Accessibility links

Şəmşad Ağa: Bu hadisə Azərbaycan jurnalistlərinə qarşı təzyiqlərin davamıdır


Şəmşad Ağa
Şəmşad Ağa

Jurnalist Aytən Məmmədovanın mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalması media ictimaiyyətinin, qeyri-hökümət təşkilatlarının etirazına səbəb olub.

Eskpertlər, jurnalist təşkilatları hesab edir ki, bu hadisə Azərbaycanda jurnalistlərin təhlükəsizliyini sual altına qoyur.

Toplum TV-nin aparıcısı, arqument.az qəzetinin baş redaktoru, media üzrə ekspert Şəmşad Ağa deyir ki, Aytən Məmmədovaya qarşı mayın 8-də gecə saatlarında edilən hücum, təhdid, bıçaqla hədələnməsi buna qədər Azərbaycan jurnalistlərinə qarşı, mediayaya qarşı olan təzyiqlərin davamıdır.

Şəmşad Ağa: Bu hadisə Azərbaycan jurnalistlərinə qarşı olan təzyiqlərin davamıdır
please wait

No media source currently available

0:00 0:03:52 0:00

"Bilirsiniz ki, Azərbaycanda indiyə kimi açılmamış juralist qətilləri ilə bağlı işlər hələ də var və açılmayıb. Elmar Hüseynovun qətli, Rasim Əliyevin qətli, Rafiq Tağının qətli və digərlərinə çoxsaylı təzyiqlər, jurnalistlərin döyülməsi, bıçaqlanması, təhdid olunması, üstündən maşınla keçirilməsi və bu olay da həmin ardıcıllığın davamıdır. Bunun başqa bir izahı yoxdur. Azərbaycanda jurnalistlər üçün hər gün eyni təhdid və təhlükələr qalmaqdadır" - deyə, Şəmşad Ağa bildirir.

Onun fikrinə görə, Azərbaycanda jurnalistlərin təhlükəsizliyi ciddi problemdir.

"Jurnalistlər daha çox qaynar yerlərdə, hadisələrin mərkəz yerlərində olduğu üçün bunların təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Bu, çox sistemli bir işdir. Azərbaycan hakimiyyəti ümumiyyətlə Azərbaycan jurnalistikasına, mediaya münasibəti dəyişməlidir. Bilirsiniz ki, biz bundan əvvəl də danışmışdıq "Media haqqında qanun"un qəbul olunması, jurnalistlərə belə dövlətin, hökümətin, münasibətinin mənfi olması, təhlükəsizliyi ilə bağlı heç bir şəraitin yaradılmaması ilə bağlı bu, onu göstərir ki, jurnalistlərin təhlükəsizliyi ilə bağlı heç bir addım atılmır. Bunlar jurnalistləri düşmən gözü ilə görürlər deyə, güzgüdə özlərini görə bilmirlər. Güzgünü sındırmağa çalışırlar. Ona görə də hansı addım atılmalıdır demək onu da bizim deməyimizlə həll olunası məsələ deyil. Bu sistematik yanaşma dəyişməlidir. Söz azadlığına, mətbuat azadlığına yanaşma dəyişməlidir. Bu sistem dəyişikliyindən keçir, demokratik prosesdən keçir. Demokratiya olmayan bir ölkədə avtoritar ölkədə biz deyə bilmərik ki, bizə şəxsi qoruma verin. Bu qədər vəziyyət təhlükəlidir" , o qeyd edib.

Şəmşad Ağanın sözlərinə görə, məsələnin ictimaiyyətləşməsində vətəndaş cəmiyyətinin də rolu olmalıdır. O hesab edir ki, hazırda vətəndaş cəmiyyəti isə faktiki yoxdur.

Öz növbəsində, Azərbaycan Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc Amerikanın Səsinə deyib ki, Aytən Məmmədovanın işi ilə bağlı geniş araşdırma aparılacağını ümid edir.

Zahid Oruc
Zahid Oruc

"Bununla bağlı ümidvarıq ki, daxili işlər orqanlarına edilmiş müraciətin cavabı olacaqdır. Əgər lift qarşısında kiməsə bıçaqla, soyuq silahla hədələr baş verirsə, sonra da adam qaçıb gizlənməyə çalışırsa, avtomatik olaraq bu bir qətlin üstünün açılması mübarizəsində ikən başqa hadisələr meydana çıxa bilər. Ona görə də Aytən Məmmədova ilə bağlı parlament nümayəndəsi kimi mənim prnsipial mövqeyim ondan ibarətdir ki, bu məsələ ilə bağlı geniş araşdırma aparılacağını ümid edirik. Bununla bağlı məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavabdehliyi təmin olunacaqdır"- deyə, o bildirib.

Millət vəkili Zahid Orucun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Deputat deyir ki, jurnalistə qarşı belə hərəkətlərin təsdiqini tapacağı təqdirdə heç şübhəsiz ki, qanunla sərt cəzalandırılmalıdır.

Bundan əlavə Azərbaycan Medianın İnkişafı Agentliyi Amerikanın Səsinə deyib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir "deyə, bəyanatda deyilir.

Jurnalist Aytən Məmmədova mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalist hücumun hazırda məhkəmədə araşdırılan, 10 yaşlı qızın qətli işi ilə əlaqəli ola biləcəyini güman edir.

Hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən jurnalist Aytən Məmmədovanın bıçaqla təhdid edilməsi ilə bağlı Amerikanın Səsinə bildirib ki, məsələ ilə əlaqəli araşdırma gedir.

Aytən Məmmədova bu prosesi mütəmadi işıqlandıran jurnalistlərdən biridir, sosial mediada bu haqda paylaşımlar edir.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası

Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.

RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.

Təşkilat qeyd edib ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.

Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.

Qeyd edək ki, bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu deyirlər.

XS
SM
MD
LG