"Media haqqında" yeni qanunun qəbul edilməsi forması "məyusluq" doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger fevralın 16-da ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təşkil edilən "dəyirmi masa"da bildirib.
ABŞ Səfirliyi hökumət rəsmiləri, KİV və jurnalistlərlə sıx əlaqədədir.
"Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ," səfir bildirib.
Azərbaycanın Demokratiya Forumuna dəvət edilməməsinə gəlincə səfir Litzenberger deyib ki, iştirakçılar bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.
"Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır", o qeyd edib.
Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi "Media haqqında" qanunu imzalayıb. Dövlət başçısı qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.
Qanun parlamentdə qəbul edildikdən sonra ABŞ Dövlət Departamenti prezident Əliyevi onu hazırkı formada imzalamamağa çağırmışdı.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Sənəd 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Media ekspertləri, bir çox jurnalistlər qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçrilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.
Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.
Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.
Bununla yanaşı media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb.
“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.
Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.