını boğur.

Bu il isə Sərhədsiz Reportyorlar beynəlxalq qeyri-hökumət təşkilatının açıqladığı media azadlığı reytinqində 180 ölkə arasında Azərbaycan 154-ci yerdə qərarlaşıb.

Azərbaycan mediasında siyasi fikir plüralizmi

Yerli media ekspertləri hesab edir ki, Azərbaycanda son bir ildə medianın müsbət irəliləyişinə doğru heç nə dəyişməyib. Onlar bununla bağlı bir sıra arqumentlər sadalayıblar.

Müstəqil jurnalist Kamran Mahmudov Amerikanın Səsinə deyir ki, Azərbaycan mediasında siyasi fikir plüralizmi yoxdur.

“O baxımdan ki, məsələn bizdə debat tipli verilişlər olduqca azdır. Bizdə hakimiyyətyönlü media, müxalifyönlü mediadan mövqe almır. Mövqe almaq istəmir, yaxud müxalifətyönlü media hakimiyyətyönlü mediaya üz tutsa da onlara cavab vermirlər. Müstəqil media isə ortada qalır. Müstəqil media çalışır ki, hər iki tərəfi işıqlandırsın. Azərbaycanda xeyli çətindir fikir plüralizmi qorumaq. Ən azından buna can atmaq istəyin də biz çox az hallarda görürük”deyə o bildirib.

Kamran Mahmudov : Azərbaycan mediasında siyasi fikir plüralizmi yoxdur
please wait

No media source currently available

0:00 0:05:38 0:00

Dünya mediasında baş berən yeniliklərlə Azərbaycan mətbuatı ayaqlaşa bilirmi sualına gəldikdə müstəqil jurnalist qeyd edir ki, Azərbaycan mediası onun imitiasiyası ilə məşğuldur.

“Ona can atmaq əvəzinə onun süni formasını yaradırlar. Bizdə bu da var demək istəyirlər. Amma nəticədə bunun süni olduğu ortaya çıxır. Ayaqlaşmaq desək yox, ayaqlaşa bilmirik. Çünki dünyanın nüfuzlu mediası ilə ayaqlaşmaq üçün ən azından Azərbaycanda mətbuat azadlığına, söz azadlığına imkan yaradılmalıdır ki, bu da bizdə yoxdur” deyə, o deyir.

Azərbaycanda jurnalistlin təhlükəsizliyi

Kamran Mahmudov deyir ki, ölkədə bir jurnalist kimi özünü təhlükəsiz hiss etmir.

“Mən 2005-ci ildən bəri, Elmar Hüseynovun qətl günü, hansı ki, o qətl gecəsi mən də bir gənc reportyor olaraq orada idim. Çəkilişlər aparırdım. Orada olanlar da mənim indi altşüurumda qalmaqdadır. O gündən bəri mən özümü təhlükəsiz hiss etmirəm. Aytən Məmmədova hadisəsi də daha bir nümunə oldu. Bir jurnalistin, bir qadının boğazına bıçaq dirədilər və onu təhdid etdilər. Bu gün də biz cəmiyyətdə, hakimiyyətdə, hüquq mühafizə orqanlarında bu məsələ ilə bağlı bir susqunluq görürük. Azərbaycanda doğru sözün deməyin bədəli həmişə ağır olub. Biz bunu bir çox nümunələrdə çəkə bilərik. İstər Rafiq Tağı nümunəsində, istər ondan sonra ölkədən mühacirət etmiş Aqil Xəlil nümunəsində olsun. Sabah heç kim heç nədən sığortalanmayıb. Hər bir doğru sözün tərəfində olan jurnalistin başına gələ biləcək hadisədir. Oa görə də mənim özüm üçün də təhlükəsizlik baxımından təhlükəsiz deyil"deyə, Mahmudov qeyd edir.

Jurnalistlər ə və blogerlərə qarşı hücumlar araşdırılmır ?

Videobloger və araşdırmaçı jurnalist Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində media sahəsində vəziyyətin heç də yaxşı olmadığını deyir. Onun sözlərinə görə son dövrlər ölkədə jurnalistlərə, blogerlərə qarşı hücumlar baş verib, məhkəmə çəkişmələri, həbslər olub.

“Son bir ildə biz nəzərə salsaq ki, hansı hadisələr baş verib, görə bilərik ki, artıq son dövrlər jurnalistlərə, blogerlərə, sosial şəbəkə istifadəçilərinə qarşı cinayət məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi açırlar. Bu da ki, diffamasiya ilə bağlı olan maddədir. Bu maddə ilə cinayət işi açırlar, onları susdurmağa çalışırlar. Jurnalistlərə qarşı hücumlar isə heç araşdılmayıb"deyə, o bildirir.

 Mehman Hüseynov: Jurnalistlərə və blogerlərə qarşı hücumlar isə heç araşdılmır
please wait

No media source currently available

0:00 0:06:48 0:00

Jurnalist və blogerlərin ölkədə təhlükəsizliyinə gəldikdə isə videobloger deyir ki, bu sahədə də vəziyyət yaxşı deyil. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları jurnalistlərə və blogerlərə qarşı hücumlarla bağlı heç bir addım atmır.

“Daha da vəziyyət pisliyə doğru gedir. Bizim digər əməkdaşımız Hafiz Babalı və digər araşdırmaçı jurnalistlərə də diqqətlə baxsaq görə bilərik ki, onlara qarşı da hücumlar, onlara qarşı hədə-qorxular baş verir. Bu ictimailəşməsə də bunlar baş verir. Kimsə ailəsinə görə çəkinir, kimsə övladlarına görə çəkinir. Amma bunlar baş verir. Bunun üçün üzdə olan nümunələr Aytən xanıma, Bəxtiyar Hacıyevə olan hücumlardır. Bunların heç biri araşdırılmayıb. Bu o deməkdir ki, əgər indiyə qədər bu cinayəti törədənlər tapılmayıbsa, deməli, hər bir kəs, hər jurnalist, reportyor, bloger, sosial şəbəkə istifadəçisi bununla üzləşə bilər. Heç kim buna görə cəzalandırılmayacaq. Bu da bir növ jurnalistlərə, azad mətbuata bir mesajdır” o qeyd edir.

Videobloger deyir ki, Azərbaycanda mətbuatın inkişafı üçün müsbətə doğru addım atılmır. Onun sözlərinə görə, ölkədə yerli medianın inkşafı üçün azad bazar mühiti olmalıdır.

“İllər əvvəl hələ bunu media nümayəndələri bildiriblər ki, bunun əsas səbəbi azad bazarın olmamasıdır. Çünki sən hər hansı bir mətbuat orqanının rəhbərisənsə, saytın rəhbərinsənsə, işçilərinə maaş verməlisənsə azad iqtisadiyyat, azad bazar olmalıdır ki, sən reklam qəbul edib, reklamın maliyyəsi ilə işçilərin maaşını verməlisən. Amma bütün bunlar dağıdılıb. Əgər sən müxalifyönlüsənsə, dövlət, özəl yaxın durmur, səninlə əməkdaşlıq etmi. Bu, çətinliklər yaradır. Mətbuatın inkişafı üçün Azərbaycanda heç nə görülmür. Sırf o istiqamətdə işlər görülür ki, jurnalist dövlət qurumlarından aslı vəziyyətdə olsun. Jurnalist dövlətdən, hökümətdən aslı olsun. Ümumiyyətlə, azad rəqabətli şərait yaradılmalıdır. Jurnalistlərə, mətbuata bir az da olsa, azadlıq verilməlidir. Lakin bu baş vermir. Normal demokratik ölkədə heç bir dövlət qurumu jurnalistlərə ev paylamır. Əsasən də prezident sərəncamı ilə. Jurnalistlərə ev verilməməlidir. Bu, rüşvət kimi qələmə verilir. Amma bu Azərbaycanda baş verir. Bu normaldır. Bu da o deməkdir ki, jurnalistləri ələ almaq üçün, jurnalistləri özündən aslı vəziyyətə salmaq üçün bu addımı atırlar. Bunun da axrı heç yaxşı deyil”- deyə, bloger bildirir.

Azərbaycanda media sahəsində hüquqi tənzimləmə, ölkənin beynəlxalq öhdəliklərinə uyğundurmu?

Media hüquqları üzrə ekspert, hüquqşünas Xalid Ağalıyev isə deyir ki, Azərbaycanda medianın hüquqi tənzimləməsi ilə bağlı qanunvericilik müstəqilliyi dövründə iki dfə ciddi dəyişikliklərə məruz qalıb.

“Birinci dəfə Azərbaycan AŞPA-ya üzv olan zaman Azərbaycanda bu sahədəki qanunvericilik Avropa Şurasının standartlarına uyğunlaşdırılmışdı. Yəni bu istiqamətdə xeyli dəyişkiliklərə məruz qalıb. Sonuncu dəfə də 2021-ci ildə başladı bu proses və bu ilin əvvəlində başa çatdı. Yeni "Media haqqında" qanun qəbul olundu. İki dəfə ciddi dəyişkliklər baş verdi. Birinci dəfə Azərbaycanın qanunvericiliyi bu sahədə Avropa ölçülərinə uyğunlaşdırılmışdı. Çox mütərəqqi irəliləyişlər əldə olunmuşdu o dövrdə. Amma son dəyişiklik, təəssüf ki, bu cür məzmuna sahib deyil. Deyə bilərik ki, 2000-2002-ci illər arasında media qanunvericiliyinə edilmiş tərəqqi dəyişikliklərdən son dəyişikliklərdə imtina olundu. Azərbaycanda media sahəsini tənzimləyən media qanunvericiliyi mürtəce məzmunda dəyişdirildi. Bundan çıxış eləsək deyə bilərik ki, bizim media sahəsində tənzimləyən qanunlar, bu sahədəki tənzimləmə mexanizmləri beynəlxalq standartlardan çox uzaqdır və bunu Venesiya Komissiyasının son rəyi də sübut etdi. Orada belə bir cümlə də ifadə olunmuşdu ki, Avropada belə qanun ola bilməz. Bu cümlənin özü də bizim yanaşmamıza uyğundur. Bu göstərir ki, Azərbaycanda media sahəsini tənzimləyən mexanizmlər Avropa standarlarından və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn standartlardan çox uzaqdadır” o, deyir.

Xalid Ağalıyev: Diffamasiya ilə bağlı cinayət cəzaları sərt şəkildə tətbiq olumağa başlayıb.
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Ölkədə media və ifadə azadlığı ilə bağlı vəziyyətə gəldikdə ekspert deyir ki, ümumilikdə ölkədəki media orqanları hökumətin nəzarətindədir.

“Ayrı-ayrı media növlərinə görə yanaşmanı mən burada doğru hesab edirəm. Birinci çap mediasının durumu ilə bağlı demək istəyirəm ki, Azərbaycanda artıq bu media növü demək olar ki, tamamilə sıradan çıxıb. İctimai rəy üçün bu çap mediası heç bir əhəmiyyət kəsb eləmir. Televiziya və radio yayımı ilə bağlı deyə bilərəm ki, bu media tamamilə hökümətin nəzarəti altındadır. Artıq uzun illərdir ictimai rəyə bu media çox ciddi təsir etmə imkanlarından məhrumdur. Həmin medialar, demək olar ki, müstəqil xəbərləmədən çox uzaqdadıe. Azərbaycanda müstəqilliyini qoruya bilən yeganə media sahəsi kimi internet mediasını qeyd edə bilərik. Bu sahə xeyli dərəcədə müstəqildir. Çünki onu tənzimləmək xeyli dərəcədə çətin olduğundan bu sahədə yenə də müstəqil olaraq fəaliyyət göstərən və ən fərqli görüşləri təqdim edən, çoxsəsliyə təminat verən media məhz bu sahədədir. Ümumilikdə medianın imkanları çox məhduddur. Reklam gəlirləri yoxdur, hökümətin kontrolu altındadır bu medialar. Eyni zamanda müstəqil fəaliyyət göstərən medialar, jurnalistlər də çox ciddi çətinliklər altında fəaliyyət göstərirlər, istər informasiyalara çatım ilə bağlı, istər maliyyə qaynaqlarına çatım ilə bağlı olsun. Bu sahədə çox ciddi problemlər mövcuddur.”

Diffamasiya ittihamı ilə həbslər...

Xalid Ağaliyev qeyd edir ki, diffamasiya ilə bağlı, böhtan və təhqir ilə bağlı son dövrlərdə aydın müşaiyət olunan tendensiya ondan ibarətdir ki, cinayət cəzaları sərt şəkildə tətbiq olumağa başlayıb.

“Ümumilikdə hüquqi baxımdan yanaşsaq, biz həm Azərbaycan konstitusiya prizmasından, həm qanunlar prizmasından və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr prizmasından yanaşmalıyıq. Bunların içərisində də Avropa Konvensiyası, Avropa Məhkəməsinin presedent hüququ prizması təşkil edir. Bu baxımdan yanaşsaq, dediyiniz kimi, məhkəmə işlərində hüquqi əsaslandırma, təbii ki, bir çox ciddi problemlər olaraq qarşımıza çıxır” ekspert deyir.

Ekspert vurğulayır ki, bu sahədə ki, problemləri, əlbəttə, aradan qaldırmaq üçün ilk növbədə böhtan və təhqirlər bağlı Azərbaycanda mövcud olan sərt qanunvericilik aradan qaldırılmalıdır.

“Cinayət məcəlləsinə müvafiq dəyişkliklər edilməlidir. Son dövrdə bununla bağlı məsələlər gündəmdə deyil. Amma hesab edirəm ki, Azərbaycan həm öhdəliklərinə uyğun olaraq, həm də ifadə azadlılığının daha da inkişaf etdirilməsi məqsədinə uyğun olaraq bu sahədə müəyyən addımlar atmalı, böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv eləməlidir” - deyə, Ağaliyev qeyd edir.

Bu gün Azərbaycanda jurnalistika üçün normal mühit var​

Media İnkişaf Agentliyindən hələlik bu deyilənlərlə bağlı şərh almaq mümkün olmayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov Amerikanın Səsinə müsahibəsində deyir ki, Azərbaycanda medianın inkişafı istiqamətində dövlət tərəfindən atılması vacib olan və beynəlxalq təcrübədə də qəbul edilən bütün addımlar atılır və proses bu gün də davam etdirilməkdədir.

please wait

No media source currently available

0:00 0:02:21 0:00

"Bilirsiniz ki, ötən ilin sonlarında media haqqında qanun qəbul edilib. Xeyli sayda digər qanunlarımız bu yeni qanunların tələblərinə uyğunlaşdırıldı. Eyni zamanda media fəaliyyətində qəbul edilən tənzimləmərələrin həyata keçirilməsi üçün struktur islahatları aparıldı. Digər tərəfdən, bilirsiniz, Azərbaycan dünyada çox az saylı nümunələrini yaradaraq jurnalistikaya dəstək proqramlarını həyata keçirməkdədir. O ki, qaldı Azərbaycanda jurnalistikanın pisləşməsinə, açığı, mən bu ifadəni qəbuledilməz sayıram. Bəli, bütövlükdə sosial medianın daha ön plana çıxması ilə əlaqədar dünyada klassik medianın dayaqları xeyli zəifləyib. Azərbaycan da, təbii ki, bu prosesdən kənarda qala bilməz," Bəhruz Məhərrəmov bildirir.

Deputat deyir ki, hakimiyyətin məqsədli siyasəti nəticəsində media vəziyyətinin pisləşməsinə dair iddialar absurddur.

"Bu iddiaları irəli sürərkən fikirləşmək lazımdır. Məsələn, siz özünüz Azərbaycanda hansısa təzyiqlə üzləşmisinizmi? Ümumiyyətlə mediaya hansısa təzyiq mümkündürmü? Təəssüf ki, Azərbaycanda bəzi media qurumları özləri siyasiləşib və nəticə etibarı ilə də özlərini hansısa qütblərdə görürlər. Mövcud hakimiyyətin də istənilən addımlarını avtomatik olaraq da özlərinə doğru yönəlmiş hesab edirlər. Məsələn, media qurumları var ki, neçə ildir fəaliyyət göstərir və yalnız bir yaxud iki müsahibi var. Fəaliyyət də yalnız və yalnız siyasi möhtəkirlikdən ibarətdir. Bütün günü yayımları ərzində nifrət və kin yayırlar. Təbii ki, ölkədə olan biznes sahibi də nə qədər baxımlı olur olsun o mediaya reklam verməyəcək. Azərbaycanda bu gün reklam bazarının formalaşmasının qarşısında dayanan əsas problemlərdən biri məhz bu cür qütbləşmiş radikallaşmış mediadır" o qeyd edir.

Bəhruz Məhərrəmov hesab edir ki, bu gün Azərbaycanda jurnalistika üçün normal mühit var.

"İstər qanunvericilik bazası, istər siyasi şərait, jurnalistikanın inkişafı üçün münbitdir. Eyni zamanda bu gün fəaliyyəti ilə əlaqədar cəzaya, hansısa məhdudlaşdırmaya məruz qalan jurnalist yoxdur. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Hazırda ABŞ-da, Avropada məskunlaşıb Azərbaycanın əleyhinə soyüş, böhtan kampaniyası aparan media imitasiyaları var. Bax sual verirəm. Onlar nə ilə maliyyələşir? Yaxud açıq böhtan və təhqirlər səslənir, radikal çağırışlar səslənir. Məsələn ABŞ-ın özünə qarşı belə çağırışlar səsləndirən media qurumu bu ölkədə fəaliyyətini davam etdirə bilərmi? Əlbəttə yox. O zaman mən hesab edirəm ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən bu media qurumları ilə bağlı Vaşinqton da, Avropa da özünü bizim yerimizə qoyub fikirləşməlidir" - deyə, deputat vurğulayır.

Prezident İlham Əliyev: Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur

İlham Əliyev bu barədə Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda qeyd edir.

"Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir” prezident deyir.

İlham Əliyev müraciətində qeyd edib ki, söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanda medianın hüquqi durumuna dair hesabat yayımlayıb

Bu arada isə Media Hüququ Qrupu Azərbaycanda medianın hüquqi durumuna dair hesabat yayımlayıb. Hesabat 2022-ci ilin ilk yarısının qiymətləndirilməsidir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda medianın durumu ilə bağlı ciddi irəliləyişlər nəzərə çarpmır. Beynəlxalq qurumların reytinqlərində Azərbaycanın mövqeyi demək olar ki, əvvəlki kimi qalır.

Təşkilat jurnalistika sahəsində baş verən insidentlərin başlıca səbəbi kimi jurnalistləri qoruyan qanuni mexanizmlərin işlək olmamasını görür:

“2022-ci ilin birinci yarısında Azərbaycanda jurnalistlər, mediada çalışanlarla bağlı baş vermiş insidentlərin analizi göstərir ki, onların başlıca problemləri, onları qoruyan qanuni mexanizmlərin işlək olmamasıdır. Milli qanunvericilik jurnalist fəaliyyətini kənar müxadilələrdən qoruyan tənzimləmələri nəzərdə tutur. Məsələn, peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı zorakılıq cinayət məsuliyyəti yaradır. Jurnalistə informasiya verməyən, informasiya sorğusunu cavablandırmayan ictimai informasiya sahiblərini inzibati məsuliyyət gözləyir. Ancaq bu normaların heç biri tətbiq edilmir. Digər diqqət çəkən problem, son aylarda böhtan və təhqirə görə, cinayət cəzaları müəyyən edən qanunlardan istifadənin yayğınlaşmasıdır”.

Media Hüququ Qrupu - Azərbaycanda media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların təşviqi sahəsində çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür. Qrup hüquqşünaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev tərəfindən qurulub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.

RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.

Təşkilat qeyd edir ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.

Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.

Bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.

Öz növbəsində RSF və Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökümətini ölkədə jurnslistlərə edilən hücumların araşdırılmasına və günahkarların cəzalandırılmasına çağırıb. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) ötən il açıqladığı hesabatda mətbuat azadlığı üzrə ekspertlərin illərdir dedikləri təsdiqlənib: Jurnalist qatilləri çox vaxt cəzasız qalır. Jurnalistləri Müdafiə Komitəsi bunu peşə üçün “dəhşətli siqnal” adlandırıb.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Ancaq Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Azərbaycan Media İnkişaf Agentliyinin müdiri Natiq Məmmədli özünün Facebook səhifəsində “Media qanunu”: Hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?” başlığı ilə şərhində bildirib ki, qanun “​sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır”.

“Media qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır​”, o bildirib.

“Media haqqında” yeni qanun haqqında

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

XS
SM
MD
LG