Accessibility links

Tale Bağırzadə 10 gündür aclığı davam etdirir


Tale Bağırov
Tale Bağırov

"Aclığın 10-cu günündə Tale Bağırzadənin durumu sabitdir. Dünəndən qızdırması var, bu bir az təhlükəli hesab olunur. O, Allahın təhqir olnmasına etirazla bağlı başlatdığı aclıq aksiyasını davam etdirir və bildirir ki, bu işin günahkarları cəzalandırılmayana qədər mübarizəsində əzmlidir".

Bu barədə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Facebook səhifəsində məlumat yayıb.

Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib ki, iyunun 13-də Tale Bağırzadə ailəsinə zəng edib.

"Onun səsi yorğun idi, halsız olduğu hiss olunurdu. İki gündür qızdırması var. Başgicəllənmə, gözqaralma hallarının olduğunu dedi. Həkim nəzarəti altındadır,"o qeyd edib.

Leyla İsmayılzadənin sözlərinə görə, aclıq aksiyasına qoşulanlardan 11 saylı Cəzaçəkmə Müəssisəsində olan 6 nəfər aclığı dayandırıb. Hazırda Tale Bağırzadə ilə yanaşı daha 7 nəfər aclığı davam etdirir.

19 il həbsə məhkum edilən Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.

Müsəlman Birliyi Hərəkatının iyunun 12-də yaydığı bəyanatda deyilir ki, inancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə Bağırzadənin başladığı aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər qoşulub.

"Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır. Aclıq edənlərin durumunda narahatlıq isə hər ötən saat yüksələn xətt üzərində artır. Buna nümunə olaraq aksiya iştirakçısı Cabbar Cabbarovun vəziyyətinin ağırlaşmasını misal göstərmək olar. Qan qusan siyası məhbus hal-hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilib. Biz birlikdə bu məsələnin hüquqi həllini tapmasaq, digər şəxslər də eyni qorxunc nəticə ilə üzləşə bilər. Buna görə də sizlərə müraciət edib dəyirmi masa arxasında mövcud hadisənin həlli yollarını çözməyi təklif edirik," sənəddə qeyd edilir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Cabbar Cabbarovun (Müsəlman Birliyi Hərakatının həbsdə olan üzvü-red) aclıq nəticəsində qan qusması ilə bağlı yayılan məlumatların əsası yoxdur.

"Cabbar Cabbarov Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayindən keçib. Onun səhətində hər hansı ciddi problem yoxdur. Qanaxma ilə bağlı yayılan məlumatlar isə müayinə zamanı təsdiqini tapmayıb," Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

Bununla yanaşı, həbs yerlərində Tale Bağırzadəyə dəstək məqsədi ilə digər məhbusların aclıq aksiyası keçirməsi barədə xəbərlər barədə əlavə məlumat almaq mümkün olmayıb.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə (Bakının Nəsimi rayon Polis İdarəsinin bölməsi-red), sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib.

"Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim" - deyə, o, mayın 23-də mətbuat konfransında bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığnıı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

"Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər. Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər," o, mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

"Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər" , Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

XS
SM
MD
LG