Siyasi tədqiqatçı, Vudro Vilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzinin məzunu Çingiz Məmmədov Amerikanın Səsinə müsahibəsində İranda prezident seçkiləri və bu ölkənin regional maraqlarından danışıb.
Amerikanın Səsi: İyulun 5-də İranda prezident seçkilərinin ikinci turu olacaq. Əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilər zamanı İranda daxili siyasi münasibətlərdə elə də akivlik hiss edilmir. Sizcə bunun səbəbi nədir?
Çingiz Məmmədov: Zənnimcə bunun bir neçə səbəbi var. İlk növbədə biz 1979-cu il islam inqilabına qayıtmalıyıq. O inqilabda müxtəlif qüvvələr birləşmişdi. Bilirik ki, inqilab ilk mərhələdə islam inqilabı deyildi. Sağçı maoistlərdən tutmuş, solçu marksistlərə kimi, o cümlədən də islamistlər hamı birləşmişdi. Ancaq islamçılar qalib gəldi. Zənnimcə islamçılar iki səbəbdən qalib gəldi. Birincisi ideya var idi. İkincisi təşkilatlanmışdılar. Şah rejimi nə qədər repressiv olsa da, hər halda məscidlərə qarşı heç nə edə bilməzdi. Çünki məscidlər bir institut kimi mövcud idi. Amma hər bir inqilabın bir dövrü olur. İdeyanın yaşaması dövrü olur. Bilirik ki, 1917-ci ildə oktyabr inqilabı baş verdi. Ancaq artıq 70-ci illərdə, 80-ci illərin əvvəllərində bu ideya korşalmışdı. İranda da həmin proses gedir. İrandan kənarda yaşayan iranlılarla çox söhbətlər edirəm. Onların heç birində dinə meyllilik hiss etməmişəm. Yəni İranda din institut kimi nüfuzunu itirib. Ali dini rəhbərin özü din xadimidir. Bütün din xadimləri yüksək postlar tuturlar. Ancaq din ideya kimi cəmiyyətdə işləmir. Problem ondan idarətdir ki, İranda hazırda ayrı ideya da görünmür. Niyə? Çünki Qərbin liberal ideyası da artıq qabaqkı kimi təsiredici deyil. Demək, ABŞ-dakı seçkilərdə də biz görürük ki, iki yaşı xeyli ötmüş namizəd var. Yəni bu qədər əhalisi olan Amerikada siyasi qüvvələrin başqa namizədi tapılmadı? Avropada da sağçı ideyalar artıq inkişaf edir. İranda bir növ ideyasızlıq mühiti yaranıb. Belə şəraitdə təbii ki, insanlarda inamsızlıq yaranır. Onlar artıq əvvəlki ideyanın da arxasınca getmək istəmirlər, amma cəmiyyətdə hələ yeni ideya da görünmür. Ona görə, zənnimcə bax bundan irəli gəlir. Məsələn, inqilabların əsas qüvvəsi nədən ibarətdir? İnsanlar özlərini iştirakçı hesab edirlər. Hesab edirlər ki, onlar tarixi həll edirlər. Milyonlarla insan bu ideyanın arxasınca gedir. İranda artıq bu qalmayıb. Ona görə də zənnimcə İrandakı passivlik bundan irəli gəlir.
Amerikanın Səsi: İranda prezident seçkilərinin hökumət-xalq, həmçinin hökumətlə ölkədə yaşayan etnik, milli azlıqların münasibətlərinə təsirləri varmı?
İranda din ideya kimi cəmiyyətdə işləmir. Problem ondafır ki, İranda ayrı ideya da görünmür. Niyə? Çünki qərbin liberal ideyası da artıq qabaqkı kimi təsiredici deyil.
Çingiz Məmmədov: Zənnimcə var. Əgər İranda son illərin hadisələrinə fikir versək, görərik ki, əsas etirazlar milli azlıqların yaşadıqları ərazilərdə olub. Bəlicistandır, ərəblər, kürdlər yaşayan ərazilərdir. Müəyyən dərəcədə də azərbaycanlılar yaşayan ərazilərdə baş verib. Niyə, müəyyən dərəcədə? İş elə gətirib ki, İranda həmişə iki etnik qüvvə, - farslar və türklər (yəni azərbaycanlılar) aparıcı olub. Onlar hakimiyyətin bütün qollarında təmsil olunub. Digərləri hesab edirlər ki, onların dövlətdə rolu, sözü kifayət qədər keçmir. Təbii ki, üstəlik də onların milli mədəniyyətləri inkişaf etmək üçün imkan tapmır. Ona görə də, təbii ki, burada etnik faktor rol oynayır. İkinci sual bundan ibarətdir ki, Məsud Pezeşkiyan 2013-cü ildə də, 2021-ci ildə də prezidentliyə namizədliyini vermişdi. 2013-cü ildə namizədliyini başqa namizədin xeyrinə geri götürmüşdü. 2021-ci ildə Ali Dini Şura onu seçkiyə buraxmadı. Yəni namizəd kimi qeydiyyata almadı. Ancaq 2024-cü ildə bunu etdi. Bunun hansı səbəbi ola bilər? Burada bir neçə səbəb ola bilər. Birincisi, ən inanılmaz olan, ehtimalı az olan təsadüfdir. Ancaq belə şəraitlər də təsadüfi rol oynamır. İkincisi, deyirlər ki, bunun vasitəsi ilə onsuz da seçkilərdə az olan iştirakı artırmaq istəyirlər. Bir növ etnik azərbaycanlıları seçkilərə cəlb etmək var. Biz bilirik ki, Təbrizdə seçici iştirakı 30 faizə yaxın olub. Bu o biri milli ərazilərdən xeyli çoxdur. O biri milli ərazilərdə seçici iştirakı 15-20 faiz civarında olub. Mənim təsəvvürümdə Pezeşkiyanı seçkiyə buraxmaq bilavasitə Azərbaycan Respublikasında baş verən hadisələrlə bağlıdır. Yəni Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməsi ilə bağlıdır. Burada bir neçə səbəb ola bilər. Birincisi, İran etnik azərbaycanlının hakimiyyətə gəlməsi vasitəsi ilə Azərbaycan Respublikasında olan mövqelərini gücləndirmək istəyir. Azərbaycan Respublikası ilə Cənubi Azərbaycan (İran Azərbaycanı-red) bir növ elə bil birləşik qablardır. Bunların bir-birinə təsiri var. Amma kimin kimə daha çox təsir etmək imkanı zaman-zaman dəyişir. Vaxt var idi ki, xüsusilə də SSRİ dağılandan sonra İranın islamçı təbliğatı Azərbaycan Respublikasında işləyirdi. Bilirik ki, Azərbaycanda iranpərəst ərazilər var idi, Azərbaycan mətbuatında, hərdən ictimai rəydə də iranpərəst mövqelər olurdu. Amma zənnimcə, xüsusilə bu 44 günlük müharibədəki qələbədən, ərazilər azad olunduqdan sonra Azərbaycan Respublikasının cənubi Azərbaycandakı təbliğatı daha güclü işləyir. Ona görə, zənnimcə ola bilsin ki, İran rəhbərliyi, ali rəhbər Əli Xameneyi istəyir ki, bu namizədin seçilməsi ilə Azərbaycan Respublikasına təsir etsin. Amma zənnimcə artıq cənubi Azərbaycanda etnik azərbaycanlıların oyanmış hissləri əks prosesə gətirə bilər. Əksinə cənubi Azərbaycanda azərbaycanlıların milli hissləri daha da güclənə bilər.
Amerikanın Səsi: İran seçkiləri bu ölkənin regional siyasətinə hansı yeni təsirlər gətirə bilər. Seçkilərdən sonra İranın İsrail-HƏMAS müharibəsinə münasibətində fərqli yanaşma ola bilərmi?
Çingiz Məmmədov: Bilirsiniz ki, İranda siyasətin, o cümlədən xarici siyasətin əsas istiqamətlərini ali rəhbər Əli Xameneyi təyin edir. Ona görə, köklü dəyişikliklər gözləmirəm. Ümumiyyətlə İranda tez dəyişikliklər gözləmirəm. Azərbaycanda bir növ xüsusilə Məsud Pezeşkiyanın namizəd kimi qeydə alınması, sonra birinci turda qalib gəlməsi bir az böyük entuziazmla (güclü istək-red) ilə qarşılanıb. Zənnimcə İranda tez dəyişikliklər gözlənilmir. Onlar tədricən baş verəcək. Ancaq eyni zamanda qeyd edim ki, zənnimcə İranda dəyişikliklər başlayıb və onun sürəti artacaq. Ona görə HƏMAS məsələsində böyük dəyişiklik gözləmirəm. Orada əsas rol oynaya biləcək şərt İranın iqtisadi imkanlarının zəifləməsi ola bilər. Bu isə neft gəlirlərinə bağlıdır. Ancaq, ən çox təsir göstərə bilən amil İranın təbliğat alətlərinin aradan qaldırılması olar. Məsələn, onlardan ən güclüsü indi Fələstin məsələsidir. Əgər Qərb İrana müsbət mənada güclü təsir göstərmək istəyirsə, ilk növbədə Fələstin məsələsini həll etməldiir, Fələstin dövləti yaranmalıdır. ABŞ Netanyahunun qeyri-şərtsiz dəstəklənməsinə son qoymalıdır.
Amerikanın Səsi: İranın Qırmızı dənizdə beynəlxalq tranzit daşımalarına təsirlərini necə qiymətləndirirsiniz? Perspektivlər necə görünür?
Çingiz Məmmədov: Elə bu da qabaqkı sualınızla bağldır. Husilərin hərəkəti nə ilə qidalanır? Yenə də ABŞ çox qəribə yanaşır. Bəzi əməlli-başlı diktator dövlətləri özlərinə dost sayırlar, bəzilərini isə, ondan xeyli demokratik ölkələri düşmən. Məsələn, bütün tənqidlərə baxmayaraq İran müəyən mənada Səudiyyə Ərəbistanından daha demokratik ölkədir. Bütün göstəricilərə görə belədir. İstər qadına münasibət olsun, istər ölkədəki seçki prosesi, müəyyən azadlıqlar olsun, idarəetmə sistemi olsun. Ancaq Qərbin təbliğatına baxsaq, əsas tənqid atəşi İrandır. Qərbin belə yanaşması ilə ekstremist hərəkatlar qidalanır, o cümlədən husilər tərəfindən qidalanır. Zənnimcə həm Fələstin məsələsi həll olunsa, həm də ABŞ Yaxın Şərqə bir qədər az müdaxilə etsə, yaxşı olar.
Amerikanın Səsi: İranın Şərq-Qərb və Şimal-Cənub dəhlizində maraqları barədə nə deyə bilərsiniz? Bu maraqlar baxımından İranın Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasına münasibəti Qərbin maraqları ilə toqquşa bilərmi?
Çingiz Məmmədov: Burada bir neçə paralel proseslər gedir. İlk növbədə Şimal-Cənub dəhlizindən söhbət gedir. Burada söhbət Rusiya və İranın maraqlarından gedir. Bu yol isə Azərbaycandan keçir. Əgər biz Qərb-Şərq dəhlizindən danışsaq, yenə də yol Azərbaycandan keçir. Siz fikir verin Ceyms O`Brayn (ABŞ Dövlət katibinin köməkçisi-red) bu yaxınlarda Azərbaycana gəldi. O, Konqresdəki çıxışında da dedi ki, Zəngəzur dəhlizi ABŞ üçün böyük əhəmiyyət kəsb edir. İş burasındadır ki, bu saat Zəngəzur dəhlizinin açılmasını bütün əsas qüvvələr istəyir. Amma hamısı öz nəzarətində olmasını istəyir. Məsələn, İran o qədər də marağında deyil. Nə üçün? İran istəyərdi ki, Şərqdən-Qərbə, Qərbdən-Şərqə gedən dəhliz məhz onun ərazisindən keçsin. Həm iqtisadi gəlir əldə etsin, eyni zamanda nəzarət mexanizmi əlində olsun. Bu, çox böyük siyasi qüvvədir. Təbii ki, Azərbaycanın maraqları tələb edir ki, bu qərb dövlətlərinin də nəzarətində olmasın. Fikir verin. Qərb dövlətləri Ermənistan vasitəsi ilə Zəngəzur koridoruna nəzarət etmək istəyir. Onların bütün addımları buna yönəlib. Zənnimcə bu da bir növ Azərbaycana təsir alətidir. ABŞ-a o qədər də baş ucalığı gətirmir. Azərbaycanla digər münasibətlər qurulsa, daha yaxşı olar.
Forum