Accessibility links

Azərbaycan İranda məscidə silahlı hücumu qınayır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Avqustun 13-də İranın cənubunda, Şiraz şəhərindəki Şah-Çıraq məscidinə silahl hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə İranın Fars əyalətinin baş prokuroru Kazım Musəvi bildirib.

Onun sözlərinə görə, Şah-Çıraq məscidinə hücumda əli olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

“Məqbərəyə atəş açan əsas terrorçu dərhal tutularaq istintaqa cəlb edilib,” prokuror qeyd edib.

Xatırladaq ki, bu, İranın Şah-Çıraq məscidinə ikinci silahlı hücum hadisəsidir. 2022-ci il oktyabrın 26-da Şiraz şəhərindəki Şah-Çıraq məscidi ərazisinə silahl hücum zamanı 13 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan “terror aktını” şiddətlə qınayıb.

“Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün forma və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, Azərbaycan Xarici İşlər Naizrliyi X (keçmiş twitter) platformasında məlumat yayıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, İranın Şah-Çıraq məscidinə son bir neçə ayda ikinci silahlı hücum baş verib.

“Bu silahlı hücumu İŞİD-in üzərinə götürməsi ilə bağlı xəbərlər yayılıb. Bundan əvvəlki silahl hücumda Iran hakimiyyəti Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarının terror törətdiklərini iddia edirdi. Amma, həmin insanlar cəzalandırılanda Azərbaycan vətəndaşının kimliyi deyilmədi. Bu hadisədən sonra İran hakimiyyətinin həmin ərazidə təhlükəsizlik tədbirlərini gücləndirməməsi və hücumu təşkil edənin ələ keçirilməsi bir sıra şübhəli məqamları üzə çıxarır”, o qeyd edib.

Sədrəddin Soltan
Sədrəddin Soltan

Sədrəddin Soltan ehtimal edir ki, belə silahlı hücumu Tehran hakimiyyəti və yaxud İranın müxtəlif xüsusi xidmət orqanları təşkil edir.

“Düşünmək olar ki, İran hakimiyyəti bu cür hücumlarla cəmiyyətdə xofu artırır. Bu xof nədən ibarətdir? Bu xof İŞİD-dən ibarətdir. Çünki İŞİD-in Suriyada, İraqda törətdiyi hadisələr bütün dünyaya məlumdur. İran hakimiyyəti İŞİD-lə ölkə ictimaiyyətini təhdid edir ki, əgər İŞİD-in törətdiyi hadisələrə cəmiyyət laqeyd qalarsa İran da Suriyanın düşdüyü duruma düşə bilər”, o qeyd edib.

Təhlilçi Tehran hakimiyyətinin oxşar silahlı hücumları bundan öncə də həyata keçirdiyini düşünür.

“Məsələn, İran hakimiyəti bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirib. Terror hücumu elə hazırlanmışdı ki, hücumu həyata keçirən şəxs hətta mətbuat üçün açıqlama da vermişdi. Sonradan Tehran hakimiyyəti bu terror hücumunu məişət hadisəsi kimi qələmə verməyə çalışdı. Yaxud illər öncə Məşhəd şəhərində İmam Rzanın məqbərəsində də terror hadisəsi baş verdiyi iddia olundu. Həmçinin İranda digər məscidlərə də vaxtaşırı silahlı hücumlar olur. Bunlar göstərir ki, İranda bu tip silahlı hücumların baş verməsinin heç də terror kimi xarakterizə edilməsi məntiqli deyil. Çünki hakimiyyət vəziyəti nəzarətində saxlamaq üçün və yaxud regionlarda sərt tədbirlər həyata keçirmək üçün belə üsullardan istifadə edir”, Soltan deyib.

Təhliçi hesab edir ki, Şah-Çırağa silahlı hücum Tehran rejiminin Fars əyalətində, xüsusilə Şirazda rejimi sərtrləşdirmək üçün həyata keçirdiyi bir olaydır.

Forum

XS
SM
MD
LG