Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri qarşılıqlı əlaqələrdəki son durumu müzakirə edib


Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian

İyunun 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı iki ölkə arasındakı son gərgin durum müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

“Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub. Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, xəbərdə qeyd olunur.

İRNA agentliyi isə İran Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, İran və Azərbaycan xarici işlər nazirləri qarşılıqlı əlaqələrin son vəziyyətini müzakirə etmək üçün telefon danışığı keçirib.

"Hər iki baş diplomat Azərbaycan və İran arasında ikitərəfli sazişlərin icrasını müzakirə edib və Bakı ilə Tehran arasında gələcək də məsləhətləşmələr aparılmasını qeyd edib. İran və Azərbaycanın xarici işlər nazirləri iki qonşu ölkənin paytaxt şəhərlərində də ikitərəfli görüşlərin davam etdirilməsinə diqqət çəkib", məlumatda qeyd edilir.

Bayramov və Əmir Abdollahian bundan öncə aprelin 8-də və 14-də telefon danışığı aparıb.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.

Mövzuya uyğun

XS
SM
MD
LG