Accessibility links

İran rəsmisi Azərbaycan-İran münasibətlərinin gərgin olmasında İsraili günahlandırıb


Naser Kanani (Rəsmi foto)
Naser Kanani (Rəsmi foto)

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırmasına təəccübləndiyini bildirib. Bu, İranda Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitertinin tələbəsi Fərid Səfərlinin casusluq ittihamı ilə həbs edilməsindən sonraya təsadüf edir.

O, İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib.

"Azərbaycan xalqı azərbaycanlı qardaşlarına qucaq açan sivil və islam ölkəsi olan İrandan deyil, sinonist rejimdən qorxmalıdır", o twitter hesabında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 3-də Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

"Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur", Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

Nazirlik həmçinin, hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələrəninin tələb olunduğunu bildirir.

Xəbərdarlıqda deyilir ki, İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlaya bilər.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.

XS
SM
MD
LG