Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə müsahibəsində İranda prezident seçkiləri və bu ölkənin regional siyasətindən danışıb.
Amerikanın Səsi: İranda prezident seçkiləri bu ölkənin daxili durumuna necə təsir edəcək?
Aqşin Kərimov: İrandakı prezident seçkilərinin ölkənin daxili durumuna, iqtisadi, sosial problemlərin həllinə böyük miqyasda təsir edəcəyini proqnozlaşdırmıram. Hərçənd ki, İranda prezidentliyə namizədlər iqtisadi-sosial proqramlarla seçicilərin rəğbətini qazanıb səs almaq istəyirlər. Amma bununla belə düşünmürəm ki, İranda sosial-iqtisadi durum fantastik dərəcədə dəyişə bilsin. Bunun bir neçə səbəbi var. Birincisi ona görə ki, İran hələ də beynəlxalq sanksiyalar altındadır. İkincisi, İranda hakimiyyət daxilində gedən rəqabət bir qrupun kəskin varlanması, digər bir sosial qrupun kasıblaşmasına gətirib çıxarır. Ona görə də İranda kimin prezident olmasından asılı olmayaraq hər hansı bir ciddi dəyişikliyin olacağını gözləmirəm. Eyni zamanda İranda mühafizəkar qayda-qanunun da hökm sürəcəyini proqnozlaşdırıram.
Amerikanın Səsi: İran seçkiləri bu ölkənin xarici siyasət kursunda yeni çalarlar yarada bilərmi?
Aqşin Kərimov: İranda prezidentlik institutu ölkənin xarici siyasətini müəyyənləşdirən əsas faktorlardan biri deyil. Prezidentlik institutu daha çox iqtisadi proqramlar təqdim edir, ölkənin iqtisadi durumunun düzəldilməsinə çalışır. İranın xarici siyasətini müəyyənləşdirən ali dini rəhbər və eyni zamanda SEPAH-dır. Onların iradəsindən kənar prezidentlik institutunun xarici siyasətdə kəskin “U” dönüşü edə biləcəyini gözləmirəm. Çünki İranın maraq və ambissiyaları kimin prezident olmasından asılı olmayaraq dəyişən deyil. İranın Yaxın Şərqdəki maraqları, proksi qüvvələri, eyni zamanda İranın Cənubi Qafqazdakı siyasəti hər hansı dəyişkliyə məruz qalmayacaq.
Amerikanın Səsi: İranın Azərbaycana qarşı münasibətlərində illərdir davam edən gərginlik son zamanlar sanki mülayim tonla əvəzlənib. Bunun səbələri nədir?
Aqşin Kərimov: İran region ölkəsidir. Azərbaycanla hədsiz dərəcədə gərginlik ona sərf etmir. Eyni zamanda bu Azərbaycanın da maraqlarına uyğun deyil. Başqa nöqteyi nəzərdən Rusiyanın da marağı olduğu Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycan tranzit ölkədir. Azərbaycandan keçməklə Rusiya İran vasitəsilə öz mallarını beynəlxalq arenaya çıxarmaq istəyir. Bu, Rusiya üçün alternativ nəfəslikdir. Ona görə də Rusiya İran və Azərbaycan arasındakı gərginliyin hədsiz dərəcədə olmasında maraqlı deyil. Moskva Bakı və Tehran arasında üzdə görünməyən vasitəçilik səyləri ilə müəyyən barışığa nail olub. Eyni zamanda onu da düşünmək lazımdır ki, Azərbaycanla İran arasındakı gərginlik, hər hansı bir müharibə ritorikası ABŞ-ın maraqlarına da cavab vermir. Bununla belə ABŞ Azərbaycan-İran gərginliyində Azərbaycanın maraqlarını həmişə müdafiə edib. Bundan sonra da müdafiə edəcək. Mən düşünürəm ki, gələcəkdə Rusiya-İran-Azərbaycan əməkdaşlığı qərbdə bir qısqanclıq yarada bilər. Amma bununla belə düşünürəm ki, NATO, ABŞ Azərbaycanı heç zaman İranın ayağına verməz.
Amerikanın Səsi: İsrail-HƏMAS qarşıdurması və Qafqaz regionunda baş verən son hadisələr İranın Cənubi Qafqaz ölkələrinə münasibətində hansı dəyişikliklər yaradıb? Bu ölkənin Cənubi Qafqazda mövqeləri əsasən hansı güclərin mövqeləri ilə uzlaşmır?
Aqşin Kərimov: İranın Yaxın Şərqdəki siyasəti onun Cənubi Qafqazdakı siyasəti ilə bir zamanlar uzlaşdırılırdı. Lakin İsrail-HƏMAS müharibəsi başlayana qədər Azərbaycan regionda separatizmə son qoydu. Yeni geosiyasi reallıqlar yaratdı. Bu reallıqdan sonra İranın başı daha çox Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsinə qarışdı və Cənubi Qafqazda Tehranın müqvimət oxu yarada bilmək potensialı tükəndi. Bunun bir səbəbi də Azərbaycanın İranın ideoloji şəbəkəsinə qarşı apardığı güclü əməliyyatlar, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları, eyni zamanda ideoloji cəbhədə onların sıradan çıxarılması Azərbaycanı üstün mövqelərə çıxardı. Bununla belə İranın Cənubi Qafqaz siyasətində ciddi dəyişiklik yoxdur. Yəni ən azı onların planlarında Cənubi Qafqaz məkanında müqavimət oxu yaratmaq niyyəti mövcuddur. Bu niyyətləri yerinə yetirəcəkmi? Düşünürəm ki, daha çox hadisələr Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı üzə çıxacaq. İran hələlik Azərbaycan-Ermənistan sülh müqaviləsi layihə ilə bağlı əvvəlki sərt ritorikasını nümayiş etdirmir. Bunun bir səbəbi də Azərbaycan və İran arasında yumşalma prosesinin getməsi, eyni zamanda yeni regional əməkdaşlıq formatının yaradılmasıdır. İran bu formatdan qazanc əldə etmək istəyir. İranın hələ də planları mövcuddur. O planların həyata keçirilməsi geosiyasi şəraitdən, Yaxın Şərqdə baş verən proseslərin nəticələrindən aslıdır.
Forum