İranın ali dini lideri Ayətullah Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini deyib.
“İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik,” Ali dini lider X səhifəsində yazıb.
İranın dövlət xəbər agentliyinin (İRNA) məlumatına görə, iyulun 30-da Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Ayətullah Xamenei Yerevanla münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını deyib.
“İki ölkə arasında əməkdaşlıq başqalarının siyasətindən asılı olmayaraq, müəyyən edilmiş qarşılıqlı maraqlar əsasında intensiv şəkildə davam edəcəkdir”, Xamenei vurğulayıb.
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehranda işgüzar səfərdə olan Nikol Paşinyan Pezeşkian ilə də görüş keçirib.
İranın ali dini rəhbərinin və yeni seçimiş prezidentinin baş nazir Paşinyanı qəbul etmələrinə baxmayaraq, Tehranda səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədovu qəbul etməmələri diqqət çəkib.
İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edən Azərbaycanın baş naziri Əli Əsədov iyulun 30-da İranın yeni təyin olunmuş birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Bu ayın əvvəllərində İranda keçirilən seçkidə qalib gəldikdən sonra Məsud Pezeşkian çərşənbə axşamı parlament qarşısında ölkənin yeni prezidenti kimi and içib.
Forum