Accessibility links

Mehman Əliyev: Cəmiyyətdə sağlam informasiya münasibətləri qurulmalıdır


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində son zamanlar Azərbaycanda media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə qarşı edilən xəbərdarlıqların səbəbləri, o cümlədən medianın inkişafı üçün atıla biləcək addımlardan danışıb.

Amerikanın Səsi: Son zamanlar Azərbaycanda media nümayəndələri və sosial şəbəkə istifadəçiləri yaydıqları məzmunlara görə inzibati orqanları tərəfindən tənbeh tədbirlərinə məruz qalır, bəzi hallarda isə hətta inzibati qaydada həbs olunurlar. Bu addımlar ifadə azadlığı ilə nə dərəcədə uzlaşır?

Mehman Əliyev: Bu, əslində təzyiqdir və ikili standartlardır. İkili standartlardır, ona görə ki, mətbuat kifayət qədər qanun pozuntularından, korrupsiyadan, özbaşınalıqdan yazır. Amma nədənsə, məsələn, buna reaksiya verilmir. Biz bunu görmürük. Mən bir dəfə görməmişəm ki - biz o qədər yazırıq ki - bir dəfə görməmişəm ki, prokurorluq bir reaksiya versin ki, "bax, sizdə yazı gedib, biz araşdırırıq və s tədbir görürük." Yəni belə şey yoxdur. Bu, birbaşa Azərbaycanda söz azadlığına qarşı təzyiqdir - söz azadlığını məhdudlaşdırmaq, özünüsenzura yaratmaqdır.

Mehman Əliyev: Cəmiyyətdə sağlam informasiya münasibətləri qurulmalıdır
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Amerikanın Səsi: Media və sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsinin səbəbi nədir?

Mehman Əliyev: İş ondadır ki, hakimiyyət narahatdır. Çünki əslində ənənəvi mətbuatı - bu televiziyalar, qəzetlər, online medianı, bunun əksəriyyətini nəzarətə götürməyə başlayıblar. Yəni televiziya kanalları tam nəzarətdədir. Hakimiyyət nə istəyir, onu danışır. Ona görə qalıb əsas sosial şəbəkələr. Və müxtəlif online resursları nəzarətə götürmək üçün hakimiyyət hər şeyə əl atır. Müxtəlif qanunlara istinad edirlər. Hətta media haqqında qanun qəbul olunanda biz onda haray salmışdıq ki, bu qanun KİV haqqında qanun deyil. Bu qanun yönələcək birbaşa şəbəkəyə.

Amerikanın səsi: Ümumiyyətlə İnternet üzərində tam nəzarətin qurulması mümkündürmü?

Mehman Əliyev: Əslində hakimiyyət iyirmi ildən çoxdur ki, informasiya məkanını nəzarətə götürmək istəyir. Buna nail ola bilməyib. Ona görə hesab edirəm ki, uğursuz bir siyasətdir. Əslində hesab edirəm ki, iş tama başqa cür qurulmalıdır. Dialoq formasında - dövlətlə cəmiyyət arasında. Bu dialoq ona gətirib çıxarmalıdır ki, sağlam informasiya münasibətləri qurulsun cəmiyyətdə.

Amerikanın Səsi: Bu sahədə beynəlxalq qurumlərın yardımı və təsiri necə ola bilər?

Mehman Əliyev: Beynəlxalq təşkilatlar öz tərəfindən demək olar ki, Azərbaycan hakimiyyətinə mesajlarını verir. Məsələn götürsək Venesiya Komissiyasının Media qanunu haqqında rəyi. Əslində hakimiyyət bunu görmək istəmir. Onlar əslində öz işlərini görürlər. Hökümətə xəbərdarlıq edirlər ki, proses sağlam deyil. Bu həmişə belə olub. Amma nəticə olaraq vəziyyət informasiya məkanında pisləşib və indi də pisləşir. İki mənada pisləşir. Çoxlu dezinformasiyalar yayılır. İkincisi də təhqiredici informasiyalar yayılır. Məsələn prezidentin özünü, ailəsini və s. Belə bir vəziyyət yaranıb. Bu vəziyyəti hakimiyyətin siyasəti yaradıb. Ona görə də biz illərlə xəbərdarlıq edirik, o cümlədən də beynəlxalq qurumlar ki, bu siyasət düzgün deyil.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq edilmir.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.Baş Prokurorluq bundan öncə də bir neçə dəfə sosial şəbəkə iştirakçılarına və media əməkdaşlarına xəbərdarlıq edib. Prokurorluq deyir ki, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması yolverilməzdir.

“Media haqqında” yeni qanun

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

XS
SM
MD
LG