Accessibility links

Hüquq müdafiə təşkilatları “sifarişli həbslərə” son qoyulmasını tələb edən bəyanatla çıxış edib


"Tərtər işi" üzrə həbs olunanların qohumlarının aksiyası (Arxiv foto)
"Tərtər işi" üzrə həbs olunanların qohumlarının aksiyası (Arxiv foto)

Hüquq müdafiə təşkilatları “sifarişli həbslərə son qoyulması, siyasi məhbusların azad edilməsi” tələbi ilə bəyanatla çıxış edib.

İnsan Hüquqları və Qanunların Təbliği və İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hüquq müdafiə təşkilatları həmçinin ictimai fəal Abid Qafarovun “qanunsuz və sifarişli həbsini” pisləyib.

“Ölkə rəhbərliyini yaranmış gərgin vəziyyətə reaksiya verməyə, lazımi ölçü götürməyə, Azərbaycan Konstitusiyasına və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn təməl insan hüquqlarına və azadlıqlarına hörmət edərək, vətəndaşların azad ifadə, siyasi fəaliyyət hüquqlarını tanımağa və Abid Qafarovun, o cümlədən, siyasi motivlər əsasında həbs edilmiş bütün ictimai-siyasi fəalların, vicdan məhbuslarının azadlığa buraxılmasını təmin etməyə dəvət edirik.”

Bu barədə İnsan Hüquqları və Qanunların Təbliği və İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin birgə bəyanatında deyilir.

Sənəddə hakimiyyət vətəndaşların azad söz-ifadə və siyasi fəaliyyət hüquqlarını tanımağa çağırılır.

Bakı Birlik Təşkilatının sədri, araşdırmaçı jurnalist, "Tərtər işi" cinayətinin ifşa olunmasında xüsusi rol oynayan Abid Qafarov iyulun 13-də bir qrup müharibə iştirakçısının şikayəti əsasında xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə günahlandırılaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları hesab edir ki, Bakının Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə aparılan məhkəmə prosesi kobud qanun pozuntuları şəraitində keçib və müdafiə tərəfinə öz arqumentlərini təqdim etmək üçün heç bir imkan yaradılmayıb və bununla da Konstitusiyanın vətəndaşlara tanıdığı müvafiq hüquq təmin edilməyib.

“Tərtər işi” cinayətinin ictimailəşdirilməsində, həmin cinayətləri törədənlərin ifşa edilməsində, xüsusi fəaliyyəti olan Abid Qafarovun həbsinin arxasında hökümət dayanır. Abid Qafarov yaradıcısı olduğu “Kim TV” internet kanalında daim ölkə gündəmini isıqlandıraraq ictimai-siyasi proseslərə azad münasibəti, mövcud problemlərə, şəhid ailələrinin və qazilərin, o cümlədən sadə vətəndaşların hüquq pozuntularına xüsusi diqqəti və mövqeyi ilə seçilib,” bəyanatda qeyd edilir.

Hüquq müdafiə təşkilatları hesab edir ki, Abid Qafarovun həbs edilməsi bundan öncə Tərtər cinayətinin fəal araşdırmaçısı, hüquqşunas, ictimai fəal İlham Aslanoğluya tətbiq edilmiş “sifariş motivli həbs cəza kampaniyasının davamıdır”.

Bununla yanaşı, Yasamal rayon Məhkəməsinin dəftərxanasından bildiriblər ki, məhkəmə qərarlarına münasibət bildirilmir.

"Narazı tərəf apellyasiya insansiyasına şikayət verə bilər," dəftərxananın əməkdaşı Amerikanın Səsinə deyib.

Xatırladaq ki, iyunun 9-da Yevlax rayon Məhkəməsi hakim Toğrul Əliyevin sədrliyi ilə hüquqşünas və ictimai fəal, “Tərtər işi”nin ictimai təhqiqatını aparan İlham Aslanoğlunu (Təhməzov) 6 ay həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. Aslanovu da bir qrup müharibı iştirakçısı xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Tərtər işi” barədə qısa məlumat

Son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Nəhayət, bu il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Baş Prokurorluq cinayət işinin icraatını yeniləyib

Azərbaycan Baş Prokurorluğu 2017-ci ildə orduda baş verən qanunsuzluqlarla bağlı şərti olaraq “Tərtər işi” adlandırılan, cinayət işinin icraatının təzələnməsi haqqında 2021-ci il dekabrın 16-da qərar qəbul edib.

Baş Prokurouluğun son məlumatına görə, cinayət işinin icraatı yeniləndən sonra işgəncə faktları üzrə ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

Məlumatda deyilir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək hökmlər ləğv edilib.

“Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunan daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya qaytarılması üçün məhkəmələrə apellyasiya protestləri verilib.”

Hazırda cinayət işinin yenilənmiş icraatı davam etdirilir.

Bir sıra hüquq müdafiəçiləri “Tərtər işi” üzrə qanunsuz qərar verən və insanlara işgəncə verilməsində günahı olan yüksək vəzifəli şəxslərin istintaq cəlb edilməsini tələb edir.

Bununla yanaşı, Azərbaycan rəsmiləri ölkədə sifarişli həbslərin olmadığını, insanların qanun qarşısında bərabər olduğnu bildirir. Dövlət rəsmiləri Azərbaycanda insanların fundamental hüquqlarının tam təmin ediliyini, əqidəsinə görə təqiblərin olmadığını bəyan edir. Lakin, yerli hüquq müdafiəçiləri ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG