Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi: İranın ali rəhbərinin nümayəndəsinin fikirləri hökumətin mövqeyini əks etdirmir


Müctəba Dəmirçili (Mənbə: IRNA)
Müctəba Dəmirçili (Mənbə: IRNA)

İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.

Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.

“İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”, Dəmirçili İRNA agentliyinə bildirib.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“29 dekabr 2024-cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatında qeyd edilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

"İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimizin qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub", nazirliyin xəbərində qeyd edilib.

Məlumatda vurğulanıb ki, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli Azərbaycana qarşı səsləndirdiyi fikirlər ilk dəfə deyil.

Sədrəddin Soltan deyib ki, Suriyada dekabrın 8-də Bəşar Əsəd rejimi süquta uğrayandan sonra Tehran hakimiyyəti qonşularına qarşı bir az da sərtləşib.

Onun fikirncə, Azərbaycan və Türkiyənin Suriyada birgə fəaliyyət göstərməsi barədə bəyanatlar, Azərbaycanın Suriya ilə diplomatik münasibətləri bərpa etmək və bu tip məsələlər Tehranı qıcıqlandırır.

Təhlilçi deyib ki, Ərdəbildəki toplantıda Azərbaycan rəhbərlərinə qarşı çıxışlar edilib və bu, İran televiziylarında canlı yayılıb.

“Hətta bu tədbirin keçirilməsi ilə bağlı elan, anons İranın rəsmi agentliklərində verilib. Bu onu göstərir ki, Tehran hakimiyyəti nə qədər münasibətləri normallaşdırılmasını istəsə də, rəsmi Bakıya qarşı bir o qədər sonrakı mərhələdə yenə səhvlərini davam etdirir. Niyə? Çünki Tehran hakimiyyəti nə müsəlmanla müsəlmandır, nə türklə türkdür, nə də normal qonşudur. Tehran hakimiyyəti panfarsizim, şovinizmlə idarə olunan bir rejimdir. Ərdəbildəki keçirilən tədbir də Tehran hakimiyyətinin Azərbaycana, Türkiyəyə qarşı ənənəvi ideoloji davranışının məntiqi nəticəsidir”, Soltan qeyd edib.

Turan İnformasiya Agentliyinin Siyasi şöbəsinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə İsrail-İran münasibətlərindəki silahlı qarşıdurmanın regiona təsirlərindən danışarkən bu məsələdə Bakının həssas davranmasının vacibliyini vurğulayıb.

"Təbii ki, İranda müəyyən qüvvələr İsrailin Azərbaycanda mövqeləri, obyektləri, buradan kəşfiyyat aparılması barədə fikirləri var. Bunlar uzun müddətdir ikitərəfli gərginliyə səbəb olub. Hal-hazırda elə bir təsirini görmürəm. Amma konflikt genişlənərsə, ikitərəfli zərbələr davam edərsə, bu, təbii ki, həm İrandan qaçqınların sayını artmasına səbəb ola bilər. Həm də ki, ölkədə stabilliyin pozulmasına səbəb ola bilər. Bu isə mütləq İranın öz qonşuları ilə münasibətlərinə təsir edə bilər", Hacıyev deyib.

Şahin Hacıyev İsrail-İran qarşıdurmasının mümkün fəsadları haqda danışır
please wait

No media source currently available

0:00 0:08:06 0:00

Təhlilçi silahlı münaqişə baş verdiyi təqdirdə yarana biləcək humanitar böhrana diqqət çəkib. Onun sözlərinə görə, mümkün pproblemlərdən biri qaçqın axını ola bilər. Digər tərəfdən böhran ticarət münasibətlərinin kəsilməsinə və iqtisadi çətinliklərə yol aça bilər.

"Humanitar problem bundan ibarət ola bilər ki, İranda yaşayan milyonlarla azərbaycanlı zərər çəkə bilər. Bu da Azərbaycanda İsrailə qarşı münasibəti gücləndirə bilər. Eyni zamanda da Azərbaycan və İsrail arasında gərginliyə səbəb ola bilər", o deyib.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

İran Ədliyyə Nazirliyi 2024-cü ilin yanvarında cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarıldığını bildirsə də hökümn icra edilməsi barədə hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, son iki ildə iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Həmçinin ötən il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.

İranın yeni prezidenti seçiləndən sonra, ötən ilin sonlarında Azərbaycanın İrandakı səfirliyi diplomtik fəaliyyətini bərpa edib. Tehrandakı Azərbaycan konsulluğu fəaliyyətə başlayıb.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG