Accessibility links

Norveç İnsan Hüquqları Evi Aytən Məmmədovaya hücumdan narahatdır


İnsan Hüquqları Evi Fondu
İnsan Hüquqları Evi Fondu

“Biz Azərbaycan hakimiyyətini jurnalistlər və digər hüquq müdafiəçiləri üçün təhlükəsiz şərait yaratmağa və onlara qarşı təhdid və zorakılığa görə məsuliyyət daşıyanların tam məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”.

Bu barədə Norveç İnsan Hüquqları Evinin bəyanatında deyilir.

Fond Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı son təhdid və zorakılıq dalğasından, habelə hakimiyyətin cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb etməməsindən narahatdır.

Təşkilat son zamanlar ictimai siyasi fəal Bəxtiyar Hacıyevə, müstəqil jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıqovaya qarşı təqiblərdən, o cümlədən vətəndaş cəmiyyəti fəalı İmran Əliyevin yoxa çıxdıqdan sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tapılmasını xatırladıb.

“Azad media, fikir azadlığı demokratiyanın təməl daşıdır. Azərbaycanda hakimiyyət ifadə və fikir azadlığı hüququnu və müstəqil vətəndaş cəmiyyətini sıxışdırmaqda davam edir. Bundan əlavə, vətəndaş cəmiyyətinin mötəbər hesabatları ifadə və fikir azadlıqlarına qarşı hücumları hakimiyyətlə əlaqələndirir. Bu hücumlar da öz növbəsində çox vaxt cəzasız qalır," bəyanatda deyilir.

Təşkilat hesab edir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın iştirakçısı olaraq qalır.

“Bu müqavilələrin iştirakçısı kimi Azərbaycan ifadə azadlığına və hüquq müdafiəçilərinin müdafiəsinə zəmanət verməyə borcludur. İnsan Hüquqları Evi Fondu Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə, jurnalistlərə və digər hüquq müdafiəçilərinə qarşı təhdid və zorakılığa dərhal son qoymağa, onlara qarşı törədilmiş cinayətlərin operativ və hərtərəfli araşdırılmasına çağırır,” Norveç İnsan Hüquqları Evi Fondu qeyd edir.

Xatırlatma

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib.

Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan "məhkəmədən yazmamağı" tələb edib.

Bundan əlavə ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyib.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu deyirlər. O cümlədən beynəlxalq təşkilatların hesabatlarını qərəzli və qeyri-obyektiv hesab edirlər.

XS
SM
MD
LG