Accessibility links

ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalistlərlə görüşüb - ekspert baxışı


Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro aprelin 26-da bir qrup media nümayəndələri və jurnalistlərin hüquqi müdafiəsilə məşğul olan hüquqşünaslarla görüşüb.

Görüş iştirakçıları diqqəti ölkənin azad media problemlərinə yönəldiblər. Qeyd olunub ki, 2005-ci ildə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən sonra media azadlığı ilə bağlı vəziyyət durmadan pisləşib, bundan sonra jurnalistlərin həbsi və onlara fiziki təzyiqlər kimi çirkin praktika başlayıb.

Son illər KİV-in və qeyri-hökumət jurnalist təşkilatlarının fəaliyyət imkanları qanunvericilik səviyyəsində məhdudlaşdırılıb.

Ötən ilin sonunda qəbul edilmiş media haqqında qanun Azərbaycanda azad medianın qalıqlarının məhvinə gətirib çıxara bilər, çünki bu, KİV-in və jurnalistlərin fəaliyyətinin sərt reqlamentasiyasını nəzərdə tutur.

Hüquqşünaslar diqqəti Azərbaycan qanunvericiliyində diffamasiyaya görə cinayət məsuliyyəti tədbirlərinin qorunub saxlanmasına və genişləndirilməsinə yönəldiblər.

Ribeyro görüş iştirakçılarını dinlədikdən sonra qeyd edib ki, onların qaldırdıqları məsələlər ATƏT-in Azərbaycan hökumətilə danışıqlarının gündəliyindədir. O, diffamasiyaya görə cinayət təqibinin ləğvinə tərəfdar olduğunu bildirib.

Onun sözlərinə görə, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisi də daxil olmaqla, ATƏT institutları iştirakçı ölkələrin təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməsinin monitorinqini aparır.

Ribeyro, həmçinin qeyd edib ki, ATƏT-də Azərbaycandakı media haqqında yeni qanunla bağlı məlumatlıdırlar. Hazırda Avropa Şurası Venesiya Komissiyası onun ekspertizasını aparır və ATƏT öz tərəfindən sənədə hüquqi qiymət verməyə hazırdır.

Nəcvəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev hesab edir ki, mətbuat azadlığı üzrə nümayəndənin səfəri mətbuat azadlığının inkişafına heç bir təsir etmir.

"Bundan öncə də mətbuat azadlığı üzrə nümayəndələr Azərbaycana dəfələrlə səfərlər edib. Lakin ölkədə məbuat azadlığı daha da pisləşib. Problemin həlli gələn nümayəndənin səalahiyyətindən və ölkə rəhbərliyinin siyasi iradəsindən asılıdır. Bunlar varsa dəyişklik ola bilər, əgər bu iki faktor yoxdursa heç nə dəyişməyəcək. Tarix və siyasi təcrübə göstərir ki, daim belə olub" - deyə, o, Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG