Accessibility links

AXCP fəalının məhkəmə prosesi onlayn rejimdə keçiriləcək


Almaniyadan deportasiya olunub Azərbaycana qaytarılan Azərbaycan Xalq Cəhbəsi Partiyasının fəalı Mütəllim Orucovun iyunun 2-də Sumqayıt Şəhər Məhkəməsində hazırlıq iclası başlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi onlayn (online) formada keçirmək qərarına gəlib.

Müdafiə tərəfi bunu Orucovun hüquqlarının və ədalət prinsipinin pozulması kimi qiymətləndirir.

"Yəni təqsirləndirilən şəxs istintaq təcridxanasından məhkəməyə qoşulacaq. Hakim bu qərarı "mövcud vəziyyətlə" əsaslandırıb, amma mənim prosesi əyani keçirməyə nəyin mane olduğu barədə israrlı suallarıma cavab verməyib. Məhkəmənin onlayn formada keçirilməsi üçün heç bir məntiqli əsas yoxdur"- deyə, vəkil bildirib.

Vəkilin sözlərinə görə , bütün bunlar təqsirləndirilən şəxsin hüquqlarını və Azərbaycanın ədalətli məhkəmənin təmin edilməsi üzrə beynəlxalq öhdəliklərini pozur.

Hazırlıq iclası iyunun 16-da davam edəcək.

Bu məhkəmə ilə bağlı hələlik Sumqayıt Şəhər Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Mütəllim Orucov 2021-ci ilin oktyabrında siyasi mühacir kimi yaşadığı Almaniyadan deportasiya olunduqdan beş ay sonra narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Ona qarşı CM-in 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, bu maddə ilə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Amma yaxınları iddia edir ki, Orucov Quba Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, hətta zorlanmaqla hədələnib. Yaxınlarının sözlərinə görə, o, işgəncələr üzündən məcbur qalıb özünə aidiyyəti olmayan narkotik maddə ilə bağlı etiraf ifadəsinə imza atıb. Bununla bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Amma DİN bu vaxta qədər saxlanan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları bir qayda olaraq, təkzib edib.

Xalq Cəbhəsi Partiyasında Orucovun siyasi motivlərlə Almaniyada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarının iştirakçılarından biri kimi həbs edildiyi qənaətindədirlər.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Azərbaycan rəsmiləri isə heç kimin siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalmadığını bildirir.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Daha bir fəal Ziya İbrahimliyə isə mayın 19-da Almaniyadan Azərbaycana readmissiya olunan kimi 30 sutka inzibati həbs cəzası verilib.

Amerikanın Səsi məsələ ilə bağlı bağlı Almaniya səfirliyinə sorğu ünvanlayıb, sorğuya cavab verildiyi zaman səfirliyin mövqeyi məqalədə əks olunacaq.

XS
SM
MD
LG