İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“29 dekabr 2024–cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib”, məlumatda deyilir.
Nazirliyin məlumatında qeyd edilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
"İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub", nazirliyin rəsmi xəbərində qeyd edilib.
Məlumatda vurğulanıb ki, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Rəsmi Tehran və Türkiyə bununla bağlı hələlik şərh bildirməyib.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli Azərbaycana qarşı səsləndirdiyi fikirlər ilk dəfə deyil.
“HƏMAS İsrailə hücum edəndən sonra İran hakimiyyəti özünə tərəfdaşlar toplamaq üçün müxtəlif vasitələrdən istifadə eləyir. Əvvəl ümumi çağırışlar edir. Özünə tərəfdaş toplaya bilməyəndə şantaja keçir. Başlayır Azərbaycanı və Türkiyəni şantaj etməyə. Guya İsrail təyyarələri Azərbaycan nefti ilə işləyir. Azərbaycan, Türkiyə İsrail ilə bütün əlaqələri kəsməlidir. Başlayırlar bu ölkələrə dərs verməyə. Seyid Həsən Ameli bu təbliğatın başçılarındandır”, o deyib.
Sədrəddin Soltan deyib ki, Suriyada dekabrın 8-də Bəşar Əsəd rejimi süquta uğrayandan sonra Tehran hakimiyyəti qonşularına qarşı bir az da sərtləşib.
Onun fikirncə Azərbaycan və Türkiyənin Suriyada birgə fəaliyyət göstərməsi barədə bəyanatlar, Azərbaycanın Suriya ilə diplomatik münasibətləri bərpa etmək və bu tip məsələlər Tehranı qıcıqlandırır.
“Ona görə də Tehran hakimiyyəti bu dəfə başqa formada məsələyə girişir. Bu nədir? Azərbaycan və Türkiyə arasında - Səfəvi və Osmanlı arasında olan müəyyən anlaşılmazlığı günümüzə daşımaqdır. Azərbaycan və Türkiyə arasında ixtişaş yaratmaq, bir-birinə qarşı nifrət hissi oyatmaqdır. Tehran hakimiyyəti bir il bundan qabaq HƏMAS-ı müdafiədə dünya müsəlmanlarını birliyə çağırırdısa, bu gün Tehran hakimiyyəti Azərbaycan və Türkiyə arasında “təriqətlərarası” məsələləri gündəmə gətirir və ziddiyyət yaratmaq istəyir”, Sədrəddin Soltan bildirib.
Ekspert deyir ki, Ərdəbildəki toplantıda bununla yanaşı Azərbaycan rəhbərlərinə qarşı çıxışlar edilib və bu İran televiziylarında canlı yayılıb.
“Hətta bu tədbirin keçirilməsi ilə bağlı elan, anons İranın rəsmi agentliklərində verilib. Bu onu göstərir ki, Tehran hakimiyyəti nə qədər münasibətləri normallaşdırılmasını istəsə də rəsmi Bakıya qarşı bir o qədər sonrakı mərhələdə yenə səhvlərini davam etdirir. Niyə? Çünki Tehran hakimiyyəti nə müsəlmanla müsəlmandır, nə türklə türkdür, nə də normal qonşudur. Tehran hakimiyyəti panfarsizim, şovinizmlə idarə olunan bir rejimdir. Ərdəbildəki keçirilən tədbir də Tehran hakimiyyətinin Azərbaycana, Türkiyəyə qarşı ənənəvi ideoloji davranışının məntiqi nəticəsidir”, ekspert əlavə edib.
Azərbaycan və İran əlaqələri
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
2023-cü il aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə həmin il mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2024-cü ilin yanvarında cinayəti tərödən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarılıb. Diplomatik mənbələrdən Amerikanın Səsinə bəlli olduğuna görə, hökm hələ icra edilməyib.
Bununla yanaşı, son zamanlarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.
Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.
Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Həmçinin bu il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.
Bununla yanaşı, ötən il Azərbaycanın İrandakı səfirliyi diplomtik fəaliyyətini bərpa edib. Tehrandakı Azərbaycan konsulluğu fəaliyyətə başlayıb.
Forum