Accessibility links

Baş nazir Əli Əsədov İran Prezidentini Azərbaycana səfərə dəvət edib


Azərbaycan Baş naziri Əli Əsədov və İran Prezidenti Məsud Pezeşkian
Azərbaycan Baş naziri Əli Əsədov və İran Prezidenti Məsud Pezeşkian

İyulun 31-də İranda işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, Əsədov bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Məlumatda deyilir ki, görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan Baş naziri Əli Əsədov və İran Prezidenti Məsud Pezeşkian
Azərbaycan Baş naziri Əli Əsədov və İran Prezidenti Məsud Pezeşkian

Bundan öncə, iyulun 30-da Əsədov İranın Birinci vitse-prezidenti Mohammadreza Areflə görüşüb.

İRNA agentliyi bildirir ki, Mohammadreza Arefi İranın Azərbaycanla münasibətlərinin möhkəmlənməsini yeni hökumətin rəhbərliyi altında ən strateji siyasətlərdən biri hesab etdiyini deyib.

“Ümid edirik ki, İranda prezidentlik dövrünün bu yeni müddətində hər ikisi dost, qardaş və qonşu olduğu üçün iki ölkə arasında münasibətlər ən yaxşı səviyyədə olacaq. Aramızda yalnız coğrafi sərhəd var. Amma bizim qardaşlıq üçün sərhədimiz yoxdur. Sərhədin hər iki tərəfində yaşayan insanlar qardaş, qohum və dostdurlar. Gələcəkdə iki ölkə arasında münasibətlərin səviyyəsinin yaxşılaşdırılması üçün hansı tədbirlərin görülməli olduğunu araşdırmalıyıq", İRNA agentliyi Arefdən sitat gəlib.

O, keçmiş Prezidenti İbrahim Rəisiyə istinad edərək deyib ki, mərhum prezidentin sərhəd layihəsinin açılışı üçün həmin bölgəyə getməsinin səbəbi İranın bütün iqtisadi, siyasi və ticarət sahələrində qonşuları ilə strateji əlaqələrə sadiq olmasının mesajı idi.

Azərbaycan Baş naziri Əli Əsədov və İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref
Azərbaycan Baş naziri Əli Əsədov və İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref

Aref həmçinin yüksək vəzifəli şəxslərin iştirakı ilə Tehranda və ya Bakıda toplaşacaq birgə komissiyada iki ölkənin maraq doğuran məsələlərini ən tez zamanda qiymətləndirmək və izləməyin lazım olduğunu vurğulayıb.

"Xudafərin” layihəsinə istinadən birinci vitse-prezident bildirib ki, bu layihə “İranın iki əziz qonşuları olan Azərbaycan və Ermənistan arasında münaqişənin” həllinə kömək etmək üçün həyata keçirilib.

“İndi isə bu iki ölkənin sülh prosesi davam edir və arzu olunan nəticəyə doğru inkişaf edir. Biz iki qonşu ölkə arasında mövcud olan problemlərin həllinə kömək edən 3+3 mexanizmini və istənilən digər mexanizmi qətiyyətlə dəstəkləyirik", o bildirib.

Birinci vitse prezident daha sonra deyib: “Biz hesab edirik ki, regional məsələlər əlavə regional güclərin müdaxiləsi olmadan qonşular və regional güclərin özləri arasında qarşılıqlı düşüncə və qarşılıqlı əlaqə ilə həll olunmalıdır”, o qeyd edib.

Əsədov görüş zamanı İran prezidenti Məsud Pezeşkianı Bakıya səfərə dəvət edib.

Əsədov Azərbaycanın Tehrandakı səfirliyinin açılmasına toxunaraq deyib: “Ümid edirik ki, iki ölkə arasında münasibətlər həmişə olduğu kimi, dostluq və mehribanlıq əsasında sabit qalacaq”, İRNA agentliyi Əsədovdan sitat gətirib.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında isə deyilir ki, Birinci vitse-prezident Məhəmməd Reza Areflə görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycanın Baş naziri Əli Əsədov prezident Məsud Pezeskianın andiçmə mərasimində iştirak etmək üçün iyulun 30-da Tehrana səfər edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG