Accessibility links

"Reket media" nədir? - Müşahidəçilər Azərbaycan prokurorluğunun rəyinə reaksiya verir


Son günlər Azərbaycanın Baş Prokurorluğu reket jurnalistikası məsələsilə bağlı çıxış edərək, bunu cinayətkar fəaliyyətin bir növü kimi qiymətləndirib.

Baş Prokurorluğu iyulun 28-də yaydığı rəsmi açıqlamada ölkənin baş prokuroru Kamran Əliyev deyib ki, reket jurnalistikası cinayətkar fəaliyyətdir.

"Bu gün mənə elə gəlir ki, bəzən bizim sosial media istifadəçiləri, yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Və hüquqi məsələlərlə bağlı, bəzi mürəkkəb məsələlərlə bağlı o dərəcədə asanlıqla rəy verirlər, qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. O, sadə göründüyü qədər də mürəkkəb elmdir. Hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi ilə bağlı müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər çoxşaxəli qiymətləndirmə, dəyərləndirmə həyata keçirilir. Və işi bilmədən, işin incəliklərini, sübutları bilmədən, o cümlədən şərti olaraq "Tərtər işi" kimi işlərlə bağlı bəzən bu cür fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir. Hesab edirəm ki, bu sahədə biz müəyyən tədbirlər planı hazırlamalıyıq və onu jurnalistlərlə, media orqanları ilə birlikdə həyata keçirməliyik," Əliyev bildirib.

Amma ölkənin bir çox yerli media ekspertləri, redaktorları bu fikirlərlə razı deyillər.

Toplum TV-nin aparıcısı, arqument.az qəzetinin baş redaktoru, media üzrə ekspert Şəmşad Ağa deyir ki, baş prokurorun bu açıqlaması göstərdi ki, Azərbaycanda doğurdanda media sahəsi ilə bağlı yanaşma dəyişməlidir.

“Əvvəla sual vermək lazımdır - elə baş prokurorun özünə ki - bu reket medianı kim yaratdı? Yaradılma səbəblər nə idi? Təbii ki, Azərbaycanda reket medianı yaradan, mediaya yanaşma və medianın siyasi qərarlarla idarə olunmasından qaynaqlanır.Azərbaycanda mediadan öncə Azərbaycanda reket hakimiyyət var idi, reket nazir var idi, reket icra başçısı var idi, reket məmurlar var idi. Onların məşğul olduğu bulaşdığı korrupsiya nəticədə reket medianı törətdi. Reket media onun törəməsi idi. İndi bilmirəm ona qarşı mübarizəni necə aparacaqlar? Prokurorluq hansı qaydada bunun qarşısını ala biləcək? Axı prokurorluq buna qədər də bir çox hallarda biz görmüşdük ki, müxtəlif dövrlərdə medianı çağırır xəbərdarlıq edir. Amma sonradan məsələn, Tərtər hadisələri zamanı bunu işıqlandıran medianı prokurorluq xəbərdarlıq eləmişdir. Qapanan saytlar var idi. Amma nəticə nə oldu? Bəlli oldu ki, prokurorluğun əslində buradakı fəaliyyəti elə senzuraya, ifadə azadlığının boğulmasına gətirib çıxartdı. Nəticə dəyişmədi. Prokurorluq ölkədə korrupsiyanın kökünü kəsəcəkmi? Korrupsiyaya qurşanan məmurların hamısına sanksiya verib həbsxanaya dolduracaqmı? Yalnız bu halda reket jurnalistikanın qarşısını almaq olar,” o, qeyd edir.

Şəmşad Ağa: Azərbaycanda reket jurnalistikasının qarşısını almaq peşəkar medianın fəaliyyətinə məhdudiyyətlər aradan qalxmalıdır
please wait

No media source currently available

0:00 0:05:56 0:00

Ekspert deyir ki, reket jurnalistikasının qaynağı korrupsiyadır.

“Məşhur MTN işini gördünüz. Həmin işdə məlum oldu ki, dövlətin milli təhlükəsizliyinə cavabdeh olan MTN müxtəlif saytlar yaradıb, müxtəlif media orqanları vasitəsilə məmurları şantaj edib, sahibkarları şantaj edib. Onlardan rüşvət tələb edib. İndiyə qədər bir peşəkar mediada siz insanların şəxsi həyatı ilə bağlı hər hansı bir məlumat görmüsünüzmü? Onların şəxsi həyatına müdaxilə edilsin? Bunları elə özləri yaratmışdılar ki, bir-birilərini şantaj eləsinlər. Alternativ fikir söyləyənləri təhdid altında saxlasınlar. Mən keçən dəfə efirdə də səsləndirdim. Reket adlandırılan həmin o mediaların adını yaza bilmirlər. Həmin adamlar ayrı-ayrı dövlət qurumlarının qeyri-leqal təsiri altındadır. Orada maliyyələşirlər. Nəticədə peşəkar media sıxışdırılanda bu mənzərə yaranır. Azərbaycanda peşəkar mediyanın fəaliyyəti məhdudlaşdırıldı. Media haqqında qanun Azərbaycanda peşəkar medianın edam hökmü idi,” ekspert bildirir.

Bundan əlavə Şəmşad Ağa qeyd edir ki, Azərbaycanda reket jurnalistikasının qarşısını almaq üçün peşəkar medianın fəaliyyətinə məhdudiyyətlər aradan qalxmalıdır.

“Media haqqında qanun dəyişlməlidir. Rəqabət mühiti olmalıdır. Reklam bazarı azad olmalıdır. Onsuz da onlar qeyri-peşakar olduqları üçün media bazarında özlərini təqdim edə bilməyəcəklər. Korrupsiyanın qarşısı alınmalıdır. Dövlət məmurları həmin reket medianı maliyyələşdirməkdən çəkinməlidir. Prokuorluq da çox yaxşı bilir ki, hansı media orqanlarını hansı qurumlar maliyyələşdirir. Hansı qurumların təsir dairəsindədir və bundan kimlər istifadə edir” deyə Şəmşad Ağa,vurğulayır.

Azərbaycanda son günlər Baş Prokurorluq jurnalist və blogerlərə müxtəlif yazılarına görə, tez-tez xəbərdarlıqlar edir.

Baş Prokurorluq həmin vaxt iddia edib ki, “Media haqqında” Qanunun 14.1.11-ci maddəsi, yəni faktların və hadisələrin qərəzsiz, obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələbə riayət olunmayıb. Qurum əsasən Müdafiə Nazirliyi və bəzi hərbi qulluqçularla bağlı yazıların, statusların üzərində dayanıb.

Baş Prokurorluq bununla bağlı inzibati həbs və xəbərdarlıqları “İctimai-siyasi sabitliyin, insan hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması” kimi məqsədlərlə izah edib.

Müşahidəçi isə hesab edir ki, bu, ifadə azadlığın pozulmasıdır.

“Düzdür, orada Prokurorluq haqqında qanunun 22-cü maddəsinə istinad edib, bu addımları atıb. Amma prokurorluq orada əsaslandırmır ki, bunlar hansı dövlət sirrini yayıb, hansı hərbi sirri yayıb. Bunun aydın bir açıqlaması olmalıdır. Hətta oraya çağırılanların bir neçəsi deyir ki, biz özümüz də bilmirik nəyə görə çağırılmışıq. Nəsə baş verir bilmirəm. Amma bütün hallarda prokurorluğun bu addımı ifadə azadlığına təzyiqdir. Necə yəni, sosial şəbəkədə yazanda, biz mətbuatda yazanda baş prokurorluqla müəyyənləşməliyik? Qaydalar tətbiq edib ki, nədən yazmaq olar və ya olmaz? Əgər prokurorluq bu işləri görəcəksə onda mediaya cavabdeh olan qurumlar nə üçündür? Ümumiyyətlə reket mediadan tutmuş bax bu kimi addımların atılması üçün bu mütəxəssislərin, peşəkar medianın burada rəyi olmalıdır. Bunlara şərait yaradılmalıdır ki, mətbuat necə olmalıdır, mətbuatın vizionu dəyişməlidir,” o, bildirir.

"Azadlıq"qəzetinin mühacirətdəki redaktoru Rahim Hacıyev isə hesab edir ki, reket jurnalistikası Azərbaycanda olan vəziyyətlə bağlıdır. Onun fikrincə, bu, ölkədə olan rejimin xarakterindən irəli gələn məsələdir.

“Qeyd eləmək lazımdır ki, uzun illərdir bu söhbətlər gedir. Hətta bir ara Mətbuat Şurası reket fəaliyyəti ilə məşğul olan mətbuat orqanlarının adlarını elan etmişdi. Amma həmin mətbuat orqanları fəaliyyətlərini davam etdirirdilər. Bu birbaşa Azərbaycandakı kleptokratik rejimin mahiyyətindən doğan məsələdir. Çünki qanunun aliliyi təmin olunan heç bir ölkədə belə fəaliyyət yoxdur. Jurnalistlər bu tip fəaliyyətlə məşğul deyillər. Reket amili müxtəlif yerlərdə var, mümkündür. Azərbaycanın ən böyük bəlalarından biri budur ki, jurnalistlər bu fəaliyyətlə məşğuldurlar. Əlbəttə ki, onlara jurnalist demək olmaz. Jurnalist peşəsinin qaydalarına uyğun hərəkət etməyi özünə borc bilən insanlar belə işlərlə məşğul olmurlar," Rahim Hacıyev bildirir.

Rahim Hacıyev: Azərbaycanda reket jurnalistikasının aradan qaldırılması mümkün deyil
please wait

No media source currently available

0:00 0:04:04 0:00

O deyir ki, ölkədə rüşvətxorluq faktının olması ilə özünü jurnalist kimi təqdim edən insanlar bu vəziyyətdən istifadə etməyə çalışırlar.

Ekspert bildirir ki, bu hallar Azərbaycanda çox geniş yayılmış haldır və prokurorluğun bu bəyanatının olması o demək deyil ki, problem həll olunacaq.

Reket jurnalistikasının qarşısını alınmasına gəldikdə isə, Rahim Hacıyev deyir ki, ölkədə hər şey dəyişməlidir.

“Qanunun aliliyinin təmin olunduğu ölkələrdə, insan hüquq və azadlıqlarına hörmət olan ölkələrdə, insanların sərbəst şəkildə fəaliyyət göstərə bildiyi ölkələrdə belə biabırçı praktika yoxdur. Nə qədər ki, Azərbaycanda indiki hakimiyyət var, korrupsiya qalacaq, qanunun aliliyi olmayacaq. Azərbaycanda qanuna xidmət edən nə prokurorluq var, nə məhkəmə var. Ona görə biz belə bir vəziyyətlə qarşı-qarşıyayıq. Nə qədər ki, bu rejim var, bu tipli biabırçı praktika davam edəcək. Çünki bu adamlar Azərbaycanda şəffaflığın olmasına, korrupsiyanın aradan qaldırılmasına maraqlı deyillər. Ona görə biz belə bir vəziyyətin şahidiyik. Vətəndaşların bu problemi həll etməyə imkanı yoxdur. Hakimiyyət strukturlarında vəzifə tutan şəxslər korrupsiya ilə, rüşvətxorluqla məşğuldurlar. Haqqı deyənlərə, həqiqəti deyənlərə, ifadə azadlığını reallaşdırmağı istəyənlərə qarşı dəhşətli repressiyalar aparılır. Bütün bunlar onu göstərir ki, hakimiyyət vəziyyətin düzəlməsini istəmir. Mətbuat haqqında sonuncu qanun da bilavasitə hakimiyyətə xidmət edən mətbuatın formalaşdırılmasını nəzərdə tutur. Onlara hər cür şəraitin yaradılmasına hazırdırlar. Bu vaxtadək jurnalistlərə ev paylamaqla, müxtəlif tədbirlər həyata keçirilməklə onlara hər cür şərait yaradılıb, dəstək verilib. Yəni hakimiyyət bilavasitə ona xidmət edən jurnalistikanın formalaşasını istədiyinə görə, biz tam əsasla deyə bilərik ki, Azərbaycanda reket jurnalistikasının aradan qaldırılması mümkün deyil," o bildirir.

Öz növbəsində Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Amerikanın Səsinə bildirib ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları jurnalistikada sui-istifadəni inkar edir, bunu etik standartlardan kənar sayır. Onun sözlərinə görə, son vaxtlar bu su-istifadə halları qabararaq özünə yeni bir əlamət qazanıb.

“Bunlara qarşı necə mübarizə aparmaq lazımdır? Məsələ ondadır ki, bu cür hallara qarşı mübarizə aparmaq medianı özününtənzimləmə qurumlarının işidir. Konkret olaraq Azərbaycan Mətbuat Şurasının işidir, Audiovizual Şuranın işidir və s. Məsələ ondadır ki, indi medianın çeşidi və kəmiyyəti o qədər çoxalıb ki, xüsusilə internetin inkişaf etməsinə və sosial medianın inkişaf etməsindən sonra bu xəbər istehsalçılarıının və özünü KİV adlandıran qurumlar isə o qədər artıb ki, bunları artıq özünütənzimləmə qurumu müstəvisində həll etmək olmur. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Mətbuat Şurasının təcrübəsi göstərir ki, özünütənzimləmə qurumlarının bu cür hallara qarşı mübarizəsi tövsiyyə xarakterli və ictimai qınaq formasında olur. Yəni biz vaxtilə hansı şəxslər ki, bu cür neqativ əməldə olurdu, onlara xəbərdarlıq edirik ki, məsələn bu işlə məşğul olmasınlar, yaxud onları qara siyahıya salırdıq ki, onlar bu cür əməllərlə məşğuldurlar," Ələsgərli deyir.

Müşfiq Ələsgərli deyir ki, proseslər göstərdi ki, bu cür ictimai qınaq və peşəkar müstəvidə bunlara xəbərdarlıq etmək yetərli deyil.

please wait

No media source currently available

0:00 0:04:29 0:00

“Onların getdikcə həm kəmiyyətləri çoxalır. Bunlara qarşı həm də hüquqi müstəvidə ölçü götürülməsi zərurrəti yaranır. Bu baxımdan prokurorluğun bu işə qarışması və o vaxtilə xəbərdarlıq almış şəxslərin yenidən bu cür əməllərlə məşğul olmalarına qarşı çıxması deməli praktiki baxımdan tam doğru addımdır. Nəzərəinizə çatdırım ki, indi xəbərdarlıq alan şəxsləri beş il, altı il əvvəllər biz Mətbuat Şurası olaraq dəfələrlə xəbərdarlıq etmişik. O baxımdan hüquq-mühafizə orqanlarının üzərinə öhdəlik düşür ki, bu cür neqativ hallara qarşı onlar da ölçü götürmüş olsunlar. Əgər bu cür şəxslər medianı özünütənzimləmə qurumlarının konkret olaraq, Mətbuat Şurasının, Audiovizual Şuranın tövsiyyələrinə vaxtında əməl etsələr iş də gəlib hüquqi ölçü müstəvisinə çıxmaz. Məsələnin digər yanı ondan ibarətdir ki, indi bu reketçilik həm də cəmiyyətdə dövlət təhlükəsizlik baxımından müəyyən problemlər yaradır. O baxımdan artıq bu cür şəxslər haqqında təkcə ictimai qınaq və özünütənzimləmə qurumunun rəyi yetərli hesab olunmur. O baxımdan deməli hüquq-mühafizə orqanlarında müəyyən ölçü götürülməsi qaçılmaz olur"deyə Mətbuat Şurasınnı sədr müavini bildirir.

Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

Bu deyilənlərlə bağlı Azərbaycan Baş Prokurorluğundan şərh almaq mümkün olmayıb.

Baş Prokuror Kamran Əliyev deyir ki, "reket jurnalistikası" yalnız jurnalistikaya aid deyil.

"Reket jurnalistikası da şərti termindir. Əslində, burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələb etmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bu, jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, jurnalistika da deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik. Bu kimi faktları aşkarlayıb, şəxsləri məsuliyyətə cəlb edirik", deyə baş prokuror vurğulayıb.

Kamran Əliyev
Kamran Əliyev

Bundan əlavə Azərbaycan Baş Prokurorluğu sosial şəbəkə istifadəçiləri Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin iyulun 30-da yaydığı məlumatına görə, aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Qanunun tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib,” məlumatda qeyd edilir.

Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

XS
SM
MD
LG