Accessibility links

Nazirlər Komitəsi: Avropa Məhkəməsi Azərbaycanda özbaşına məhkumetmə modelinin tətbiqini ortaya çıxarıb - faktlar və mövqelər


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Martın 10-da Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların məhkumluğunu təxirə salmadan ləğv etməyə çağıran qətnamə qəbul edib.

Sənəddə deyilir ki, Avropa Şurası Nazirlər Komitəsi Anar Məmmədli Qrupu Azərbaycana qarşı şikayəti üzrə Avropa Məhkəməsinin qəralarının icrasına nəzarəti həyata keçirərək müəyyən edib ki, Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarıb.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Məmməd Əzizov, Şahin Novruzlu, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunusların işlərinə aiddir. Bu şəxslərin hamısı 2013-2016-cı illərdə “QHT işi” kimi tanınan cinayət işi və digər ittihamlar üzrə həbs edilib.

Sənəddə qeyd edilir ki, Nazirlər Komitəsi son yoxlamasından sonra həyata keçirilmiş fərdi tədbirlər barədə səlahiyyətli orqanlar tərəfindən heç bir məlumatın təqdim edilməməsini təəssüflə qeyd edir.

“Səlahiyyətli qurumlara bu qrup iş üzrə qalan doqquz ərizəçinin məhkumluğunun təxirə salınmadan ləğv edilməsini təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün addımları atmaq çağırışımızı təkrarlayırıq,” sənəddə qeyd edilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında göstərilir ki, ərizəçilər hakimiyyətin tənqidinə görə təqiblərə məruz qalıblar.

“Onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozulub. Bu o deməkdir ki, onların təqib edilməsi siyasi cəhətdən əsaslandırılıb,” Ağaliyev qeyd edib.

Ağaliyevin sözlərinə görə, adı çəkilən ərizəçilərin hamısı vaxtından əvvəl həbsxanalardan azad olunublar, lakin bəraət almayıblar, ona görə də məhkumluğun olması onların hüquqlarını məhdudlaşdırır.

Barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra edilməyən ictimai fəallardan biri, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. O 2013-cü il dekabrın 17-də həbs edilib və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişindən yayınmaya görə beş il yarım müddətinə azadlıqdan məhrum edilib. Məmmədli 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu ilin aprelində Məmmədlinin 2013-cü ilin dekabrında həbs edilməsi barədə şikayətini ilə bağlı qərar qəbul edib. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb və 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olmasını bildirib. Məhkəmə mənəvi zərərə görə 20000 avro, məhkəmə xərclərinə görə 2500 avro kompensasiya müəyyən edib.

Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, Avropa Məhkəməsinin onunla bağlı qərarı hələ tamamilə icra olunmur.

Anar Məmmədli: Avropa Məhkəməsinin qərarına selektiv yanaşma var
please wait

No media source currently available

0:00 0:01:45 0:00

“Bizim qanunsuz məhkumluğumuzun aradan qaldırılması və bəraət almağımızdan söhbət gedir. İndiyədək Azərbaycan hökuməti barələrində 18-ci maddə tətbiq edilən İlqar Məmmədov, Rəsul Cəfərov, NİDA-çıların bir qisminin hüquqlarını tanıyıb və Ali Məhkəmə onlara bəraət verib. Ancaq, barələrində 18-ci maddə tətbiq edilən mən, İntiqam Əliyev, Xədicə İsmayıl, Qiyas İbrahimov və digərlərinin bəraət alması məsələsi yubadılır. Başqa şəxslər kimi biz də bəraət almalıyıq.”

O hesab edir ki, Ali Məhkəmədə insanlara selektiv yanaşma var.

“Barələrində Avropa Konvensiyasının 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozulduğu tanınan bir qism insanların işinə baxılır, digərlərinin işinə baxılmır. Hesab edirəm ki, Ali Məhkəmə bizim işimizə də baxıb bəraət verməlidir,” o qeyd edib.

Azərbaycan Ali Məhkəməsinin mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, bu suala Ali Məhkəmənin səlahiyyət verilmiş spiker hakimi Fərhad Kərimov cavab verməlidir. Lakin Kərimovun Ali Məhkəmənin rəsmi internet saytında qeyd edilən telefon nömrəsinə dəfələrlə zənglərimizə cavab verən olmayıb.

Bununla yanaşı, bu il fevralın 18-də Ali Məhkəmənin Plenumunda bu qurumun sədri Ramiz Rzayev deyib ki, Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanın hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir.

“İndi müasir məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir,” o qeyd edib.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edilir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Bu qərarların icrasında problem ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti toplaşmaq azadlığı sahəsində qanunvericiliyi və praktikanı yaxşılaşdırmır. Bundan əlavə, bəzi ərizəçilərə kompensasiya ödənilməyib, ya da tam ödənilməyib.

Azərbaycan siyasi hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyini deyirlər. Müşahidəçilər isə hökumətin tənqidçisi olan bəzi şəxslərin kompensasiyasının da ödənilməsində problemlər olduğunu deyir. Belə ki, bir neçə ay öncə ictimai fəal Qiyas İbrahimov kompensasiyanın ödənilməməsinə etiraz olaraq Prezident Administrasiyasının binası qarşısında özünü yandırmaqla intihara cəhd edib. Polis intihara cəhdin qarşısını alıb.

“Ümumilikdə götürəndə, Avropa Məhkəməsinin qərarlarının icrasında kompensasiyaların ödənilməsində o qədər də ciddi problem görünmür. Amma siyasi motivli işlərdə, məsələn, Qiyas İbrahimovun işində də kompensasiyanın ödənilməsində ciddi problemlər var. Eyni zamanda, başqa bir neçə nümunə də var. Məsələn, Seymur Həzinin, Tofiq Yaqublunun işi var ki, o qərarların icrasında, kompensasiyanın ödənilməsində problemlər var. Bunu həll etməyin yeganə yolu kompensasiyaları ödəməkdir. Eyni zamanda bir daha o qərarlarla müəyyən edilmiş pozuntuların baş verməməsi üçün ümumi effektiv tədbirlər həyata keçirilməlidir,” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG