Accessibility links

Gülnoza Said: Azərbaycanda media ilə bağlı durumun yaxşılacağına heç bir işarə yoxdur


Gülnoza Said: Azərbaycanda media ilə bağlı durumun yaxşılacağına heç bir işarə yoxdur
 
please wait

No media source currently available

0:00 0:08:44 0:00

Gülnoza Said: Azərbaycanda media ilə bağlı durumun yaxşılacağına heç bir işarə yoxdur  

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda medianın durumu, həbsdə olan jurnalistlər, beynəlxalq media təşkilatlarının narahatlığına səbəb olan əsas tendensiyalar və Ukraynada müharibənin post-sovet məkanında jurnalistlərin fəaliyyətinə təsirləri haqda danışıb.

Amerikanın Səsi: Sərhədsiz Reportyorlar Təşkilatının 2022-ci ildə dünya mətbuat azadlığı indeksində Azərbaycan 154-ü yerdə göstərilib. Ölkədə media mühiti media sektorunun rəsmi nəzarətdə olması ilə pis olaraq səciyyələndirilir. Beynəlxalq media təşkilatları illərdir Azərbaycanda mətbuat azadlığının durumunun pisləşməsi ilə bağlı narahatlığını bildirir. Siz Azərbaycanda mətbuat azadlığının durumunu necə qiymətləndirirsiniz?

Gulnoza Said: Azərbaycanda media azadlığının durumu bizim sizinlə keçən dəfə danışdığımız vaxtdan pis olaraq qalır və təəssüf ki, yaxşılaşacağına işarə yoxdur. Əslində, əksinə, bu ilin əvvəlində baş verənlər ondan ibarətdir ki, prezident Əliyev KİV haqqında qanunu təsdiqlədi. Bu qanuna əsasən digər tədbirlərlə yanaşı, xəbər agentliklərinin bağlanması və bloklanması üçün əsaslar artır və KİV-lərə çox məhdudlaşdırıcı dövlət reyestri yaradılır və əsasən nəyin xəbər olduğu və nəyin olmadığı üzərində hökumət nəzarəti qurulur ki, bu da birbaşa senzuradır. Bu, bildiyimiz kimi Azərbaycanı işıqlandırmaqda kifayət qədər fəal olan bütün xarici KİV-lərin işini çətinləşdirəcək, çünki yerli media qurumları öz müxbirləri vasitəsilə Azərbaycan haqqında və Azərbaycandan məlumat verməyə davam etməkdə çətinlik çəkirlər.

Amerikanın Səsi: Bu illər ərzində vəziyyətin düzəlməməsinin əsas səbəbləri nə ilə bağlıdır? Siz bu vəziyyətin səbəblərini nə ilə izah edirsiniz?

Gulnoza Said: Bu, çox yaxşı sualdır, çünki biz xarici dövlət rəsmiləri və beynəlxalq hökumətlərarası təşkilatlarla söhbət edərək, Azərbaycandakı acınacaqlı vəziyyətə diqqət yetirməyə çalışırıq və görünür ki, müəyyən maarifləndirmə səviyyəsi var. Lakin məni, eləcə də mətbuat azadlığı müdafiəçilərini məyus edən bəzi tədbirlər var. Məsələn, Azərbaycan gələn ay Bakıda Formula 1 Qran Prisinə ev sahibliyi edəcək. Bu, böyük beynəlxalq idman hadisəsidir və adətən Azərbaycan kimi hökumətlər, Belarus və Rusiya kimi digər avtoritar hökumətlər belə idman tədbirlərindən beynəlxalq arenada imic və prestijlərini artırmaq üçün PR vasitəsi kimi istifadə edirlər. Bununla belə, Formula 1 təşkilatçıları Azərbaycanın tədbirin keçiriləcəyi məkan olmasından imtina etmək əvəzinə, buna davam edirlər.

Biz öz təşkilatlarımızla bərabər Beynəlxalq Olimpiya Komitəsindən tutmuş bir çox idman komitələri və beynəlxalq idman tədbirlərinin digər təşkilatçıları ilə birlikdə beynəlxalq idman yarışlarına ev sahibliyi edən müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda media azadlığı ilə bağlı məlumatlılığı artırmaq üçün iş aparırıq. Biz təkcə Azərbaycanda media azadlığının yerli jurnalistlər üçün nə qədər məhdudlaşdırıcı olmasından danışmırıq, həm də beynəlxalq jurnalistlərin xarici müxbirlərin bu hadisələrlə bağlı reportaj hazırlamaq üçün regiona getməsinin nə qədər təhlükəli ola biləcəyindən danışırıq. Məndən soruşsanız, hesab edirəm ki, xarici media qurumları Azərbaycanı boykot etməli və bu hadisələri işıqlandırmamalıdır, çünki onlar bununla Azərbaycan hökuməti ilə əlbir olur və Azərbaycan hakimiyyətinin də istədiyi məhz budur ki, çox yüksək səviyyədə bu tədbirləri təşkil edə bildikləri və tədbirlər zamanı hər şeyin yaxşı olduğundan əmin olduqlarını dünyaya nümayiş etdirsinlər, lakin sonradan müstəqil mediaya qarşı təzyiqlərə davam etsinlər. Ümid edirəm ki, beynəlxalq idman təşkilatları tərəfindən dünyanın müxtəlif hökumətləri ilə işləyərkən daha çox məlumatlılıq və daha çox əks reaksiya veriləcək.

Amerikanın Səsi: Narahatlıq doğura bilən hansı tendensiyaları qeyd etmək istərdiniz?

Gulnoza Said: Azərbaycanda illərdir ki, müstəqil media qurumları və jurnalistlər hədəf alınır, onları həbs edilir. Hazırda ən azı iki jurnalist Polad Aslanov və Əfqan Sadıxov peşə fəaliyyətinə görə cəzalandırılmaq məqsədilə həbsxanada cəza çəkirlər. Əvvəllər həbsdə olan jurnalistlərin sayı daha yüksək idi, indi onların sayının az olması vəziyyətin daha yaxşı olması demək deyil. Bu o deməkdir ki, daha az jurnalist riskə gedib, tənqidi mövqe tutmağa və Azərbaycan daxilində müstəqil məlumat verməyə davam etməyə hazırdır. Amma mən deyərdim ki, yeni olan Azərbaycan hakimiyyətinin Azərbaycandan müstəqil məlumat verilməsi imkanının qarşısını almaq üçün bütün mümkün maneələri və məhdudiyyətlərdən ibarət yaratdığı qanunvericilik əsaslarıdır.

Amerikanın Səsi: Siz həbsdə olan jurnalistləri qeyd etdiniz. Media ekspertlərinin ölkədə dərhal həll edilməli olduğunu hesan etdiyi ən aktual problemlər hansılardır və onlar necə həll edilə bilər?

Gulnoza Said: Bu jurnalistlər ilk növbədə həbs olunmamalı idilər. Mən onların həyatlarının risk altında olduğunu deyəndə məsələ burasındadır ki, hər iki jurnalistin, xüsusən də Polad Aslanovun həbs olunmazdan əvvəl də səhhətində bir neçə problemlər olub. Həbsdə olduqları müddətdə onların sağlıq durumu çox pisləşib, onlar çəki itiriblər. Məsələn, Aslanovun çəkisi bir vaxt 40 kiloqramdan bir qədər artıq idi, bu, yetkin kişi üçün ölümcül ola bilər. Onun səhhətində çox problemlər var və təəssüf ki, bu jurnalistlərin hər ikisi həbsxana rəhbərliyinin və Azərbaycan rəsmilərinin diqqətini öz işlərinə cəlb etmək üçün dəfələrlə aclıq aksiyası keçirməli olublar. Hər iki işlə bağlı baş verən o oldu ki, aclıq aksiyaları nəticəsində həbs cəzaları bir az azaldılıb.Amma yenə də deyirəm, bu jurnalistlər həbsdə olmamalıdır. Onlar cəzalarını 16 ildən 13 ilə endirmək üçün uzun aclıq aksiyaları kimi ekstremal tədbirlərə əl atmamalıdır. Bu, olduqca uzun müddətdir. Biz, Jurnalistləri Müdafiə Komitəsi fevral ayında prezident Əliyevə məktub yazanda ondan birinci növbədə media haqqında yeni qanunun ləğvini, ikincisi isə sözügedən jurnalistlərin həbsdən azad edilməsini xahiş etdik. Əldə etdiyimiz o oldu ki, Poladın son cəzası dediyim kimi 16 ildən 13 ilə endirildi. Təəssüf ki, onlar hələ də həbsdədir. Azərbaycan hakimiyyəti bu jurnalistləri dərhal azad etməlidir.

Amerikanın Səsi: Mənim bir sualım Ukraynada durumla bağlıdır. Ukraynada müharibə post-sovet ölkələrində jurnalistlərin fəaliyyətinə hansı təsir göstərə bilər?

Gulnoza Said: İlk növbədə, müharibə başlayandan bəri bir çox cəmiyyətlər və ailələrdə müharibə ilə bağlı mövqelərdə fikir ayrılığı yarandı, çünki bəziləri Putini və müharibəni, başqaları isə Ukraynanın öz azadlığı uğrunda mübarizəsini dəstəklədi. Gördüyümüz odur ki, Rusiya təbliğatı bəzən Rusiyadan başqa ölkələrdə, Mərkəzi Asiyada, Qafqazda çox təsirli ola bilər, çünki Rusiya təbliğatına məruz qalan insanlar Putini və müharibəni dəstəkləyirlər. Eyni zamanda, Rusiya daxilində media və internet saytlarını bloklayan Rusiya dövlət media tənzimləyicisi Roskomnadzor tərəfindən eyni şeyi xaricdə həyata keçirməyə çalışdığının şahidi olmuşuq. Onlar başqa ölkələrə də senzura tətbiq edir, Mərkəzi Asiyada vebsaytları bloklayıb və ya hətta bəzi saytlardan bəyənmədikləri məzmunu silməyi tələb edən bildirişlər göndəriblər. Gələcəkdə biz bunu da müşahidə edə bilərik ki, Rusiya hakimiyyəti Rusiyadan kənarda olan jurnalistləri Rusiya ordusu ilə, müharibə ilə bağlı qondarma saxta məlumatlar yaymaqda günahlandıra bilər. Bildiyiniz kimi, Rusiyanın özündə müharibəni müharibə adlandırmaq olmaz, bunu xüsusi əməliyyat adlandırmaq lazımdır. Buna görə də əgər siz Rusiyadan kənarda jurnalistsinizsə, siz də buna məruz qala bilərsiniz, çünki Rusiya hakimiyyəti bunu edir. İndiyə kimi rusiyalı jurnalistlər, ukraynalı jurnalistləri təqib ediblər, amma düşünürəm ki, onların qarşısı alınmasa, başqa ölkələrdə, o cümlədən Azərbaycanda da jurnalistləri təqib edə bilərlər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG