Rəşad Məcid Mətbuat Şurasının yeni sədri seçilib

Rəşad Məcid

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Rəşad Məcid "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür.

Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultay keçirlib. Qurultay Mətbuat Şurası İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibini formalaşdırıb.

Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Mətbuat Şurasının sədri 2003-cü ildən Əflatun Amaşov idi. O bir gün öncə Prezidentin İşlər İdarəsinin təsisçisi olduğu “Xalq” qəzetinin baş redaktoru təyin edilib.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Bir sıra media ekspertləri Mətbuat Şurasının hökumətə yaxınlığı ilə seçildiyini, müstəqil və tənqidçi media vasitələrini və jurnalistləri kifayət qədər müdafiə etmədiyini iddia edir.