Accessibility links

Arif Əliyev: Cəza ilə medianı inkişaf etdirmək olmaz


"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan "Media haqqında" qanun barədə yekun rəyini təhlil edərək, bu qanunun ölkədəki media azadlığına təsirlərindən , o cümlədən yeni qanunun perspektivlərindən danışıb.

Arif Əliyev: Müstəqilliyi olmayan media ilə istəyirsən min plan qur, o media məsuliyyətli ola bilməz
please wait

No media source currently available

0:00 0:11:13 0:00

Amerikanın Səsi: Avropa Şurası nəzdində Venesiya Komissiyası Azərbaycanda qəbul olunan "Media haqqında" qanun barədə yekun rəyini açıqlayıb. Siz Venesiya Komissiyasının ekspertləri ilə razısınızmı?

Arif Əliyev: Bu qanun mənim üçün gözlənilməz deyil. Əvvəlcədən də onlarla söhbət eləmişdik, məsləhətləşmişdik. Təxminən onların baxışları bəlli idi. Zatən burada başqa baxış da ola bilməz. Yəni normal, professional bir qurumun ikinci rəyi ola bilməz, bu qanunla əlaqədar. Təbii ki, razıyam. Gözlənilməz heç bir şey yoxdur. Amma daha çox onların gəldiyi yekun nəticə oldu ki, Avropada belə bir qanun yoxdur və olmamalıdır. Özünü Avropa ölkəsi hesab edən ölkədə belə bir qanun olmamalıdır.

Amerikanın Səsi: Yerli media qurumunun rəhbəri və bir jurnalist kimi bu qanunla əlaqədar narahatlıqlarınız nə ilə bağlıdır?

Arif Əliyev: Bütövlükdə götürsək mənim yekun rəyim bu idi ki, bu qanun nə özü işləyəcək, nə də bizi işləməyə qoyacaq. Niyə özü işləməyəcək? Çünki həddən artıq ziddiyyətli məqamlar var. Bir–birinə zidd olan bəndlər var. Həyata keçirilməsi qeyri-mümkün olan bəndlər var. Hakimiyyət istəyir ki, elə bir struktur yaratsın ki, faktiki jurnalist özü də onun statusunun verilib-verilməməsi, onun jurnalist olub-olmaması, məsələn, xarici KİV-də işləyirsiniz, amma bunların hamısı hökümətin qərarından asılı olsun. O sizə sənəd verə bilər. Üç ildən sonra həmin sənədi verməyə də bilər. Bilirik ki, biz Azərbaycanda bütün sahələrdə, o cümlədən, mediada böyük bir işçi qüvvəsinin böyük bir hissəsi tamam başqa münasibətlərdədir. Bu qanun özü işləyə bilməyəcək, öz daxili ziddiyyətlərinə görə, qeyri-mümkün olmasına görə. Nə də bizi işləməyə qoyacaq. Niyə? Həqiqətən, biz əgər az-çox özümüzü müstəqil medianın davamçıları hesab ediriksə, o bəndlərin bir çoxunu yerinə yetirə bilmərik. Hansısa dövlət qeydiyyatına götürülməsinə heç bir əsas olmayan internet televiziyalarını aparıb digər televiziyalara bərabər qeydiyyatdan keçirmək, onu reyestrə saldırmaq, sonra onda hər hansı dəyişikliklər eləmək üçün də dövlət orqanları ilə razılaşdırmaq, bu, bizim peşə əqidəmizə zidd müddəalardır. Biz özümüzü fakitki olaraq məmur qismində olan dövlət KİV-nin jurnalistləri ilə bərabərləşdirə bilmərik. Biz burada bərabərləşirik. Hamımız bir yerdə gedib dövlət orqanından vəsiqə alırıqsa və sonradan həmin dövlət orqanı bizi qeydiyyatdan keçirib, bizim jurnalist statusumuzu tanıyıb, lazım olanda o vəsiqəni bizdən geri götürür və statusumuzu ləğv edirsə, fərqimiz nədir?

Amerikanın Səsi: Əgər qanuna dəyişiklik edilmədən tətbiq olunarsa, bu, Azərbaycanda media azadlığı və KİV-in durumuna necə təsir edəcək?

Arif Əliyev: Yenə də mən o düşüncədəyəm ki, qanunun bir çox maddələri bir çox əlamətlərinə görə tətbiq olunmayacaq. Hələ qanun qəbul olunandan bu günə qədər biz hələ heç nəyi hiss eləməmişik. Düzdür avqust ayından sonra müəyyən müddəalar qüvvəyə minməlidir. Amma hələ ki, biz bunu ciddi hiss eləməmişik. Reyestr də tətbiq olunanda hələ bilinmir hansı formada tətbiq olunacaq. Digər tərəfdən bizim bir təcrübəmiz var ki, 2014-cü ildən bu yana, xüsusilə xeyli məhdudlaşdırıcı müddəalar salınmışdı bizim qanunlara, hansıların ki, böyük əksəriyyəti işləmirdi. Amma jurnalistikaya psixoloji təsirini saxlayırdı. Odur ki, mənə elə gəlir ki, bu qanunun qəbulu elə bir ciddi nəyisə dəyişə bilməyəcək. Niyə? Çünki Azərbaycan höküməti bu qanunda faktiki olaraq qeyri-qanuni, qanundan kənar praktik münasibətlərin çoxunu keçirtdi. Onsuz da hər yerə göstəriş var idi. Amma ağrılı olan tərəf nədir? Ağrılı tərəfi olan odur ki, 2018-ci ildən sonra böyük vədlər yarandı. Xeyli ümidlər yarandı, komissiyalar yaradıldı. Bəli biz ayrı-ayrı müddəaları yox, qanunvericiliyi bütövlükdə müzakirə edəcəyik. Baza yaradacağıq və s. Budur medianın inkişafı üçün daha bir şans buraxıldı. İtirilən hər bir şans isə həmişə ümidləri azaltmaq, medianın vəziyyətini ağırlaşdırmaq, həm də peşənin öz potensialını yenidən diriltmək, yenidən dirçəltmək potensialını xeyli dərəcədə öldürmüş olur. Bizim böyük jurnalistlərimizin böyük qismi artıq xaricdədi, ya peşəsini dəyişir. Güc və diqqət əsasən veriləcək sosial şəbəkələrə . O da burada görsənir. Sosial şəbəkələr isə jurnalistika deyil. Sosial şəbəkələr peşə deyil. O tamam başqa səviyyənin və tamam başqa fenomenin göstəricisidir. Çox təəssüf edirəm ki, bizim media mesələlərini həll edən, onun siyasətinə təsir eləyə bilən insanlar bunu dərk eləməkdən xeyli uzaqdırlar.

Amerikanın Səsi: Qarşıda yeni nəsil jurnalistlər gəlir. Bəs belə bir vaxtda Azərbaycan mediasının dirçəldilməsi üçün nələr edilməldir?

Arif Əliyev: Vacib bir prinsip var. Əmlakla hakimiyyət birləşən yerdə müstəqil heç nə ola bilməz. Nə parlament ola bilər, nə məhkəmə ola bilər, nə media ola bilər. Bax bizdə o situasiyadır. Bizim bütün medianın mövcud əmlakı demək olar ki, hakimiyyətin və yaxud hakim mənsubların əlindədir. Müstəqilliyi olmayan media ilə istəyirsən min plan qur o media məsuliyyətli ola bilməz. O media professional ola bilməz. İkincsi bütün bu qanunlar məhdudlaşdırmaya yönəldilib. Hamısı qorxutmaya yönəldilib. Cəza ilə medianı inkişaf elətdirmək olmaz. Stimullar İnstitutu yaratmaq lazımdır. Stimullaşdırmaya yönəlmiş bir qanunlar qaydalar yaratmaq lazımdır.

Xatırlatma

Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan "Media haqqında" qanun barədə yekun rəyi açıqlanıb.

"​Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da "çəkindirici effekt"ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir" , Venesiya Komissiyasının açıqladığı sənəddə bildirilir.

Azərbaycanın rəsmi media təşkilatları Avropa Şurası Venesiya Komissiyasının "Media haqqında" qanuna verdiyi rəyi qəbul etmir.

Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Venesiya Komissiyasının Azərbaycanın "Media haqqında" qanununa dair rəyini tənqid edib.

Agentlik bildirir ki, qanun layihəsi KİV nümayəndələrinin və cəmiyyətin müxtəlif seqmentlərindən olan ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub.

Qanun təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə yönəlib.

"Media haqqında" yeni qanun

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti "Media haqqında" yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Sənəd yerli və beynəlxalq tənqidlərə səbəb olub. Azərbaycan mediasında çalışan bir sıra jurnalistlər parlamentin binası qarşısında deputatları qanuns səs verməməyə çağıran aksiyalar keçirib.

XS
SM
MD
LG